Füzuli əməliyyatı Vətən müharibəsinin əhəmiyyətli döyüşlərindən olub

Füzuli əməliyyatı Vətən müharibəsinin əhəmiyyətli döyüşlərindən olub

Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.

“Poliqon”un məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 21-ci günü, oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib. “Dəmir yumruq” əməliyyatı başlayandan oktyabrın 17-dək Füzuli rayonunun 18 şəhər və kəndi, habelə Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilib.

fuzuli 78Düşmənin ən güclü müdafiə xətti adlandırdığı “Ohanyan xətti”ni Azərbaycan əsgəri elə döyüşlərin ilk günündə bir neçə saat içində darmadağın edib. Müdafiə xətti 3 mərhələdən ibarət olub. Azərbaycan Ordusu Füzuli əməliyyatına buradan başlayıb. Azərbaycan əsgəri düşmənin müdafiə xəttində yaratdığı beton sədləri, məftil xətlərini, minalanmış ərazini, habelə zirehli texnikaların hərəkətinə mane olmaq üçün qazılmış enli çuxurlar və digər maneələri darmadağın edərək “Ohanyan xətti”ni keçib. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, o cümlədən Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

fuzuli 76Oktyabrın 3-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Füzulinin Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi, bundan başqa Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin işğaldan azad ediməsi ilə nəticələnib. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilib.

Oktyabrın 9-da Azərbaycan ordusu Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərini, o cümlədən Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsini, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı kəndlərini işğaldan tam azad edib.

fuzuli 88Oktyabrın 14-də Azərbaycan ordusu irəliləməni davam etdirərək Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Təkə, Tağaser kəndlərini işğaldan azad edib. Növbəti gün ordu irəliləməni davam etdirərək üç rayon ərazisindən Füzuli şəhərinin şərq istiqamətdə bir neçə kəndi azad edib. Şəhər uğrunda gedən döyüşlərin son fazasından öncə, oktyabrın 16-da Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edib.

fuzuli 81Füzuli şəhərinin azad olunmasından öncə artıq şəhər bir necə istiqamətdə Azərbaycan ordusu tərəfindən mühasirəyə alınıb. Oktyabrın 16-dan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayıb. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalıb. Nəticədə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilib. Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 25167 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

fuzuli 79Füzuli əməliyyatı Azərbaycan Ordusunun Vətən müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. “Dəmir yumruq” əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Habelə, Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradılıb. Cəbhə xəttinin Azərbaycanın bu istiqamətdə olan yaşayış məntəqələrindən uzağa keçməsi, onların asan düşmən hədəfi olmasından qoruyub.

Xatırladaq ki, Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndi 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. 1994-cü ilin yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi – Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Birinci Qarabağ döyüşlərində Füzuli rayonu 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.

Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilib. Bu döyüşlərdə əslən Füzuli rayonundan olan 80 nəfərədək döyüşçü şəhid olub, 300 nəfərədək hərbçi yaralanıb.

fuzuli 74 fuzuli 75 fuzuli 73 fuzuli 70 fuzuli 72 fuzuli 71 fuzuli 63 fuzuli 66 fuzuli 50 fuzuli 49

Poliqon.az

CATEGORIES
TAGS