Fuad Nəcəfli ƏÜO-nun Hərbi Hava və Hava Hücumundan Müdafiə hissələrində olub – VİDEO
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava və Hava Hücumundan Müdafiə birləşmə və hissələrində olub.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev səlahiyyətli nümayəndəyə silahlanmada olan və silahlanmaya yeni daxil olunmuş silah və texnikanı təqdim edərək onların taktiki texniki xüsusiyyətləri haqqında qısa məlumat verib.
Fuad Nəcəfli hərbi hissənin şəxsi heyətinin döyüş qabiliyyətinin yüksəldilməsində, praktiki vərdişlərinin təkmilləşdirilməsində, silah və texnikanın bacarıqla idarə olunmasının öyrədilməsində istifadə olunan təlim maddi bazası ilə tanış olub, birləşmə və hissələrin idarəetmə məntəqələrinin işini təmin edən rabitə avadanlıqları və texniki vasitələrə baxış keçirib.
Səlahiyyətli nümayəndəyə Hərbi Hava Qüvvələrinin təyyarə, vertolyot və pilotsuz uçuş aparatları haqqında, eləcə də onların qorunub saxlanılması və istismarı barədə də ətraflı məlumat verilib.
Daha sonra səlahiyyətli nümayəndə Fuad Nəcəfli hərbi hissənin texniki-istismar hissəsində olaraq texnikaya göstərilən qulluqla maraqlanıb, texniki və xidməti otaqların təyinatı ilə tanış olub.
Şəxsi heyətin qidalanma şəraiti və hərbi hissənin qərargahında yaradılmış şəraitlə tanış olan səlahiyyətli nümayəndə hərbi hissənin kollektivinə xidmətlərində uğurlar arzulayıb.