Filippin Ordusu Türkiyə, Fransa və ABŞ istehsalı haubitsalarla maraqlanır

Filippin Ordusu Türkiyə, Fransa və ABŞ istehsalı haubitsalarla maraqlanır

Filippin Ordusu Türkiyə, Fransa və ABŞ-ın istehsal etdiyi 105 mm-lik yedəyə alınan haubitsalarla maraqlanır.

“Poliqon” xəbər verir ki, bununla bağlı “Aaron-Matthew IL” adlı səhifə tərəfindən “Twitter”də foto paylaşılıb.

Fotoda Filippin Ordusunun komandanı Romeo Braunerə Türkiyənin “Boran”, ABŞ-ın M119A3 və Fransanın LG1 Mk III yedəyə alınan haubitsalarının slayd formasında təqdim edilməsi əks olunub.

Yedəkdə daşınan 105 mm-lik “Boran” haubitsası Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün ölkənin Milli Müdafiə Nazirliyinə bağlı MKE (Makine ve Kimya Endüstrisi) şirkətinin mühəndisləri tərəfindən dizyan edilib və hazırlanıb. Ötən ilin dekabr ayında “Boran” haubitsasının ilk partiyası Türkiyə Ordusuna təhvil verilib.

Qeyd edək ki, “Boran”ın ilk xarici sifarişçisi Şimali Makedoniya Ordusudur. Cari ilin yanvar ayında Şimali Makedoniya Türkiyədən hər birində 6 ədəd olmaqla 3 batareya (ümumilikdə 18 ədəd) “Boran” haubitsası sifariş edib.

Kütləsi 1780 kiloqram olan “Boran” artilleriya qurğusu istifadəçiyə həm havadan, həm də qurudan daşınma imkanı verir ki, bu da onun qısa müddət ərzində lazımi nöqtəyə çatdırılmasına şərait yaradır. Top gecə-gündüz 360 dərəcə atəş açmaq, 1 dəqiqə ərzində hazır vəziyyətə gətirilmək, -32 dərəcə ilə +44 dərəcə hava temperaturunda fəaliyyət göstərmək bacarığına sahibdir.

Atəşi idarəetmə sistemi ilə təchiz edilən “Boran”ın atış uzaqlığı 17 kilomter təşkil edir. 105 mm-lik top dəqiqədə 6 atəş aça bilir.

LG1 Fransanın “GIAT Industries” (indiki Nexter Group) şirkəti tərəfindən layihələndirilmiş və istehsal olunan müasir 105 mm yedəyə alınan haubitsadır. Yüngül silah xüsusi olaraq ixrac bazarı üçün hazırlanıb.

LG1 topunun çəkisi 1520 kq-dır. Heyəti beş nəfərdən ibarətdir, lakin onları üç nəfərə endirmək mümkündür. Nexter Extended Range döyüş sursatından istifadə etməklə haubitsanın maksimal atəş məsafəsi 17 km təşkil edir.

Mk III, haubitsanın atəşin ballistik hesablamalarını həyata keçirən inteqrasiya edilmiş kompüter və INS/GPS mövqeləmə sistemi sayəsində atəşin dəqiqliyində üstünlüyə malik olan sonuncu “rəqəmsal” variantıdır.

M119A3 haubitsası ABŞ tərəfindən istehsal edilən M119-un təkmilləşdirilmiş versiyasıdır. O, 2013-cü ildə ABŞ Ordusunun silahlanmasına qəbul olunub. Hazırda M119A3 haubitsasından Ukrayna-Rusiya müharibəsində ukraynalı hərbçilər tərəfindən istifadə edilir. Haubitsa Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ-ın hərbi yardımları çərçivəsində bu ölkəyə tədarük olunub.

Çəkisi 2131 kiloqram olan haubitsanın atəş məsafəsi istifadə edilən sursatdan asılı olaraq 14-19.5 kilometr arasında dəyişir. M119A3 haubitsası SLOS (Suspension Lock Out System) və rəqəmsal atəşi idarəetmə (DFC) sistemləri ilə təchiz olunub.

Dəqiqədə 6 ətəş açmaq imkanına malik olan M119A3-ü həm quru (HMMWV tipli nəqliyyat vasitələrindən yük maşınlarına kimi), həm də hava (nəqliyyat helikopterlərindən nəqliyyat təyyarələrinə qədər) platformalarının vasitəsilə daşımaq mümkündür.

Poliqon.az

CATEGORIES
TAGS