Fransa əsgərləri robotlarla birlikdə döyüşməyi öyrənirlər – FOTOLAR

Fransa əsgərləri amerikalı həmkarları ilə ayaqlaşa biləcəklər
Fransanın Ordu və Jandarması üçün zabit kadrların hazırlanması üzrə Sen Sir ali məktəbi (Saint-Cyr École Militaire Interarmes (EMIA) tərəfindən 80 nəfər dinləyici və robotlar cəlb edilməklə “Coëtquidan” düşərgəsində təlimlər keçirilib.
“Poliqon”un “Gizmodo”ya istinadən verdiyi məlumata görə, “Coëtquidan” Məktəb tədqiqat mərkəzinin (CREC) rəhbərliyi altında keçirilən və “Nexter Systems”, “Shark Robotics” və “Boston Robotic” şirkətləri tərəfindən dəstəklənən iki günlük təlimlər bəzi yeni xüsusiyyətləri ortaya çıxarmaq məqsədi daşıyıb.
Təlimdə iştirak edən heyət üç ssenarini məşq edib:
– yol kəsişməsinin tutulması və müdafiəsi;
– gecə və gündüz şəraitində müdafiə fəaliyyətləri;
– binada döyüş toqquşması.
Bu fəaliyyətlər əvvəlcə biraz hərbi təcrübəyə sahib olan tələbələr tərəfindən robotlar olmadan, daha sonra bir neçə robotun köməyi ilə həyata keçirilib.
Təlimdə üç növ robotdan istifadə edilib:
– “Nexter Systems” şirkətinin “ULTRO” daşıyıcısı;
– “Shark Robotics” şirkətinin özüyeriyən qalxan qismində “Barakuda” robotu;
– kəşfiyyatçı qismində “Boston Robotic” şirkətinin “Spot” robot-iti.
Bu orijinal manevrin kökündə, CREC mühəndisi Gérard du Boisboisselin hərbi əməliyyat zamanı robot texnikasının qatqısını ölçmək və yerüstü robotların tapşırıqları yerinə yetirmə müddətini, aqressivliyini və zəifliklərini analiz etmək istəyən məqaləsi yer alıb.
Hazırda bir çox ölkələr döyüş robotlarının yaradılması ilə məşğul olur və onları döyüş bölmələrinə tətbiq etməyə çalışır. Nümunə üçün qeyd etmək olar ki, artıq ABŞ Ordusunda robot-itlər xidmətə başlayıb, robot-tanklar və robot-daşıyıcılar isə sınaqdan keçirilirlər.
Bundan başqa, yerüstü silah platformaları da fəal şəkildə inkişaf etdirilir. Eləcə də, müasir pilotsuz uçuş aparatlarının yeni imkanları yaradılır.
Əhəd Əzizov







