DSX rəisi Vətən müharibəsində PUA-larla düşmənə vurulan zərbələrin detallarını açıqlayıb
Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya nümayiş etdirdi.
“Poliqon”un məlumatına görə, bu fikirlər Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan tarixinin ən böyük sərkərdəsi” başlıqlı məqaləsində yer alıb.
DSX rəisi bildirib ki, bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazılıb: “DSX-nin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd S-300 raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 291 düşmən hədəfi böyük məharətlə zərərsizləşdirildi.
Zəngilan rayonunda Bartaz yüksəkliyinin düşməndən azad edilməsi zamanı çevikçilərimizin atıcı silahlardan açdıqları atəş nəticəsində onların üzərinə həmlə edən düşmənin Su-25 hərbi təyyarəsi məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi güc dəmir tullantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı “Harop” və “Bayraktar-TB2” PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı”.
General-polkovnik E.Quliyev qeyd edib ki, DSX-nin Vətən müharibəsində tətbiq etdiyi bu yenilik dünya hərb məktəblərində müzakirə olunan mövzular sırasındadır: “Öz istismar müddətini başa vurmuş, mənəvi cəhətdən köhnəlmiş AN-2 təyyarələrinin modernləşdirilərək pilotsuz uçuş aparatı kimi müasir döyüş elementləri sırasına əlavə edilməsi peşəkar hərbi yanaşmanın ifadəsi oldu. Bu təyyarələrin xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri və digər strateji hədəfləri aşkarlanaraq zərərsizləşdirildi”.