Estoniya gəmilərə qarşı mübarizə üçün “Spike-NLOS” kompleksini seçib

Estoniya gəmilərə qarşı mübarizə üçün “Spike-NLOS” kompleksini seçib

Estoniya hərbi gəmilərini silahlandırmaq üçün İsrail istehsalı “Spike-NLOS” raketlərini seçib. Bununla əlaqədar olaraq, 32 km-ə qədər atış məsafəsinə malik “Spike-NLOS” tank əleyhinə raket kompleksi sahil bazalı mobil gəmi əleyhinə kompleks şəklində sınaqdan keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Rafael” şirkətinin mətbuat xidməti rəsmi “Twitter” səhifəsində məlumat yayıb.

Sınaqlar Saaremaa adasının şimal-qərb hissəsindəki Undva kəndi yaxınlığında keçirilib. Paylaşan videoçarxdan nümayiş atışları zamanı buraxma qurğusunun Oshkosh JLTV zirehli avtomobilinin şassisində yerləşdirildiyi məlum olur.

Mətbuat xidmətinin məlumatında bildirilib ki, nümayiş zamanı iki dəniz hədəfinə iki “Spike-NLOS” raketi atılıb. Hər ikisi də uğurla məhv edilib. Bu nümayiş “Spike-NLOS” sisteminin günümüzdəki sahil problemlərinə cavab vermək və həm quruda, həm də dənizdə müxtəlif hədəfləri vurmaq üçün misilsiz qabiliyyətini nümayiş etdirir.

Qeyd edək ki, sınaq atışları NATO-nun “Spike” komplekslərini istismar edən ölkələri də daxil olmaqla 14 ölkənin nümayəndələrinin, Estoniya Müdafiə Nazirliyi və Estoniya Müdafiə Qüvvələrinin yüksək vəzifəli şəxslərinin iştirakı ilə həyata keçirilib. Sınaqlardan sonra Estoniya dənizdən qorunmaq üçün “Spike-NLOS” kompleksinin partiyasını almaq qərarına gəlib.

Sahil raket sisteminin alınması üzrə tenderin Estoniya Hərbi Dəniz Qüvvələrinin qarşıdakı dörd il üçün inkişaf planı çərçivəsində həyata keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, 2019-cu ilin iyun ayında Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi (Riigi Kaitseinvesteeringute Keskus – RKIK) və Almaniyanın “EuroSpike GmbH” şirkəti Müdafiə Qüvvələrinə “Spike” tank əleyhinə raket sistemlərinin sahil raket kompleksi şəklində tədarükü barədə müqavilə imzalayıb. Müqavilə 7 il müddətində icra olunacaq və ümumi dəyəri 40 milyon avrodur.

Qeyd etmək lazımdır ki, “Spike-NLOS” optoelektronik idarəetməyə və 32 km-ə qədər uçuş məsafəsinə malik 5-ci nəsil çoxməqsədli raketdir. Quru, hava və dəniz platformalarında buraxıla bilir. Artıq uçuş zamanı raket zərurət olduqda hədəfləri dəyişə və ya zərbəni tamamilə ləğv edə bilir. Raketin çəkisi təxminən 70 kq-dır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS