
Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti olan ASELSAN, “Eurosatory 2026” sərgisində hava, quru, dəniz və elektromaqnit sahələrini əhatə edən inteqrasiya olunmuş çoxdomenli məhsul portfelini nümayiş etdirir.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, sərgidə təqdim olunan əsas sistemlər arasında KALKAN II/M nəqliyyat vasitəsinə quraşdırılan mobil axtarış radarı və müxtəlif pilotsuz uçuş aparatı (PUA) təhdidlərinə qarşı kompleks həll təqdim edən DRONEDEF sistemi yer alır.
DRONEDEF konsepsiyası İHTAR antidron sistemi, GÖKBERK lazer silah sistemi, KORKUT 100/25 SB antidron silah sistemi və EJDERHA yüksək güclü elektromaqnit antidron sistemini bir araya gətirərək, PUA təhdidlərinə qarşı kinetik məhvetmə, yönləndirilmiş enerji və elektromaqnit təsirlərindən ibarət tamamlayıcı imkanlar yaradır.
Bundan başqa, şirkət “Polad Qübbə” çoxqatlı hava hücumundan müdafiə arxitekturasını, KORAL AD mobil elektron müharibə sistemini, TOLUN miniatür bomba ailəsini və KILIÇ avtonom sualtı insansız dəniz aparatı ailəsini də nümayiş etdirir. Bu sistemlər şirkətin müxtəlif əməliyyat mühitlərində müasir müharibənin tələblərinə cavab verən kompleks yanaşmasını ortaya qoyur.
Beynəlxalq əməkdaşlığı genişləndirmək və müdafiə sənayesi tərəfdaşlıqlarını gücləndirmək strategiyası çərçivəsində ASELSAN “Eurosatory 2026” sərgisində iki mühüm saziş də imzalayıb.
Bunlardan biri ASELSAN ilə “Daimler Truck” arasında imzalanan Anlaşma Memorandumudur. Bu sənəd ASELSAN sistem və faydalı yüklərinin “Mercedes-Benz Truck” markalı “Daimler Truck” platformalarına inteqrasiyası üzrə əməkdaşlıq imkanlarını araşdırmağı hədəfləyir. Sözügedən əməkdaşlıq çərçivəsində tərəflər hava hücumundan müdafiə və elektron müharibə proqramlarında birgə iştirak imkanlarını nəzərdən keçirəcəklər.
Digəri isə ASELSAN ilə Latviyanın aparıcı suüstü İDA və tutucu dron istehsalçısı olan VIC TEC şirkəti arasında imzalanan Niyyət Məktubudur. Sənəd Latviyanın antidron imkanlarının aşkarlama və məhvetmə sistemləri sahəsində daha da gücləndirilməsini nəzərdə tutur. Bu tərəfdaşlıq ASELSAN-ın Latviyanın müdafiəsinə verdiyi dəstəyi və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi niyyətini nümayiş etdirir.
ASELSAN-ın prezidenti və baş direktoru Ahmet Akyol bildirib ki, şirkətin antidron, yüksək dəqiqlikli zərbə, elektron müharibə və avtonom sistemləri dünyanın müxtəlif ölkələrinin Silahlı Qüvvələri tərəfindən böyük maraqla qarşılanır: “Bu, inteqrasiya olunmuş və döyüş şəraitində özünü doğrultmuş müdafiə qabiliyyətlərinə olan tələbatın artdığını göstərir”.
Onun sözlərinə görə, ASELSAN-ın “Eurosatory 2026”da iştirakı həm şirkətin geniş texnologiya portfelini, həm də beynəlxalq tərəfdaşlıqlarının gücünü nümayiş etdirir.
“Nümayiş etdirdiyimiz həllər və imzaladığımız sazişlər vasitəsilə ASELSAN etibarlı qlobal müdafiə tərəfdaşı kimi mövqeyini daha da gücləndirir və müasir təhlükəsizlik mühitinin dəyişən çağırışlarına cavab verən çoxsahəli imkanlar təqdim edir”, – deyə baş direktor tərəfindən qeyd olunub.






