Elçin Quliyev: Şuşanın azad edilməsində DSX-nin çevikçiləri də əsl qəhrəmanlıq göstəriblər
44 günlük Vətən müharibəsində Ali Baş Komandan tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqları uğurla icra olunub, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstəribər.
“Poliqon” xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev POLİQON jurnalına müsahibəsində Vətən müharibəsində DSX tərəfindən həyata keçirilən əməliyyatlardan danışarkən söyləyib.
“2020-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi.
Döyüş əməliyyatlarının başlanması əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. DSX-nin çevik hərəkət qüvvələrinin hərbi qulluqçuları müharibənin ilk günündən qızğın döyüş əməliyyatlarına qatıldılar. Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdilər.
24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etdilər, qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdılar, Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad etdilər. Ali Baş Komandanımız tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqları uğurla icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərdilər”, – deyə DSX rəisi general-polkovnik Elçin Quliyev bildirib.
DSX rəisi vurğulayıb ki, Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın ərazi bütovlüyünün bərpa olunması, işğal altında olan torpaqlarımızdan qovulmuş soydaşlarımızın öz tarixi yerlərinə qaytarılması üçün yorulmadan apardığı hərbi, siyasi və diplomatik mübarizə, qətiyyətli mövqeyi, Silahlı Qüvvələrimizin şücaəti, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi – 44 günlük Vətən Müharibəsində Ermənistan üzərində parlaq Qələbəni təmin etdi.
General-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş və ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km-dək sahəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğunu bildirib.
“Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya sübut edərək hərb sənətində döyüş taktikasının mənzərəsini tamamilə dəyişdi.
Müzəffər Ali Baş Komandanın bilvasitə rəhbərliyi altında Dövlət Sərhəd Xidmətində 2011-ci ildən başlayaraq uzun illər ərzində sistemli şəkildə düşünülmüş və həyata keçirilmiş hərbi quruculuq işləri, o cümlədən yeni döyüş metodları, şəxsi heyətin müasir silah və hərbi ləvazimatlarla komplektləşdirilməsi, təlimlərdə real döyüş təcrübəsinə önəm verilməsi sayəsində Böyük Zəfərin qazanalmasında Azərbaycan sərhədçilərinin rolu böyük oldu. Vətən müharibəsində meydana çıxan yeni yanaşmalar, fərqli taktika dünyanın böyük güclərini hərbi doktrinlərinə yenidən baxmağa sövq etdi”, – deyə DSX rəisi vurğulayıb.
General-polkovnik Elçin Quliyev bildirib ki, bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyük miqyaslı savaş kimi hərb tarixinə yazıldı: “DSX-nin “Harop,” “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd “S-300” raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 290 düşmən hədəfi bir-birinin ardınca məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi gücü dəmir tullantısına çevrildi.
Vətən müharibəsində DSX-nın tətbiq etdiyi digər yenilik də dünya hərb məktəblərində müzakirə olunan mövzular sırasındadır. Öz istismar müddətini başa vurmuş, mənəvi cəhətdən köhnəlmiş “AN-2” təyyarələrinin modernləşdirilərək pilotsuz uçuş aparatı kimi müasir döyüş elementləri sırasına əlavə edilməsi strateji bacarığın, peşəkar hərbi yanaşmanın rəmzinə çevrildi. Bu təyyarələrin xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri və digər strateji hədəfləri bir-bir aşkarlanaraq məhv edildi.
Azərbaycan sərhədçiləri tarixi Xudafərin körpüsünün, Zəngilan rayonunun və “Ağbənd” sərhəd zastavasının düşməndən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə etdilər. Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və sərhədçilərin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə möhtərəm cənab Prezidentin sərhədçiləri təbrik etməsi və bu təbrikinin bütün şəxsi heyətə çatdırılmasını tapşırması, Azərbaycan-İran sərhədinin tam bərpa olunması barədə məruzəni qəbul edərkən “AFƏRİN SƏRHƏDÇİLƏRƏ” deməklə təşəkkürünü bildirməsi böyük ruh yüksəkliyi ilə qarşılanaraq bizi yeni qələbələrə ruhlandırdı.
Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Qarabağın incisi və Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün oldu. 44 günlük Vətən savaşında həlledici qələbənin əldə olunması üçün strateji əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ilə yanaşı DSX-nin çevikçiləri də əsl qəhrəmanlıq və rəşadət nümunələri göstərdilər.
Azərbaycan dövlətçiliyinə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən və işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən hərbi qulluqçularımızın döyüş məharəti yüksək qiymətləndirilmiş, sərhədçilərimiz müxtəlif orden və medallarla təltif edilmişlər. Döyüş əməliyyatları zamanı rəşadət nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunmuşlar”.
Sonda onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev demişdi: “Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərimizin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm”.