Ermənistanın Fransadan alacağı “Mistral” DZRK və onun modifikasiyaları – ARAŞDIRMA

Ermənistanın Fransadan alacağı “Mistral” DZRK və onun modifikasiyaları – ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, ötən günlərdə Ermənistan və Fransa “Mistral” zenit-raket komplekslərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıb.

“Poliqon”un məlumatına görə, “Mistral” daşınan zenit-raket kompleksi (DZRK) aşağı və həddindən artıq aşağı hündürlüklərdə uçan təyyarələrdən və döyüş helikopterlərindən quru qoşun hissələrini birbaşa himayə etmək üçün təyin edilib. Onu yaradarkən digər DZRK-lərin çatışmazlıqları və müasir yüksək manevrli döyüşün artan tələbləri nəzərə alınmışdır.

Kompleksin inkişafı Fransanın “Matra” şirkəti tərəfindən həyata keçirilib. Əsas birgə icraçılar sırasına “Manufacture de Machines du Haut Rhin SA” (döyüş başlığı), “Societe Anonyme de Telecommunications” (infraqırmızı özütuşlama başlığı), “Societe Europeenne de Propulsion” (raket mühərriki), “Societe Nationale des Poudres et Explosifs” (bərk yanacaqlı atım) şirkətləri daxildir. Bu şirkətlər sonradan MBDA (“Matra BAE Dynamics Alenia”) korporasiyasının tərkibinə daxil olub.

İnkişaf zamanı raketə bütün variantlar üçün vahid raket, buraxılma üsuluna müstəqillik və minimum texniki xidmət kimi tələblər qoyulmuşdur. Çox qısa mənzilli “yer-hava” sinif SATCP (Sol-Air à Très Courte Portée) variantı üzərində tam miqyaslı işlərə 1980-ci ildə başlanılmışdır. 1986-cı ildən 1988-ci ilə qədər Fransa Orsudu qoşun sınaqlarını keçirmişdir. Kompleks 1988-ci ildə “Mistral” adı altında silahlanmaya qəbul edilmişdir. 2000-ci ildə təkmilləşdirilmiş versiya olan “Mistral 2” Fransa Silahlı Qüvvələrində silahlanmaya qəbul edilib və ixrac olunur. Müxtəlif modifikasiyalı “Mistral” DZRK aralarında Belçika, Çili, Kipr, Estoniya, Finlandiya, Fransa, Bolqarıstan, İndoneziya, Yeni Zelandiya, Oman, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də daxil olduğu 25 ölkənin quru qoşunlarının və donanmalarının silahlanmasında yer alır. 2023-cü ilin oktyabr ayında kompleksin Ermənistana satılması barədə də Fransa və Ermənistan Müdafiə Nazirlikləri arasında müqavilə imzalanmışdır.

“Mistral” ZRK-nin daşınan baza versiyasına əlavə olaraq, kompleksin müxtəlif daşıyıcılar üçün bir neçə variantı hazırlanmışdır:

  • ALAMO – minik avtomobili şassisi üzərində quraşdırılmaq üçün nəzərdə tutulmuş ZRK-dir;
  • ATLAS – iki raket üçün buraxma qurğusu olan mobil ZRK-dir;
  • ATLAS-RC – iki raket üçün uzaqdan idarə olunan buraxma qurğulu mobil ZRK-dir;
  • ALBI – yüngül özüyeriyən şassilər üçün qoşalaşdırılmış buraxma qurğusudur, əlavə olaraq gecə görmə və “dost-düşmən” tanıma sistemləri ilə təchiz oluna bilər;
  • ATAM – ilk növbədə düşmənin döyüş helikopterləri ilə mübarizə aparmaq üçün “hava-hava” sinif silah kimi istifadə edilən helikopter variantıdır;
  • SANTAL – aşkaretmə radiolokasiya stansiyası olan altı raketli qüllə sistemidir;
  • SİMBAD – kiçik subasımlı gəmilər üçün cütləşdirilmiş buraxma qurğulu gəmi ZRK-dir;
  • TETRAL – dörd raketli gəmi ZRK-dir;
  • SADRAL – altı raketli gəmi ZRK-dir;
  • SIGMA – 30 mm-lik topla birləşmiş buraxma qurğusudur.

Bunlarla yanaşı MBDA korporasiyası “Mistral” ZRK ilə təchiz edilmiş VBR yüngül zirehli avtomobilinin şassisində yeni çoxməqsədli döyüş maşını (Multipurpose Combat Vehicle – MPCV) da yaradıb.

“Mistral” DZRK-nin tərkibinə germetik nəqletmə-buraxma konteynerində (NBK) yerləşən raket, nişangah tərtibatı olan üçayaq-dəzgah, “dost-düşmən” sorğulayıcısı və enerji mənbəyi daxildir.

“Mistral” raketi gövdədən, infraqırmızı özütuşlama başlığından (İQÖTB), elektron tuşlama avadanlığından, sükanı idarə etmək üçün elektrik servomühərriklərindən, termokimyəvi batareyadan, partlayıcıdan, döyüş hissəsindən, marş və atılan start mühərrikindən və özünü məhvetmə cihazından ibarətdir. Raket “ördək” aerodinamik sxeminə uyğun olaraq hazırlanmışdır ki, bu da onu yüksək manevr qabiliyyəti ilə təmin edir, səkkiz qat yüklənmələrə tab gətirməyə və uçuşun son mərhələsində kifayət qədər yüksək tuşlama dəqiqliyi əldə etməyə imkan verir.

İQÖTB piramidal axarıcı içərisinə yerləşdirilib. Bu formanın adi sferik formadan üstünlüyü ondadır ki, o, qarşı müqaviməti azaldır. İQÖTB 6 km-ə qədər məsafədə reaktiv təyyarəni, infraqırmızı şüalanmanı azaltmaq üçün cihazlarla təchiz edilmiş helikopteri isə qarşılama kursunda 4 km-ə qədər məsafədə tutmaq və izləmək qabiliyyətinə malikdir.

Raketin qəlpəli-fuqas döyüş hissəsində 1500 ədəd hazır volfram sferik öldürücü element var. Döyüş hissəsi kontakt və lazer kontaktsız partlayıcılarla təchiz edilib. Məsafənin dəqiq ölçülməsi mexanizmi ilə təchiz edilmiş partladıcının seçilməsi yerli obyektlərin, ağacların və s. yaydığı maneələrin təsiri səbəbindən döyüş başlığının vaxtından əvvəl partlamasının qarşısını almağa imkan vermişdir. Təxmini məsafə xətası 1 m-ə qədərdir. Poliqon sınaqları zamanı döyüş hissəsinin hava hədəflərindən belə bir məsafədə partladılması onların məhv edilməsinə səbəb olmuşdur.

Raketin tuşlanmasını və buraxılmasını asanlaşdırmaq üçün operator nəqletmə-buraxma konteynerinin və bütün lazımi avadanlıqların quraşdırıldığı oturacağı olan üçayaq-dəzgahdan istifadə edir. Müvafiq mexanizmlərin köməyi ilə demək olar ki, istənilən istiqamətdə atəş üçün dönmə və lazımi qalxma bucağı təmin edilir. Nəqletmə zamanı “Mistral” DZRK hər biri təxminən 20 kq ağırlığındakı iki hissəyə bölünür: raketi olan NBK və görmə tərtibatı olan və elektron bloku olan üçayaq-dəzgah. Bu DZRK inkişaf etdirilərkən, onun açılması və yenidən doldurulması üçün vaxtın azaldılmasına xüsusi diqqət yetirilib. Keçirilmiş sınaqların nəticələrinə əsasən, NBK-ni üçayaq-dəzgaha quraşdırmaq və kompleksi döyüş vəziyyətinə gətirmək üçün təxminən 1 dəqiqə vaxt tələb olunur. İQÖTB-ni işə salmaq (giroskopun fırlanması və İQ sensorun soyudulması) üçün isə 2 saniyə vaxt lazımdır. Xarici hədəf təyinetmə məlumatları olmadıqda orta reaksiya müddəti (buraxma dövrəsinin qoşulmasından raketin start götürməsinə qədər) təxminən 5 saniyə, bu cür məlumatların mövcudluğunda isə 3 saniyə təşkil edir. Kompleksin yenidən doldurulması təxminən 30 saniyə çəkir.

Nişangah tərtibatı kollimator və teleskopik nişangahdan ibarətdir. Kollimator göstəricilərindən istifadə edərək operator şaquli və üfüqi önləmə bucaqlarını nəzərə ala bilir. “Mistral” DZRK gecə atışlarını təmin etmək üçün “dost-düşmən” tanıma sorğulayıcısı və termal cihazla təchiz edilib. Gecə şəraitində fəaliyyət göstərmək üçün kompleks “Sagem” şirkətinin MATIS və ya “Thales Optronics” şirkətinin MITS-2 termal nişangahı ilə təchiz oluna bilər.

Buraxma mexanizminə elektrik dövrələrini qidalandırmaq üçün akkumulyator batareyası, soyuducu maddəli balon, komandaların və siqnalların keçməsinin lazımi ardıcıllığını təmin edən kommutasiya qurğusu, hədəfdən gələn siqnallar raketin özütuşlama başlığı tərəfindən tutulduqda işə salınan səs və vibrasiya qurğusu olan indikator daxildir.

MCP (Mistral Coordination Post) komanda məntəqəsi qoşun bölmələrinin və mühüm obyektlərin hava hücumundan müdafiəsini təşkil edərkən “Mistral” DZRK, ATLAS və ya ALBI sistemləri ilə istifadə etmək üçün yaradılıb. MCP tərkibinə daxildir:

  • “Oerlikon Contraves” SHORAR (Short-range Anti-aircraft Defence Radar – Qısa mənzilli zenit müdafiə radiolokasiya stansiyası) “dost”düşmən” tanıma sistemli aşkaretmə və atəşi idarəetmə radiostansiyası;
  • döyüşü idarəetmə stansiyası;
  • atəş mövqelərinə məlumaıt ötürmə bloku;
  • daha yüksək komanda postu ilə məlumat mübadiləsi sistemi.

MCP istənilən kombinasiyada on bir “Mistral” DZRK, ALBI və ya ATLAS ZRK üçün hədəf təyini və atəşi idarəetməni təmin edir. MCP radiolokasiya stansiyası “Panhard VBL 4×4” avtomobilinin şassisi və ya hər hansı digər yolsuzluq texnikasının şassisinə quraşdırılır. MCP radiolokasiya stansiyası NATO ölkələri tərəfindən silahlanmaya qəbul edilmiş və Omana ixrac olunmuşdur. Çox böyük ehtimalla, Ermənistan da Fransa ilə son imzaladığı müqavilə əsasında MCP radiolokasiya stansiyası alacaqdır.

“Mistral” DZRK-nin əsas taktiki-texniki xassələri:

– məhvetmə zonası, m:

– məsafə üzrə – 500-6000;

– hündürlük üzrə – 5-3000;

– məhv edilən hədəflərin maksimal sürəti, km/saat – 1500;

– raket uçuş sürəti, Mach – 2,6

– maksimal məsafəyə uçuş müddəti, saniyə – 14;

– raketin uzunluğu, mm – 1860;

– raketin gövdəsinin diametri, mm – 90;

– raketin start kütləsi, kq – 18,7;

– döyüş hissəsinin kütləsi, kq – 3,0;

– döyüş hissəsinin partlayıcı maddəli atımının kütləsi, kq – 1,0;

– raketin NBK ilə birlikdə kütləsi, kq – 24;

– döyüş tətbiqi üçün temperatur diapazonu – -45°C … +70°C.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS