General-polkovnik Əli Nağıyev: DTX təhlükəsizlik mühitinə yönələn hər cür təhdidlərin qarşısını bundan sonra da qətiyyətlə alacaq

General-polkovnik Əli Nağıyev: DTX təhlükəsizlik mühitinə yönələn hər cür təhdidlərin qarşısını bundan sonra da qətiyyətlə alacaq

Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr regionda yaranmış yeni reallıqları qəbul etməli, Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidirlər. Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!”: “Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.

“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

DTX rəisi qeyd edib ki, bu gün “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli fərmanına uyğun olaraq, 44 günlük Vətən müharibəsi zamanı azad olunmuş torpaqlarda yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarə və şöbələri tərəfindən xidməti fəaliyyətdən irəli gələn vəzifələr uğurla icra olunur, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmaqla təhlükəsizliyin etibarlı təminatı məqsədilə kəsərli tədbirlər görülür.

“Ölkə Prezidentinin hər zaman diqqət və qayğısını hiss edən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının respublikamızın digər şəhər və rayonlarında olduğu kimi işğaldan azad olunmuş torpaqlardakı ərazi orqanlarında da öz xidmətlərini daha səmərəli, çevik və operativ təşkil etmələri üçün hərtərəfli şərait yaradılmış, maddi-texniki təchizat ən yüksək səviyyədə təmin olunmuşdur. Bu bir daha Ali Baş Komandan cənab İlham Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinə göstərdiyi etibarın və etimadın bariz təcəssümüdür.

Dövlətimizin başçısını və xalqımızı əmin edirik ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə, ölkədəki ictimai-siyasi sabitliyə və təhlükəsizlik mühitinə yönələn hər cür təhdidlərin qarşısını bundan sonra da qətiyyətlə alacaq, doğma Vətənin qorunması və müdafiəsi yolunda ümdə vəzifələrin lazımi səviyyədə icrası üçün bundan sonra da bütün qüvvə və vasitələrini səfərbər edəcək, xidməti borclarını layiqincə və vicdanla yerinə yetirərək, dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində daim ayıq-sayıq, sərvaxt duracaqdır!”, – deyə DTX rəisi general-polkovnik Əli Nağıyev vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS