Elektro-optik kəşfiyyat və müşahidə sistemləri – ANALİZ

Elektro-optik kəşfiyyat və müşahidə sistemləri – ANALİZ

Adi optika ilə yanaşı, səhra kəşfiyyatı qoşunları, piyada qoşunları, mühəndis qoşunları və xüsusi təyinatlılar uzun illərdir ki, müxtəlif elektro-optik sistemlərdən istifadə edirlər. Yeni elektro-optik sistemlər üç kateqoriyaya bölünür: qısa, orta və uzun mənzilli. Uzun mənzilli sistemlər səhra kəşfiyyatı bölükləri üçün təyin edilib. Orta mənzilli sistemlər artilleriya dəstəyi, piyada briqadalarının kəşfiyyat şirkətləri və xüsusi təyinatlılar tərəfindən istifadə olunur. Qısa mənzilli sistemlər isə piyada, mühəndis qoşunları və xüsusi təyinatlılar üçündür.

Bütün müasir elektro-optik sistemlərə GPS (Global Positioning System) qlobal mövqeləmə sistemi, kompas, gündüz və gecə görmə vasitələri, lazer məsafəölçən daxildir. Yəni sistemlərin hər biri eyni anda bir neçə fərdi cihazı əvəz edə bilir. Belə bir sistemdə hədəfi operatora təsdiq etmək üçün kodlaşdırılmış lazer şüasını müəyyən edə bilən izləmə cihazının olması da yaxşı fikirdir ki, bu da nəticədə təhlükəsizliyi artırır və kommunikasiya mübadiləsini azaldır.

Qeyd etmək lazımdır ki, sistemlərin hədəf təyinetmə tapşırıqları üzrə işləmə prinsipi oxşardır: GPS cihazın öz mövqeyini müəyyən etməyə imkan verir, kompas eyni cihazın gündüz və ya gecə görmə kameraları tərəfindən aşkar edilən hədəfə azimutu təyin edir, lazer məsafəölçən hədəfə qədər olan məsafəni ölçür və sonra cihaza quraşdırılmış hesablayıcı hədəfin koordinatlarını hesablayır.

Beləliklə, elektro-optik cihazları ümumiləşdirdikdə əsasən kombinələşdirilmiş (ayrı obyektivlərə sahib bir neçə kanalın eyni platformada birləşdirilməsi) və kompleksləşdirilmiş (ümumi obyektiv vasitəsilə müşahidə ilə kanalların birləşdirilməsi) sistemlərin üstünlük təşkil etdiyini müşahidə etmək mümkündür.

Ümumilikdə optik kəşfiyyat dedikdə, elekto-optik kəşfiyyat avadanlığının köməyi ilə obyektlər (hədəflər) haqqında məlumatların alınması başa düşülür. Hazırda qoşun kəşfiyyatının aparılması üçün radiolokasiya stansiyaları, döyüş və kəşfiyyat maşınlarının avadanlıqları ilə yanaşı müxtəlif növ optik və elektro-optik cihazlardan istifadə olunur.

Son dövrlərdə bir çox ölkələrdə müasir elektro-optik kəşfiyyat və müşahidə sistemləri yaradılmış və ordunun silahlanmasına qəbul edilmişdir. Yeni sistemlər üzərində işlərə 2000-ci illərin əvvəllərində başlanıb. Yeni sistemlər qeyd edildiyi kimi özündə müxtəlif cihazları birləşdirir və yerinə yetirdiyi tapşırıqlardan asılı olaraq qoşun növlərinin müxtəlif pillələrində uğurla tətbiq edilirlər. Yeni sistemlərin qoşunlarda tətbiqi bölmələrin və qərargahların daha dəqiq və dolğun məlumatlarla təmin olunmasında böyük rol oynayır. 44 günlük şanlı Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən belə sistemlərin tətbiqi sayəsində bölmələrimiz az itgilərlə düşmənə daha böyük zərbələr yetirməyə müvəffəq olmuşdur.

Bir qayda olaraq, bu cür sistemlərdə gecə və gündüz kanalları, GPS sistemi, rəqəmsal displeyli maqnit kompas və göz üçün təhlükəsiz lazer məsafəölçən var. Video çəkiliş, fotoşəkil, lazer hədəfgöstərici, həmçinin GPS siqnalı olmadıqda astronomik kompas kimi əlavə funksiyalar və alətlər əlavə edilə bilər. Kəşfiyyat və müşahidə sistemlərində termal görüntü və ya gecə kanalı əsas alt sistemlərdən biridir. Bu materialda belə sistemlərin bəzi nümunələrinə baxış sərgilənir.

6e7312661d11476890fc1d8bbe3c43a7 7364

“Şahingözü OD” elektro-optik sensor sistemi

21-ci əsrin ikinci onilliyi ərzində Türkiyənin ASELSAN şirkəti elektro-optik kəşfiyyat və müşahidə sistemləri sahəsində böyük uğurlara imza atmışdır. Şirkət termal sistemlər, lazer məsafəölçənlər, lazer hədəf göstəricilər, lazer xəbərdarlıq sistemləri, gündüz görüntü kameraları və görüntü gücləndiriciləri ilə gecə görmə cihazlarının layihələndirilməsi və istehsalı üzərində apardığı işlər sayəsində müştərilərinə elektro-optik sistemlərdə üstün imkanlar təqdim edir. ASELSAN şirkətinin məhsulu olan elektro-optik sistemləri quru, hava və dəniz platformalarında geniş istifadə olunur. Hazırda şirkət “ASIR” termal kamera, “DAS” paylaşılmış optik aperturalı kamera sistemi, “Dördgöz” termal kamera ailəsi, “Dragoneye” elektro-optik sensor sistemi, “Göz Seespot” termal görüntüləmə cihazı, “Göz” termal kamera ailəsi, “Güngör” gündüz kamerası, “Güngör HD” yüksək ayırdetmə qabiliyyətli gündüz kamerası, “Sonec” İP təhlükəsizlik kamerası, “Şahingözü” elektro-optik kəşfiyyat və müşahidə sistemi, “Şahingözü HD” yüksək ayırdetmə qabiliyyətli termal kamera, “Şahingözü IRST” yüksək ayırdetmə qabiliyyətli elektro-optik sensor sistemi, “Şahingözü OD” elektro-optik sensor sistemi və “Göz-SW” qısa dalğa infraqırmızı termal kamera kimi məhsullarla həm daxili, həm də xarici bazarda tərənnüm olunur. Bu məhsullar sırasında “Şahingözü” ailəsi özünəməxsus yerə malikdir.

“Şahingözü” elektro-optik kəşfiyyat və müşahidə sisteminə istifadəçiyə termal və gündüz kamerası, hədəf koordinatları, yan və yüksəklik bucağı məlumatı ilə təmin edən göz üçün təhlükəsiz lazer məsafəölçən, lazer hədəfgöstərici, GPS qəbuledicisi və rəqəmsal kompas daxildir. Sistem üç ayaqda istifadə oluna və asanlıqla istənilən platformaya inteqrasiya oluna bilir. Bütün funksiyalar idarəetmə bloku vasitəsilə idarə olunur. “Şahingözü” sistemi yerüstü müşahidə, sabit obyekt mühafizəsi, uzun mənzilli kəşfiyyat və müşahidə, dəqiq yerləşdirmə tələb edən əməliyyatlar, artilleriya və atəş dəstəyi sistemlərinin tərkibində istifadə olunur.

SAHINGOZU IRST – Yuksek Cozunurluklu Elektro Optik Sensor Sistemi

“Şahingözü IRST” elektro-optik sensor sistemi

Sistem şərait məlumatlığı, gündüz/gecə müşahidə və kəşfiyyat, sərhəd/sahil xəttinin təhlükəsizliyi, infraqırmızı və görünən işıq diapazonunda əməliyyatların yerinə yetirilməsi kimi özəl xüsusiyyətlərə sahibdir. “Şahingözü” elektro-optik kəşfiyyat və müşahidə sisteminin ümumi xüsusiyyətlərinə isə yüksək görünüş keyfiyyəti, yüksək dəqiqlik və doğruluq, ekranda təsvirin dondurulması ilə hədəf təhlili, elektron böyütmə, yüngül və kiçik quruluş, asan montaj, görüntü üzərində elektron simvolika və şəbəkə, özünənəzarət imkanı, xarici video çıxışı və konstruksiyanın MIL-STD-810 standartı ilə uyğunluğu daxildir. Sistemin ölçmə mənzili 20 km-ə, ölçmə dəqiqliyi 5 metrə bərabərdir. GPS sistemindən istifadə edərək, özünün yerləşdiyi yerin koordinatını maksimum 10 metr xəta ilə tapır.

“Şahingözü IRST” yüksək ayırdetmə qabiliyyətli (“High Definition”) elektro-optik sensor sistemi termal kamera yüksək ayırdetmə qabiliyyətli gündüz görmə kamerası və lazerlə işarələmə və/və ya məsafə ölçmə qabiliyyətinə malik yüksək imkanlı elektro-optik sensor sistemidir. O, 7 gün 24 saat ərzində istənilən açıq mühitdə 360° panoramik kəşfiyyat, müşahidə, hədəf aşkarlama, hədəf izləmə və koordinasiya təyinini təmin edir. Sistemdə yüksək ayırdetmə qabiliyyətli termal kamera, yüksək ayrdetmə qabiliyyətli gündüz kamerası, lazer məsafəölçən/işarələyici, yüksək dəqiqlikli sabitləşdirilmə ilə sükan idarəetməsi və təkmilləşdirilə bilən dirək nəzərdə tutulub.

Kəşfiyyat-müşahidə sistemləri baxımından geniş görmə sahəsinin olması böyük əhəmiyyət kəsb edir. “Şahingözü-IRST” sisteminin dar baxış sahəsi (Narrow Field of View – NFOV) digər sistemlərlə müqayisədə daha genişdir. Bu xüsusiyyət isə istifadəçiyə nəzarət baxımından əhəmiyyətli bir üstünlük təmin edir. Bundan başqa, yüksək sabitləşdirmə həssaslığı və avtomatik hədəf izləmə qabiliyyəti sayəsində sistem sensor blokunun quraşdırıldığı qalxan dirəyi yellənərkən və ya avtomobil hərəkət edərkən belə vibrasiyasız görüntünün alınmasını və hərəkət edən hədəfin lazerlə qeyd olunmasını təmin edir.

“Şahingözü-IRST” sistemi, istifadə təyinatından asılı olaraq avtomobilə inteqrasiya olunmuş qaldırılmış dirəkdə, hər hansı bir avtomobilin yedəkləyə biləcəyi qoşquda və ya sabit nöqtəyə yerləşdirilən ştativdə istifadə oluna bilər. Sistem sərhəd nəzarəti, sahil mühafizəsi, ön gözətçi və kəşfiyyat, şərait məlumatlandırılması, uzun mənzilli aşkarlama/diaqnoz/tanınma, təhlükəsizlik bölmələri tərəfindən istifadə oluna bilir. Sistemin əsas xüsusiyyətlərinə yüksək ayırdetmə qabiliyyətli termal/TV kamera, hədəfgöstərən məsafəölçən/işarələyici, ləngiməyən TV/Termal HD-SDI video çıxışı, modulluq, davamlıq və kompaktlıq, uzun mənzilli aşkarlama/diaqnoz/tanınma və 360⁰ perimetr nəzarəti aiddir.

Ümumi xüsusiyyətlər sırasına 8 – 12 um diapazonda infraqırmızı müşahidə, yaxın infraqırmızı zolağa həssas gündüz kamerası, görüntünün avtomatik və ya əl ilə yaxşılaşdırılması, hədəfin aşkarlanması və müşayiət olunması (opsional olaraq), KATS infraqırmızı axtarış və müşayiətetmə funksiyası, 360 dərəcə və maraq nəzarəti bölgəsi müşahidəsi, 2 m/3 m/5 m dirək hündürlüyü seçimləri, mobil kəşfiyyat tapşırıqlarında istifadə, sabit müşahidə və təhlükəsizlik tapşırıqlarında istifadə, özünənəzarət imkanı, məsafədən idarəetmə və nəzarət, inersial naviqasiya sistemi (İNS) ilə inteqrasiya imkanı (opsional), sabitləşdirilmiş sükan idarəetməsi, hərbi iqlim şəraiti standartlarında işləmə imkanı, istənilən növ enerji mənbəyindən qidalanmaq imkanı, xarici kamera/lazer məsafəölçən üçün tənzimlənən gücün yaradılması, xarici enerji təminatı ilə yüksək etibarlı fasiləsiz istifadə, hər növ ticari və hərbi təhlükəsizlik və müşahidə proqramı təminatı daxildir.

ATES 4x4 Zirhli Sinir Guvenligi Araci sahingoz OD

Nəqliyyat vasitəsi üzərinə quraşdırılan “Şahingözü OD” sensor sistemi

“Şahingözü OD” elektro-optik sensor sistemində tətbiq edilmiş yüksək effektivli termal kamera sayəsində sistem istifadəçiyə gündüz, gecə və əlverişsiz hava şəraitində görmə qabiliyyətini təmin edir. O, hədəf koordinatlarının yüksək dəqiqliklə aşkarlanmasını təmin edir və beləliklə, müxtəlif kommunikasiya vasitələri ilə müəyyən edilən bu koordinat məlumatının digər dəstək elementlərinə ötürülməsində aparıcı rol oynayır.  Üfüqi/şaquli istiqamətləndirmə bloku 360° perimetrə nəzarəti təmin etmək üçün öz aksesuarı ilə birlikdə istifadə olunur. “Şahingözü-OD” sistemi termal və gündüz kameralarının, lazer məsafəölçənin, rəqəmsal maqnit kompasın və GPS-qəbuledicinin inteqrasiya olunduğu elektro-optik sensor sistemidir. Sistemin əsas özəlliklərinə fasiləsiz böyütmə, avtomatik fokuslanma, davamlıq və yığcamlıq, portativ inteqrasiya edilmiş konstruksiya, məsafədən daxil olma və idarəetmə, uzun mənzilli aşkarlama/diaqnoz/tanınma və 360° perimetr nəzarəti daxildir. Lazer məsafəölçənin ölçmə məsafəsi ±5 metr sapma ilə 100-20000 metr təşkil edir.

“Şahingözü OD” sistemi istifadəyə uyğun fasiləsiz və əvvəlcədən təyin edilmiş baxış bucağı seçimi, elektron 2 dəfə böyütmə, görüntünün avtomatik optimallaşdırılması, görüntünün dondurulması, çoxsaylı alt bölmələrdən ibarət inteqrasiya edilmiş struktur, 3 – 5 µm infraqırmızı diapazonda işləyən termal kamera, görünən diapazonlu gündüz kamerası, kontrastlıq/parlaqlıq/qütbləşmə seçimi, görüntünü avtomatik və ya əllə yaxşılaşdırılması və fokuslanma, hədəf koordinatlarının yüksək dəqiqliklə müəyyən edilməsi, üçayaq və panoramalaşdırma və əyilmə qurğularında (Pan&Tilt) istifadə, özünə nəzarət imkanı, hərbi iqlim şəraiti standartlarında işləmə imkanı və xarici enerji təminatı ilə yüksək etibarlı fasiləsiz istifadə kimi ümumi xüsusiyyətlərə sahibdir.

Sistem sərhəd/sahil nəzarəti, uzun mənzilli kəşfiyyat tapşırıqları, təhlükəsizlik və şərait məlumatlılığı, uzun məsafədən nəzarət və təhlükəsizlik bölmələri üçün istifadə oluna bilir.

ASELSAN şirkəti tərəfindən yuxarıda sadalanan yerüstü elektro-optik kəşfiyyat və müşahidə sistemləri ilə yanaşı hava platformalı sistemlər də yaradılaraq istehsal olunur. Bunların sırasına pilotsuz uçuş aparatları (PUA) üçün “ASELFLIR-200” elektro-optik kəşfiyyat və müşahidə sistemi, “ASELFLIR-300T”  elektro-optik kəşfiyyat, müşahidə və tuşlama sistemi, “Mini Gimbal” elektro-optik kəşfiyyat və müşahidə sistemi, döyüş təyyarələri üçün “ASELPOD” təkmilləşdirilmiş hədəf asqısı elektro-optik kəşfiyyat, müşahidə və tuşlama sistemi, PUA, döyüş helikopter və təyyarələri üçün CATS elektro-optik kəşfiyyat, müşahidə və tuşlama sistemi, “Kırlanğıc” elektro-optik kəşfiyyat və müşahidə sistemi daxildir.

CATS e

“Bayraktar TB2” PUA üzərində CATS sistemi

Hazırda CATS sistemi 44 günlük Vətən müharibəsində özünü geniş tanıtmış “Bayraktar TB2” orta yüksəklikli əməliyyat-taktiki kəşfiyyat-zərbə PUA-sında tətbiq edilir. Bildiyiniz kimi, 44 günlük Vətən müharibə zamanı Kanada “L3Harris Wescam” şirkətinin istehsalı olan “WesCam” elektro-optik sistemlərini Türkiyəyə satmaqdan imtina etmişdir. Lakin indi Türkiyənin ASELSAN şirkəti CATS adlı elektro-optik kəşfiyyat, müşahidə və tuşlama sistemini istehsal edir. Qeyd edildiyi kimi, CATS, PUA, döyüş helikopterlər və təyyarələri daxil olmaqla, sabit və ya pərvanəli qanadlı hava platformaları üçün hazırlanmış yüksək qabiliyyətli elektro-optik kəşfiyyat, müşahidə və tuşlama sistemidir.

CATS tərkibinə optik və infraqırmızı kanalları olan kameralar, quraşdırılmış lazer məsafəölçən-hədəfgöstərici daxildir. Sistemin 220 mm çaplı ümumi optik aperturası, IR, HDTV, DI-NIR kameralarının dar görünüşü onun əsas xüsusiyyətlərinə aiddir. Lazer komponentinin məsafəölçmə/hədəfgöstərmə məsafəsi 25 km-dir. Bu sistem gecə-gündüz sabit və hərəkətdə olan yer hədəflərini aşkar etməyə, onları identifikasiya etməyə və lazer şüası üzərindən idarə olunan bombaları və raketləri tuşlamağa imkan verir.

atlas 2b urun 960x720 1

“ATLAS 2” sistemi

Türkiyənin “Fotoniks” Hərbi elektron və elektro-optik şirkəti tərəfindən “ATLAS 2” MKGS modul kəşfiyyat və müşahidə sistemi hazırlanıb. Sistem hədəflərin aşkar olunması, eyniləşdirilməsi və tanınması, hədəf koordinatlarının çıxarılması, hədəfi infraqırmızı diapazonda onun yerləşdirildiyi açılma yerlərinin göstərilməsi üçün təyin edilib. Bu, naqilli və naqilsiz idarə oluna bilən müasir kəşfiyyat, müşahidə və görüntü kəşfiyyatı sistemidir. Sistemin lazer şüası markalanma, ölçmə, işıqlandırma və ya tuşlama hədəflərində tutulduqda xəbərdarlıq edir, eyni anda görüntünü müxtəlif təsvir mənbələrinə ötürür.

Sistem istifadəçisinə hətta çətin iş şəraitində belə tapşırığa yüksək hazırlıq dərəcəsi təklif edir. O, buna özünün modul quruluşu, eləcə də sistem komponentlərinin etibarlılığı sayəsində nail olur. Sistemin əsas komponentlərindən biri sıradan çıxarsa, yalnız nasaz komponent sökülür və təmirə göndərilir, digər komponentlər xidmət etməyə davam edir.

atlas 2a urun 1 960x720 1

“ATLAS 2B” sistemi

Şirkətin kəşfiyyat müşahidə sistemi sahəsində ilk araşdırması olan “ATLAS 1” üzərində inkişaf etdirdiyi “ATLAS 2” məhsul ailəsi “ATLAS 2A” və “ATLAS 2B” sistemlərindən ibarətdir. “ATLAS 2A” sistemində yüksək xüsusiyyətlər seçilsə də, “ATLAS 2B” sistemi daha sərfəli həllə ehtiyacı olan istifadəçilər üçün nəzərdə tutulmuşdur. “ATLAS 2A” sistemində GPS, rəqəmsal maqnit kompas, lazer məsafəölçən, lazer hədəfgöstərici və lazer xəbərdarlıq sistemi birləşdirilib. Kütləsi 20 kq-dır. “ATLAS 2B” sistemində sadalananlardan yalnız lazer hədəfgöstərici yoxdur, qalan elementlər olduğu kimi qalır. Kütləsi 15 kq-dır. Lazer məsafəölçənin maksimal ölçmə məsafəsi 20 km, lazer hədəfgöstəricinin nöqtələmə məsafəsi 2 km-dir. Sistem insanı 13 km, texnikanı isə 20 km məsafədə aşkar edə bilir. GPS həssaslığı 2,5 mdetrdir.

İsrailin “Elbit Systems” şirkəti kosmos, hava, dəniz və quru tətbiqləri üçün qabaqcıl inteqrasiya olunmuş C4ISR həllərində liderdir. Kəşfiyyat, müşahidə və incələmə (ISR) sistemləri mürəkkəb, müxtəlif və fərqli məlumatları idarə edə bilən həllər tələb edən cari hadisələrə və döyüş tendensiyalarına birbaşa cavabdır. Qabaqcıl yüksək ayırdetmə qabiliyyətinə malik gündüz və gecə sensorlarından tutmuş ən müasir istismar və paylaşdırma mərkəzlərinə qədər bu sistemlər bütün cəbhələrdə qüvvələrin təkmilləşdirilmiş koordinasiyasını təmin edir.

Long View CR D elbit

“Long View CR-D” sistemi

Şirkətin “Long View CR-D” (LVCR-D) uzun mənzilli kəşfiyyat və hədəfgöstərmə üçün təkmilləşdirilmiş qabaqcıl həlli, “Atlas” ön müşahidəçi və hədəf aşkaretmə sistemi, “Long View CR/SW” (SWIR) təkmilləşdirilmiş uzun mənzilli portativ çoxfunksiyalı gündüz/gecə müşahidə və hədəf aşkaretmə sistemi və “LORROS” uzun mənzilli kəşfiyyat və müşahidə sistemi özünəməxsus yerə malikdir.

Qabaqcıl “Spot On Target” (SOT) texnologiyalı yüksək effektivli lazer hədəfgöstərici ilə birləşdirilmiş LVCR-D təkmilləşdirilmiş gündüz/gecə uzun mənzilli çoxfunksiyalı kəşfiyyat və hədəf aşkaretmə sistemi portativ və piyada əməliyyat üçün təyin edilib. LVCR-D yeni həlllər təklif edir: uzun mənzilli yüksək keyfiyyətli kəşfiyyat və müşahidə, həmçinin “SOT” yoxlama qabiliyyəti ilə uzun məsafəli işarələmə/markalama; hədəf diapazonuna görə lazer ləkəsinin ölçüsünün optimallaşdırılması; TI-dən LD-ə qədər “səhrada” nişangah mexanizmi.

Sistemin üstünlüklərinə sensor-atıcı dövrə vaxtının azaldılması, dəqiq hədəf təyinatını təmin edilməsi, SOT yoxlama qabiliyyəti sayəsində kənar ziyan ehtimalının kəskin şəkildə azaldıılması, həmçinin portativ və piyada əməliyyatları üçün quruluşunu aid etmək olar. Hədəf aşkaretmə məsafəsi 30 km-ə qədərdir. Sistem yüngül kəşfiyyat maşınlarında quraşdırıla bilir. Piyada əməliyyatlar üçün üçayaq üzərində quraşdırılır, məsafədən və ya əllə idarə olunur. Batareyadan qidalanma da daxil olmaqla əməliyyatları tam avtonom yerinə yetirir. Yüngül kəşfiyyat maşınında quraşdırılan zaman məsafədən və ya əllə idarə etmək mümkündür.

“Elbit Systems” şirkətinin digər məhsulu olan SWIR özündə universal uzun mənzilli kəşfiyyat və müşahidə üçün kombinələşdirilmiş gündüz/gecə sistemini tərənnüm edir. Uzunmənzilli böyütməni inteqrasiya edən termal, gündüz və opsional SWIR kanallar, göz üçün təhlükəsiz lazer məsafəölçəni, GPS və maqnit kompası, ştativ və ya P&T üzərində quraşdırılmış “LONG VIEW CR” sistemi hədəfləri tutmaq və uzaq məsafələrdən atəş açmaq üçün əla vasitədir. Sistem fasiləsiz böyütməli uzun mənzilli yüksək ayırdetmə MWIR termal kanalı (opsional böyüdücü), uzun mənzilli gündüz kamerası, fasiləsiz böyütməli uzun mənzilli yüksək ayırdetmə SWIR kanalı, təkmilləşdirilmiş UX – Android OS sistemi, fasiləsiz böyütməli orta diapazonlu rəngli gündüz kanalı, quraşdırılmış DMC, GPS və göz üçün təhlükəsiz lazer məsafəölçən (LRF), yüksək ayırdetmə qabiliyyətinə malik OLED displey (diopter tənzimlənməsinə ehtiyac yoxdur), uzaqdan idarəetmə seçimi, 7 saatdan artıq video yazma qabiliyyəti, quraşdırılmış hədəf məlumat bankı, yüngül və tamamilə sökülə bilən kimi əsas xüsusiyyətlərə sahibdir. Lazer məsafəölçən 12 km-ə qədər məsafə ölçmək imkanına malikdir.

Şirkətin daha bir uzun mənzilli sistemi isə “LORROS” kəşfiyyat və müşahidə sistemidir. “LORROS” sisteminin fərqli xüsusiyyətləri onun çoxməqsədli funksional tətbiqinin mümkünlüyü, yüksək taktiki-texniki xassələri, həmçinin məqbul çəki və ölçü xüsusiyyətləridir. Onun əsas təyinatına sahil zolağına vizual nəzarət, sahil mühafizəsi, mühafizə olunan əraziyə və ya perimetr boyunca obyektə nəzarət, uzun məsafələrdə obyektlərin kəşfiyyatı və artilleriya silah sistemləri üçün hədəfgöstərmə daxildir.

“LORROS” sistemin dəstinə elekto-optik blok, idarəetmə bloku və birləşdirici kabellər daxildir. Əlavə avadanlıq olaraq, avtonom enerji təchizatı generatoru quraşdırmaq mümkündür. Elektro-optik blok şüalanma spektrinin görünən və infraqırmızı diapazonlarında işləyən iki videokameralı optik sistemdən, lazer məsafəölçənindən, siqnalın işlənməsi və ötürülməsi elektron blokundan və fırlanan mexanizmdən ibarətdir. Konstruktiv olaraq, radiolokasiya stansiyasının quraşdırılması imkanı da təmin edilir. Elektro-optik blok həm ştativ kimi adi mexaniki üçayaqlarda və yaxud yedəkli platformada quraşdırılmış 40 m hündürlüyünə qədər teleskopik qüllədə, həm də istənilən təkərli-tırtıllı nəqliyyat vasitəsində yerləşdirilə bilər.

Sych PR S rusiya

“Sych-PR-S” cihazı

Rusiya Federasiyasının “Rostex” Dövlət Korporasiyasının “Roselektronika” holdinqinin “Siklon” Mərkəzi Elmi-Tədqiqat İnstitutu “Sych-PR-S” və “Sych-PR-D” kombinələşdirilmiş elekro-optik müşahidə və kəşfiyyat cihazlarını işləyib hazırlayıb. Bu cihazlar xüsusi bölmələr üçün təyin edilib və termal cihaz (teplovizor), televizor və lazer məsafəölçən funksiyalarını özündə birləşdirir. “Sych-PR-S” cihazı orta mənzilli obyektlərin, “Sych-PR-D” isə uzun mənzilli obyektlərin müşahidəsi üçün nəzərdə tutulub. Hər iki cihaz rəqəmsal maqnit kompasla təchiz olunub və peyk naviqasiya sisteminə malikdir. Cihazlar günün vaxtından (gecə/gündüz) və hava şəraitindən asılı olmayaraq insanları və avtomobilləri bir neçə kilometr məsafədə tanımağa imkan verir.

Cihazlar bir-birindən termal kanallarına görə fərqlənir. Belə ki, “Sych-PR-D” cihazı 3-5 nm spektral diapazonda işləyən soyudulan termal görüntü cihazından istifadə edir. Cihaz insanı 3 km, avtomobili isə 4 km məsafədə aşkarlamağa imkan verir. “Sych-PR-S” cihazında isə 8-12 nm diapazonunda işləyən, insanı və texnikanı müvafiq olaraq 1,5 və 2,5 km məsafədə aşkarlama imkanına malik soyudulmayan termal görüntüləmə kanalı istifadə edilmişdir. Hər iki cihazın quraşdırılmış lazer məsafəölçəni 100 m-dən 5 km-ə qədər məsafədə işləyir.

Rusiya Federasiyasının xüsusi təyinatlı bölmələri üçün yenidən silahlanma proqramı müxtəlif sistemlər, o cümlədən müasir müşahidə avadanlığı çatdırılır. Belə birləşmələrin döyüşçülərinin effektivliyi çərçivəsində “Astron” Sınaq-Konstruktor Bürosu” Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış yeni “İroniya” müşahidə kompleksi sayəsində daha yüksəlmişdir. “İroniya” elektro-optik kompleksi müxtəlif obyektlərin aşkarlanması da daxil olmaqla müşahidə aparmaq və ərazi haqqında məlumat toplamaq üçün təyin edilib. Kompleks hədəfin koordinatlarını təyin etmək və bu barədə məlumat ötürmək imkanı ilə günün istənilən vaxtında müşahidə təmin edilir. Elektro-optik məmulat videokamera, termal cihaz və lazer məsafəölçən ilə təchiz olunub. Bütün optik cihazlardan gələn siqnal miniatür monitora ötürülür. Günün istənilən vaxtı 7 km-ə qədər məsafədə olan texnikaları həm videokameradan, həm də termal görüntü cihazından istifadə etməklə aşkar etmək mümkündür. Termal kamera insanı 2,5 km-ə qədər məsafədə aşkar edə bilir. Lazer məsafəölçəni ilə ölçülən maksimal məsafələr aşkarlama məsafələrinə uyğundur: nəqliyyat vasitələri üçün 7 km və insanlar üçün 2,5 km.

Новая Ирония создана АО Испытательно конструкторское бюро Астрон

“İroniya” elektro-optik kompleksi

Müşahidə kompleksinin elektro-optik cihazı özünəməxsus yaxın məsafəli rabitə vasitələri ilə təchiz edilir. Onların köməyi ilə cihaz kompleksin başqa elementinə qoşulur. Toplanmış kəşfiyyat məlumatlarının ilkin emalı və ötürülməsi üçün kompleks çoxfunksiyalı kompakt kompüterdən istifadə edir. Siqnal qapalı radio kanalı vasitəsilə ötürülür. Zəruri hallarda heyət foto və video məlumatlarını qapalı kanallar vasitəsilə 10 km-ə qədər məsafədə yerləşən komanda məntəqəsinə ötürə bilir. Kompleksə heyətin təhlükəsizliyini təmin etmək üçün əlavə müşahidə cihazları da daxildir. Kompleksin tərkibində bir neçə hərəkət sensorunun istifadəsi nəzərdə tutulub ki, onların köməyi ilə kəşfiyyatçılar 3 km radiusda məkana nəzarət edə bilirlər.

“İroniya” kompleksi iki versiyada istehsal oluna və təchiz edilə bilir. Konfiqurasiyanın ilk versiyası “Tiqr” və ya “Qusar” kimi mövcud zirehli maşınlarda quraşdırmaq üçün nəzərdə tutulub. Belə bir kompleksin ümumi çəkisi 15 kq-dır və özündə avadanlıqları daşıyıcı maşına quraşdırmaq üçün lazım olan bir neçə cihazı ehtiva edir. Kompleksin aşağı çəki ilə xarakterizə edilən portativ versiyası da hazırlanmışdır. Bu halda, heyət kompleksin elementlərini kompakt çantalarda daşıyır. Portativ konfiqurasiyada kompleksin ümumi çəkisi cəmi 3,2 kq-dır.

SOPHIE

“Sophie Optima” sistemi

Elektro-optika üzrə Avropa bazarının lideri kimi Fransanın “Thales Group” sənaye qrupu, istifadəsi asan və taktiki hərəkətlilik və manevr qabiliyyəti üçün optimallaşdırılmış hərbi avadanlığın tam çeşidini hazırlamaq üçün bir neçə nəsil əməliyyat heyətinin təcrübəsindən və biliyindən istifadə etmişdir. Qrupun yaratdığı “Sophie” ailəsi əl termal kameraları və hədəfgöstəricilərinin birgə inkişafının əsas nümunəsidir. “Sophie” ailəsinə ən son yenilikləri olan “Sophie Ultima” və “Sophie Optima” sistemləri, konsepsiyanı növbəti səviyyəyə qaldırıb. Cəmi 2,5 kq çəkisi olan “Sophie Ultima” cihazinın dördü birində həlli, misilsiz soyutma texnologiyası və xüsusi və xüsusiləşdirilmiş taktiki bölmələr üçün gündəlik imkanlar yaradır. Cihaz özündə gündüz və gecə müşahidəsi, gündüz və gecə hədəf yeri təyini, ağıllı rəqəmsal seçimlər kimi imkanları özündə birləşdirir. Göz üçün təhlükəsiz lazer məsafəölçən NATO standartlı tankı 15 km məsafədə müçahidə və 10 km məsafədə ayırd etməyə imkan verir. Cihazda rəqəmsal maqnit kompas nəzərdə tutulub, C/A GPS və NMEA xarici bağlantısı quraşdırlıb. Əlavə seçim olaraq NIR lazer göstəricisi quraşdırılıb.

20180529 Thales Sophie 4 251

“Sophie Ultima” sistemi

“Sophie Optima” cihazı da təmas xəttində yerləşən döyüş bölmələrinin komandirləri üçün 2,5 kq ağırlığında cihazda dördü birində həll birləşdirilmiş hədəfgöstəricidir. Bu cihaz da özündə gündüz və gecə müşahidəsi, gündüz və gecə hədəf yeri təyini, ağıllı rəqəmsal seçimlər kimi imkanları özündə birləşdirir. Optima NATO STANAG 4609 rəqəmsal video Ethernet 1000 standartını qəbul edir və əlavə reallıq əlavələri üçün hazırdır, eyni zamanda USB2, Wi-Fi və Bluetooth ilə təchiz olunub, xidmət üçün isə RS232 portundan istifadə olunur.

Hər iki cihazın tam funksiyaları ilə işləmək üçün 8 saatlıq batareya ömrü var. Cihazlarda təkrar doldurula bilən Bren-Tronics CES litium-ion batareyalarından istifadə olunur. Onlar 2 kq-dan və 4 kq-a qədər ağırlıqda olan eyni kateqoriya sistemlərlə müqayisədə gün işığı, geniş baxış sahəsi və kibermüdafiə baxımından təkmilləşdirilmiş xüsusiyyətləri təmin edir.

Bunlarla yanaşı Fransanın “Sagem” şirkəti də “JIM MR” orta mənzil kəşfiyyat və müşahidə cihazını hazırlayıb. Cihazın çəkisi 2,0 kiloqramdan azdır. Cihaz 7,6×5,7° baxış sahəsinə malik soyudulmayan termal görüntü kanalla təchiz edilib, 2 və 4 dəfə rəqəmsal böyütməyə malikdir. Tipik aşkaretmə, tanıma və identifikasiya diapazonları müvafiq olaraq tank üçün 9400/3700/1900 metr və insan üçün 2450/850/400 metrdir. Cihaz daxili (quraşdırılmış) rəngli videokamera, “Navstar” GPS qəbuledicisi, elektron kompas, lazer məsafəölçən və lazer hədəfgöstərici ilə təchiz olunub. Bundan əlavə, “JIM MR” uzaq istehlakçılara radio və ya kabel xətləri vasitəsilə videotəsvirləri və hədəf təyinatını ötürmək üçün RS-422 və CCIR portlarına malikdir. Cihaza 10 km ölçmə məsafəsinə malik göz üçün təhlükəsiz lazer məsafəölçəni, həmçinin 360° azimut və ± 40° yüksəklik bucaqlarına malik rəqəmsal maqnit kompası inteqrasiya olunub. Əlavə olaraq “JIM MR” cihazı “Bluetooth” naqilsiz məlumat ötürmə modulu və RS-170 standart portu ilə təchiz oluna bilər.

EVPU DEFENCE

Avtomobilə quraşdırılan “EVPU Defence” sistemi

Çexiyanın “EVPU Defence” şirkəti tərəfindən istehsal olunan elektro-optik müşahidə sistemləri monitorinq və müşahidə üçün yüksək etibarlılıq, davamlılıq, geniş əhatə dairəsi xüsusiyyətləri və sərhəd, sahil, hava limanı, neft emalı zavodu, gəmilərin izlənməsi, elektrik stansiyasının təhlükəsizliyi və gecə-gündüz müdaxilələrin qarşısını almaq üçün digər həllər kimi müxtəlif tətbiqlər üçün uyğundur. Sistemə radarlar, projektorlar, gecə və gündüz kameraları, termal kameralar və bir çox başqa sensorlar inteqrasiya olunaraq, uzun məsafələrdə eyni vaxtda birdən çox hədəfi aşkar etmək, qiymətləndirmək və izləmək üçün 360 dərəcə etibarlı həll yolu yarada bilər. Bu sistemlər məlumatları müşahidə məsafəsindən asılı olaraq qısa (9,1 km-ə qədər “LIRA”), orta (14 km-ə qədər “MIRA”), uzun (25 km-ə qədər “SIRIUS”) məsafələrdə işləyən sistemlərə bölünür. Bütün sistemlər ətraf mühit, qurğunun növü və ya xüsusi texniki tələblər kimi bir çox aspektləri nəzərə alaraq müştəri tələblərinə uyğunlaşdırıla bilir.

“LIRA” stasionar elektro-optik monitorinq və müşahidə sistemidir və gündüz və/və ya gecə xüsusi olaraq kritik yerlərin – sərhəd xətlərinin, hava limanlarının, neftayırma zavodlarının, elektrik stansiyalarının, sahillərin və artan tələblərə malik olan digər ərazilərin monitorinqi üçün istifadə oluna bilir. Sistem NATO standartlı hədəfləri 9,1 km-ə qədər qısa məsafələrdə müşahidə üçün təyin edilib.

Baza konfiqurasiya ikioxlu (panoramalama/meyllənmə) dayaq-dönmə qurğusundan, soyudulmayan infraqırmızı kamerası olan sensor konteynerlərindən, gündüz işığı CCD kamerasından və lazer məsafəölçəndən ibarətdir. Sistem “LİRA-S” və “LİRA-M” variantlarında istehsal olunur. Sistemin bütün növləri müxtəlif RCM paket proqram təminatlı müxtəlif növ idarəetmə pultları ilə dəstləşdirilir. “LİRA-S”/“LİRA-M” sistemi 360° üfiqi müstəvidə, 90° şaquli müstəvidə müşahidə aparmağa, 6 km məsafədə isə hədəfə qədər olan məsafəni ölçməyə imkan verir. İnsanın/tankın aşkar olunması 4,5/9,0 km-də, tanınması isə 1,4/3,3 km-də yerinə yetirilir.

MIRA

MİRA sistemi

“MİRA” sistemi stasionar elektro-optik monitorinq və müşahidə sistemi xüsusi olaraq kritik yerlərin – sərhəd xətlərinin, hava limanlarının, neftayırma zavodlarının, elektrik stansiyalarının, sahillərin və artan tələblərə malik digər ərazilərin qorunması və gündüz və/və ya gecə ərzində müdaxilələrdən çevik müdafiə üçün istifadə edilə bilir. Sistem NATO standartlı hədəfləri 14,0 km-ə qədər qısa məsafələrdə müşahidə üçün təyin edilib. Baza konfiqurasiya ikioxlu dayaq-dönmə qurğusundan, sensorları olan konteynerlərdən və soyudulmamış termal görüntü cihazından, gündüz CCD kamerasından və lazer məsafəölçəndən ibarətdir. Sistem “MİRA-S”, “MİRA-M”, “MİRA-L” və “MİRA-X” variantlarında istehsal olunur. Sistemin bütün növləri müxtəlif RCM paket proqram təminatlı müxtəlif növ idarəetmə pultları ilə dəstləşdirilir. Sistemlər 360° üfiqi müstəvidə, 90° şaquli müstəvidə müşahidə aparmağa, 6-20 km məsafələrdə isə hədəfə qədər olan məsafəni ölçməyə imkan verir. İnsanın/tankın aşkar olunması 5 km 13,8 km-də yerinə yetirilir.

“Sirius” stasionar elektro-optik monitorinq və müşahidə sistemi xüsusi olaraq kritik yerlərin – sərhəd xətlərinin, hava limanlarının, neft emalı zavodlarının, elektrik stansiyalarının, sahillərin və artan tələblərə malik digər ərazilərin qorunması və gündüz və/və ya gecə ərzində müdaxilələrdən çevik müdafiə üçün istifadə edilə bilir. “Sirius” seriyası NATO standartlı hədəfləri 25,0 km-ə qədər qısa məsafələrdə müşahidə üçün təyin edilib.

SIRUS

“Sirius” sistemi

Baza konfiqurasiya ikioxlu dayaq-dönmə qurğusundan və sensor qablardan ibarətdir. Bu konteynerlərdə adətən soyudulan termal kamera, gündüz görmə CCD kamera, lazer məsafəölçən, GPS və rəqəmsal maqnit kompas kimi uzun mənzilli sensorlar var. Sistem müxtəlif soyudulmayan termal kamera, SWIR kamerası, projektor və başqa bu kimi sensorların kombinasiyası ilə təchiz oluna bilir. Sistemin bütün növləri müxtəlif RCM paket proqram təminatlı müxtəlif növ idarəetmə pultları ilə dəstləşdirilir. Sistem “Sirius-S”, “Sirius-M”, “Sirius-L” və “Sirius-X” variantlarında istehsal olunur.

ABŞ-ın bir çox müdafiə sənayesi şirkəti ordu və xüsusi qurumların tələbatını ödəmək üçün kəşfiyyat və müşahidə sistemləri yaradıb və istehsal edir. Bu sirkətlərdən biri də “L3 Harris” şirkətidir. Şirkətin istehsalı olan “NightHawk EO/İR” müşahidə sistemidir. Yüksək xüsusiyyətlərə malik “NightHawk EO/İR” modul multi-sensor dəsti işə hazır, açıq arxitekturaya malik, tapşırığa uyğun konfiqurasiya edilə bilən, gündüz/gecə müşahidə sistemidir.

Sistem ən çətin mühitlərdə uzun məsafələrdə gecə və gündüz müşahidəsi üçün ideal olan yüksək xüsusiyyətli, yüksək ayırdetmə qabiliyyətinə malik panoramalaşdırma və mailləşdirmə sistemidir. O, ən yüksək xüsusiyyətli sensorları dəstəkləmək üçün xüsusi məqsədlə hazırlanıb. Sistemdə yüksək dəqiqlikli videoməlumatlar sıxılma və ya məlumat itkisi olmadan yüksək sürətli fiber optik əlaqə vasitəsilə ötürülür.

All for website.411

PUA-lara inteqrasiya olunan “NightHawk” sensoru

Yüksək xüsusiyyətli təsvir sensorlarının standart dəsti əlavə olaraq, “NightHawk EO/İR” gövdəsinə əlavə sensorlarla, o cümlədən lazer məsafəölçən, lazer işarələyici/hədəf təyinatçısı, lazer zoom təsvir işıqlandırıcısı və bir çox başqa cihazlarla təchiz oluna bilər. Sistem 360° üfiqi müstəvidə fasiləsiz müşahidə və kəşfiyyatın aparılmasını təmin edir. Lazer məsafəölçən 20 km-ə qədər aralıqda yerləşən hədəflərə məsafənin ölçülməsinə imkan verir. Lazer işarələyici/hədəfgöstərici 15 km-ə qədər olan hədəfləri işarələyir.

Bundan başqa, ABŞ-ın “BAE Systems”, “Northon Grumman”, “Flir Systems”, “DRS Technologies” və başqa müdafiə sənayesi şirkətləri də müxtəlif növ elektro-optik kəşfiyyat və müşahidə sistemləri yaradaraq ordunun və xüsusi təyinatlı bölmələrin istifadəsinə təhvil vermişdir.

Beləliklə, qeyd etmək olar ki, aparıcı xarici dövlətlərin silahlı qüvvələri elektro-optik kəşfiyyat və müşahidə sistemlərinin müasir modelləri ilə silahlandırılıb. Silahlı qüvvələrin bölmələri artıq elektro-optik kəşfiyyatı, hədəflər haqqında məlumatların real vaxt rejimində ötürülməsini, artilleriya atəşinin və hava zərbələrinin tənzimlənməsini, yüksək dəqiqlikli idarə olunan döyüş sursatlarının idarə olunmasını təmin edən müasir sistemləri mənimsəyib. Bir çox ölkələrdə müxtəlif tipli sistemlərin (cihazların) funksional imkanlarını genişləndirmək, bölmələr daxilində müxtəlif şərait şərtlərində müşahidələr nəticəsində əldə edilmiş məlumatların mübadiləsi kanallarını təkmilləşdirmək üçün elmi-tədqiqat və inkişaf işləri aparılır.

İndi və gələcəkdə elektro-optik kəşfiyyat müxtəlif qoşun növlərində kəşfiyyatın əsas növlərindən biri olaraq qalır. Döyüş meydanında elektro-optik cihazların köməyi ilə düşmən kəşfiyyatının aparılması və müşahidəsi yüksək təfərrüatlı ən etibarlı məlumatları təmin edir. Bu səbəbdən də, dünyanın aparıcı ölkələrində kəşfiyyat və müşahidə sistemləri bazarı daim inkişaf etdirilir. İstehsalçılar arasında kəşfiyyat və müşahidə cihaz, sistem və komplekslərinin taktiki-texniki xüsusiyyətlərinin təkmilləşdirilməsi və funksional imkanlarının genişləndirilməsi üçün gərgin mübarizə gedir.

Əhəd Əzizov

POLİQON JURNALI

CATEGORIES
TAGS