“GhostEye MR” radiolokasiya stansiyası NASAMS kompleksinə inteqrasiya olunub

“GhostEye MR” radiolokasiya stansiyası NASAMS kompleksinə inteqrasiya olunub

ABŞ-ın “Raytheon” şirkəti NASAMS zenit-raket kompleksinin (ZRK) tərkib hissəsi olaraq ən yeni “GhostEye MR” hava hücumu radiolokasiya stansiyasının (RLS) sınaqlarını keçirib.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, Nyu-Meksikadakı “White Sands” raket poliqonunda keçirilən sınaqlarda NASAMS ZRK-nin tərkib hissəsi kimi işləyən “GhostEye MR” orta mənzilli RLS hədəfi müəyyən etmək və lazımi cavabı seçmək üçün hava məkanının ətraflı təsvirini təqdim edib.

Yaradıcıların fikrincə, “GhostEye MR” döyüş simulyasiyaları zamanı təhdidlərin neytrallaşdırılmasında NASAMS ZRK-ni uğurla dəstəkləyib. Bütün sistem komponentləri real təhlükə zamanı məlumat və müvafiq verilənlər mübadiləsi edərək effektiv şəkildə qarşılıqlı əlaqədə olub.

ABŞ Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyasının Strateji Planlaşdırma və Təcrübə Şöbəsinin Hava Hücumundan Müdafiə Proqramı meneceri Cim Simonds radarın imkanları ilə bağlı danışıb: “Radar uzun məsafələrdə hədəfləri sürətlə açmaq və dəqiq aşkar etmək və izləmək qabiliyyətini açıq şəkildə nümayiş etdirib, qərar qəbul etmək üçün daha geniş məsafə və vaxt təmin edib”.

Sınaqların nəticələrinə görə, RLS NASAMS kompleksləri ilə tam inteqrasiyanın mümkünlüyünü göstərib.

“GhostEye MR” orta mənzilli radiolokasiya sistemidir. O, qanadlı raketlər, təyyarələr, helikopterlər, eləcə də ballistik raketlər kimi hava hədəflərini aşkar etməyə qadirdir. Radar hazırda ABŞ ordusu üçün istehsalda olan LTAMDS (Lower Tier Air and Missile Defense Sensor) aşağı səviyyəli raketdən müdafiə sisteminin yaradılmasında istifadə edilən texnologiyadan istifadə edir.

Radiolokasiya kompleksi qallium nitridi (Gallium nitride GaN) qəbuledici-ötürücü modulları əsasında elektron skanlamalı aktiv S diapazonlu fazalı antena şəbəkəli 360 dərəcə fırlanan radiolokasiya antenası ilə təchiz edilib.

Bu radar tərəfindən hava hədəflərinin aşkarlanmasının dəqiq xüsusiyyətləri hazırda açıqlanmır. Bununla belə, layihə iştirakçılarının fikrincə, o, hazırkı AN/MPQ-64 “Sentinel” RLS-ni əvəz edərək, NASAMS-ın diapazonunu və hündürlüyünü əhəmiyyətli dərəcədə genişləndirməlidir. Sonuncu, 40 km-ə qədər məsafədə və 12 km-ə qədər yüksəklikdə (3 km effektiv aşkarlama hündürlüyündə) hədəfləri aşkar etməyə qadirdir.

NASAMS asan uyğunlaşa bilən, döyüşdə sübut edilmiş orta mənzilli hava hücumundan müdafiə həllidir.

NASAMS AN/MPQ-64 “Sentinel” RLS-dən, “Kongsberg Defence & Aerospace” şirkətinin Atəş Paylama Mərkəzindən, “Raytheon” şirkətinin buraxma qurğusundan və icraçı qurğular dəstindən, o cümlədən qabaqcıl orta mənzilli “hava-hava” sinif AMRAAM raketindən, qabaqcıl orta mənzilli “hava-hava” sinif raketdən, “hava-hava” sinif uzun mənzilli AMRAAM-ER raketindən və AIM-9X raketindən ibarətdir.

NASAMS ZRK-inin tərkib hissəsi kimi, yeni RLS AMRAAM-ER (Advanced Medium-Range Air-to-Air Missile – Extended Range) orta mənzilli raketlər də daxil olmaqla, sistemin tutucu raketlərinin məsafəsini maksimum dərəcədə artırır.

Xatırladaq ki, keçən ilin avqustunda “Raytheon” şirkəti, “GhostEye MR” radiolokasiya stansiyasının inkişafı və qiymətləndirilməsi üçün ilk hökumət müqavilələrini alıb. Bundan başqa ötən ilin sonunda ABŞ-nin “Lockheed Martin” şirkəti “Raytheon Technologies” şirkətinin ən son LTAMDS RLS-ni “Patriot” PAC-3 hava hücumundan müdafiə sisteminə uğurla inteqrasiya edib (ətraflı bax: https://poliqon.az/abs-ordusu-hhm-ni-yeni-rls-ve-tutucu…/).

Qeyd edək ki, “Raytheon” ABŞ hökumətinə, müttəfiqlərinə və tərəfdaşlarına milli suverenliklərini müdafiə etmək və onların təhlükəsizliyini təmin etməkdə kömək etmək üçün müdafiə həllərinin aparıcı təchizatçısıdır. 100 ildən artıqdır ki, “Raytheon” quruda, havada, dənizdə və kosmosda inteqrasiya olunmuş hava hücumundan və raket əleyhinə müdafiə, ağıllı silahlar, raketlər, qabaqcıl sensorlar və radiolokasiya stansiyaları, hücum və müdafiə kibertəhlükəsizlik vasitələri, tutucular, kosmik bazalanma sistemləri, hipersəs və raket əleyhinə müdafiə sahələrində yeni texnologiyaları və təkmil mövcud imkanları inkişaf etdirir.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS