Tayland Fransanın 105 mm-lik LG1 Mk III haubitsalarını alıb

Tayland Fransanın 105 mm-lik LG1 Mk III haubitsalarını alıb

Fransanın NEXTER şirkəti altı ədəd 105 mm-lik LG1 Mk III yedəyə alınan haubitsasını Tayland Ordusuna təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə “United Defence Technology” şirkəti məlumat yayıb.

NEXTER şirkətinin Tailand distributor olan “United Defence Technology” şirkəti şirkəti 105 mm-lik LG1 Mk.III yedəyə alınan yüngül haubitsaların çatdırılmasının fotosunu dərc edib. Tayland Kral Ordusu sifariş verilən 12 haubitsadan 6-sını alıb.

Bu 105 mm-lik LG1 MK. III haubitsaları “Land Rover Defender” 4×4 avtomobilləri ilə birlikdə Tayland Ordusunun Kral Qvardiyasının 1-ci diviziyasının 1-ci artilleriya alayının 11-ci artilleriya divizionu tərəfindən qəbul edilib.

12 ədəd haubitsanın alınması barədə imzalanmış müqavilənin dəyəri 26.722.194,00 ABŞ dolları təşkil edir. Onlar uzun müddət istifadədə olan və köhnəlmiş 105 mm-lik yedəyə alınan haubitsaları əvəz edəcəklər.

2020-ci ilin məlumatına görə Tayland Ordusunun silahlanmasında 24 ədəd 105 mm-lik LG1 Mk.II yedəyə alınan haubitsa yer alır. Bu tip haubitsalardan Taylandın Dəniz Piyadaları da istifadə edir.

Qeyd etmək lazımdır ki, Tayland Ordusunda LG1 Mk.II (Fransa) haubitsaları ilə yanaşı 105 mm-lik yedəyə alınan 12 ədəd OTO Melara Mod 56 (İtaliya), 200 ədəd M101 (ABŞ), 12 ədəd M102 (ABŞ), 60 ədəd L119 (Böyük Britaniya) və 32 ədəd M618A2 (Tayland) haubitsaları da silahlanmadadır.

Xatırladaq ki, LG1 Fransanın “GIAT Industries” (indiki Nexter Group) şirkəti tərəfindən layihələndirilmiş və istehsal olunan müasir 105 mm yedəyə alınan haubitsadır. Yüngül silah xüsusi olaraq ixrac bazarı üçün hazırlanıb.

LG1 ikiqat lüləağzı əyləclə təchiz edilmiş 105 mm-lik silahdan və bölünən lafetdən ibarətdir. O, döyüş vəziyyətində iki qundağa və lafetin ön hissəsinin altına endirilən dayaq tavasına dayanır.

Haubitsa yüngül yük avtomobili və ya 4×4 təkər formullu yüngül taktiki nəqliyyat vasitəsi ilə çəkilə bilər. LG1 tam portativdir, yüngül və orta ölçülü helikopterlərə asıla bilir, eləcə də paraşütdən istifadə edərək havadan desant olunma qabiliyyətinə malikdir. O, həmçinin dörd haubitsa daşıya bilən Lockheed Martin C-130 Hercules kimi taktiki nəqliyyat təyyarələrinin daxilində daşına bilər.

LG1 haubitsanın çəkisi 1520 kq-dır. Heyəti beş nəfərdən ibarətdir, lakin onları üç nəfərə endirmək mümkündür.

Nexter Extended Range döyüş sursatından istifadə etməklə haubitsanın maksimal atəş məsafəsi 17 km təşkil edir.

Mark III, haubitsanın atəşin ballistik hesablamalarını həyata keçirən inteqrasiya edilmiş kompüter və INS/GPS mövqeləmə sistemi sayəsində atəşin dəqiqliyində üstünlüyə malik olan sonuncu “rəqəmsal” variantıdır.

LG1 Mk. III haubitsasında Polşa artilleriya bölmələrinin istifadə etdiyi “Topaz” artilleriyanı avtomatik idarəetmə sistemini quraşdırmaq mümkündür.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS