Ermənistanın Hindistandan almaq istədiyi MR-SAM zenit-raket kompleksinə baxış – ARAŞDIRMA

Ermənistanın Hindistandan almaq istədiyi MR-SAM zenit-raket kompleksinə baxış – ARAŞDIRMA

Ermənistanın Hindistandan almaq istədiyi MR-SAM zenit-raket kompleksi (ZRK) haqqında Hindistanın açıq mənbələrindən əldə edilən məlumatlar əsasında araşdırmamızı təqdim edirik.

“Poliqon”un məlumatına görə, son dövrlər Ermənistan və Hindistan arasında hərbi-texniki əməkdaşlıq sahəsində gəlişmələr artıb. Bunlara misal olaraq 2020-ci ildə alınmış 4 ədəd “Swathi” radiolokasiya stansiyasının, həmçinin 2022-ci ikin sentyabrında 155 mm-lik ATAGS haubitsalarının, 214 mm-lik “Pinaka” yaylım atəşli reaktiv sistemlərin və onların döyüş sursatlarının alınması üçün imzalanmış müqaviləni göstərmək olar.

Ötən həftə isə “Indian Defence Research Wing” (IDRW) nəşri Ermənistanın Hindistandan MR-SAM orta mənzilli zenit-raket komplekslərini (ZRK) almaq istədiyi barədə xəbər verib. Qeyd olunur ki, yeni silah keçmiş SSRİ istehsalı S-125 “Peçora” ZRK-ni əvəz etməlidir.

Eyni zamanda, xəbərdə bildirilir ki, Hindistan özünün “Akash” və “Akash-NG” sistemlərini erməni tərəfinə təklif edir.

Nəşr vurğulayır ki, problem MR-SAM ZRK-nin Hindistanda istehsal olunmasına baxmayaraq, onun bəzi komponentlərinin İsraildə istehsal olunmasındadır.

IDRW-nin məlumatına görə, Hindistanın MR-SAM sistemlərinin ixracı ilə bağlı heç bir məhdudiyyəti olmasa da, Azərbaycan İsraildən “BARAK-8” ZRK-ni aldığı üçün bu razılaşma mürəkkəb ola bilər.

Qeyd edək ki, “BARAK-8” ZRK hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RƏM) sistemidir. Bu kompleks dəniz variantı LR-SAM (Long Range Surface-to-Air Missile) və ya yerüstü variant MR-SAM (Medium-Range Surface-to-Air Missile) kimi də tanınır və həm quru, həm də dəniz obyektlərini istənilən hava təhlükəsindən qorumaq üçün təyin edilib. Kiçik effektiv səpələnmə səthi olan hava obyektlərinin aşkarlanmasını və müvafiq olaraq məhv olunmasını təmin etmək üçün tutucu qurğuları aktiv radiolokasiya özütuşlama başlığı ilə təchiz edilib.

Hindistan istehsalı “Akash” ZRK 30 km-ə qədər məsafədə və 18 km-ə qədər hündürlükdə uçan hədəfləri vurmaq üçün təyin edilib. Raketin çəkisi 720 kq, uzunluğu 5820 mm, diametri 350 mm, döyüş başlığının çəkisi 60 kq-dır. Kompleks Hindistanın DRDO (Defence Research and Development Organization) dövlət təşkilatı tərəfindən hazırlanıb. Buraya “Bharat Dynamics Limited” (BDL) tərəfindən inkişaf və istehsal edilən raketlər, “Bharat Electronics Limited” tərəfindən hazırlanmış radarlar, “Larsen & Toubro” və “Tata Power SED” özəl şirkətlərinin tırtıllı və təkərli şassiləri daxildir.

“Akash” ZRK 2015-ci ilin iyul ayından Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) silahlanmasındadır və istismarda olan Sovetin köhnə S-125M “Peçora-M”, 9K33 “Osa” və 9K38 “İqla” sistemlərini əvəz edir.

“Akash NG” Hindistan HHQ tərəfindən yüksək manevr qabiliyyətinə malik hava təhdidlərinin qarşısını almaqdan ötrü istifadə üçün təyin edilmiş yeni nəsil yerli istehsal zenit raketləridir. O, 70 km-ə qədər məsafədə təyyarələri, pilotsuz uçuş aparatlarını (PUA) və qanadlı raketləri vura bilir. Kompleks xidmətdə olan digər oxşar zenit sistemləri ilə müqayisədə daha yaxşı açılma imkanları ilə hazırlanıb.

Bir qədər yaxın tarixə nəzər saldıqda görmək olar ki, 2022-ci ilin sentyabr ayının 13-də savunmasanayist.com portalı Hindistan HHQ-nin İsraillə birgə hazırlanmış və MR-SAM olaraq da bilinən “BARAK-8” mobil ZRK-ni silahlanmaya qəbul etdiyini bildirib.

Xatırladaq ki, “BARAK-8” ZRK artıq Hindistan Hərbi Dəniz Qüvvələrində (HDQ) istifadə olunur, lakin indi onun yerüstü versiyası hərbi xidmətə daxil edilib. Hindistan HHQ-yə tədarük edilmiş İsrailin raketli ilk hava hücumundan müdafiə sistemləri səsdən iti sürətlilər də daxil olmaqla, təyyarələri və raketləri məhv etmək üçün təyin olunub. Bundan əlavə, MR-SAM sistemləri Hindistan Quru Qoşunları (QQ) tərəfindən sifariş edilib.

“BARAK-8”, eləcə də “BARAK-2” kimi də tanınan MR-SAM, LR-SAM gəmi bazalanmalı tutucu raketlərin yerüstü bazalanmalı modifikasiyasıdır. Eyniadlı raketlərlə silahlanmış MR-SAM (“BARAK-8”) hava hücumundan müdafiə sistemi İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti tərəfindən Hindistanın DRDO dövlət təşkilatı ilə birgə hazırlanıb. Kompleksin istehsalını həyata keçirən “Kalyani Rafael Advanced Systems” (KRAS) müştərək müəssisəsi Hindistanın “Kalyani Group” şirkəti və İsrailin “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən yaradılıb.

Əvvəlcə “BARAK-8” gəmi bazalanmalı raket kimi yaradılıb (ilk buraxılış 1999-cu ildə baş tutub). 2014-cü ildə IAI və DRDO yerüstü “BARAK-8” (MR-SAM-Army) ZRK-nin yaradılması üzərində işlərə başlayıb.

Hindistan HHQ 18 perspektivli orta mənzilli sistem almaq niyyətində olduğunu açıqlayıb. Hindistan hərbçilərinin fikrinə əsasən yeni MR-SAM kompleksi ordunun hava hücumundan müdafiəsinin əsasını təşkil etməli, mexanikləşdirilmiş və zirehli bölmələri düşmənin hava hücumlarından himayəsini təmin etməlidir. Eyni zamanda, ordu generalları kompleksə aşağıdakı əsas tələbləri qoyublar:

  1. atəş məsafəsi – ən azı 50 km;
  2. raketin döyüş başlığının düşmənin hava hücumu vasitələrindən 10-30 m radiusda patlamaq imkanı;
  3. qarşılama kursunda 800 m/san-ə qədər və çatma kursunda 350 m/san-ə qədər sürətli hava hədəfini atış apararaq vurmaq imkanı;
  4. kompleks hava hücumu vasitələrinin bütün növlərinin – təyyarələrin, helikopterlərin, PUA-nın və müxtəlif sinif raketlərinin məhv edilməsini təmin etməlidir (lakin, taktiki və əməliyyat-taktiki ballistik raketləri məhv etmək imkanı tələblərdə göstərilməyib);
  5. kompleks etibarlı döyüş maşınının şassisində bazalanmalıdır (bununla belə, hansı şassinin olması – tırtıllı və ya təkərli olması göstərilməyib);
  6. kompleks gecə-gündüz və istənilən hava şəraitində işləməyi bacarmalı, həmçinin kütləvi qırğın silahlarından (nüvə, bakterioloji və kimyəvi) müdafiə sisteminə malik olmalıdır.

Əsas xassələri:

  • atış məsafəsi, km, az olmayaraq – 70
  • tutma hündürlüyü, km – 20
  • məhv edilən hava hədəfinin sürəti, m/san, qədər – 800
  • raketin döyüş başlığı – qəlpəli-fuqas
  • döyüş başlığının çəkisi, kq – 25
  • döyüş başlığının məhvetmə radiusu, m – 10-30
  • raketin uzunluğu – 4500 mm
  • raketin start çəkisi, kq – 110

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş