GTS şirkəti BMP-1 PDM-lərin modernləşdirilməsini təklif edir
Azərbaycanın “Ground Technical Support” (GTS) şirkəti tərəfindən təklif edilən modernizasiya layihəri arasında BMP-1 piyadanın döyüş maşınlarının (PDM) modernləşdirilməsi əsas prioritet hesab edilir.
Bu barədə GTS direktorunun birinci müavini Əhəd Əzizov “Poliqon” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda dünyanın bir çox ölkəsinin ordularında, o cümlədən Azərbaycan Ordusunda keçmiş SSRİ Silahlı Qüvvələrinin silahlanmasına 1966-cı ildə qəbul edilmiş və 1966-1983-cü illərdə istehsal olunmuş BMP-1 piyadanın döyüş maşınları istismar edilməkdə davam edir: “BMP-1 PDM-i motoatıcı bölmələrin döyüş meydanına daşınması, döyüş zamanı bölmələrin atəş dəstəyi vəzifələrinin yerinə yetirilməsi, düşmənin canlı qüvvəsi və zirehli hədəfləri ilə mübarizə aparmaq üçün təyin edilib.
Quruluşunun sadə, istifadəsinin və texniki qulluğunun rahat olması səbəbindən PDM-in təkmilləşdirilməsi hazırda da davam etdirilməkdədir. Bu da onun əsasən silah sisteminin müasir döyüşün tələblərinə cavab verməməsindən irəli gəlir. Belə ki, standart BMP-1 döyüş maşınının silahlanmasına 73 mm-lik hamar lüləli 2A28 “Qrom” topu və onunla qoşalaşdırılmış 7,62 mm-lik PKT pulemyotu, həmçinin 9M14M “Malyutka” tank əleyhinə idarəolunan raket (TƏİR) buraxma qurğusu (BQ) və desant bölməsində bərkidilə və nəql edilə bilən 9K32 “Strela-2” daşınan zenit raket kompleksi (DZRK) daxildir. Döyüş maşınının 73 mm-lik hamar lüləli topu müasir tələblərə cavab vermir, çünki əsas atəş tapşırıqları yerinə yetirmək üçün – tanklar üçün təhlükəli olan canlı qüvvənin qarşısını almaq və məhv etmək üçün döyüş dəstində cəmi 16 dəst OQ-9 qəlpəli qumbaralı atəş yığımı mövcuddur. Maşının əsas silahından yerüstü hədəflərə qarşı atəş məsafəsi 1,3-1,6 km-dir, effektiv atəş məsafəsi isə daha azdır. Aşağı qalxma bucağına malik olması səbəbindən bu PDM-in silahları hava hədəflərinə atəş açmaq üçün uyğun deyil. Silah stabilizatorunun olmaması hərəkətdə effektiv atışa imkan vermir. Tank əleyhinə 73 mm-lik kumulyativ qumbara tanklara atəş açdıqda aşağı effektivliyə malikdir, müasir tankı məhv etmək üçün 40-a qədər atəş açmaq tələb olunur.
Döyüş maşınının əsas silahı olan 2A28 “Qrom” topunu texniki baxımdan tam hüquqlu tank əleyhinə silah adlandırmaq bir qədər çətindir. Əslində, bu top, düşmən zirehli maşınlarını yalnız 800-900 metrlik yaxın məsafədə məhv etmək üçün əlverişli olan 73 mm-lik SPQ-9 markalı tank əleyhinə dəzgahlı qumbaraatanın qısaldılmış versiyasıdır.
Yaxın təmas döyüşündə heyətin nişan almaq üçün çox vaxtı olmadığından, dəqiqədə 6 atəşə qədər olan aşağı atəş tempi, əllə yerinə yetirilən yenidən doldurma prosesi və silah sisteminin sabitləşməsi üçün stabilizatorun olmaması 2A28 “Qrom” topunu piyadalarla mübarizədə də təsirsiz hala gətirir. Lülənin 15°-lik kiçik qalxma bucağı isə yüksəkliklərə işləmək tələbi olan şəhər binaları arasında və dağlıq ərazilərdə onu yararsız edirdi”.
Əhəd Əzizov bildirib ki, bütün sadalanan halları nəzərə alaraq, “Ground Technical Support” şirkəti tərəfindən təklif edilən layihədə ilk növbədə döyüş maşınının silah sisteminə diqqət yetirilir. Bundan irəli gələrək isə BMP-1 PDM-inin modernləşdirilməsi iki variantda təklif edilir:
– birinci variant modernləşdirmədə BMP-1 PDM-dən ştat silahlanmalı qüllə çıxarılır və onun yerinə 23 mm-lik ZU-23-2 qoşalaşdırılmış zenit qurğusundan ibarət yeni döyüş modulları quraşdırılır. Bu zaman zenit qurğusunun təkərli gedişli platforması çıxarılır, qaldırma və döndərmə mexanizmləri avtomatikləşdirilir (qurğu elektrik idarəetmə ötürücüləri ilə təchiz edilir), sutkanın istənilən vaxtında və istənilən hava şəraitində atəş aparmanı təmin edən optik-elektron avadanlıq bloku, həmçinin lazer məsafəölçən quraşdırılır. Sistem 23 mm-lik avtomatik toplarla uzaqlıq üzrə 2,5 km-ə qədər və hündürlük üzrə 2,0 km-ə qədər məsafədəki düşmənin alçaqdan uçan helikopter, pilotsuz uçuş aparatı və s. kimi hava hədəflərini effektiv məhv edə bilir;
– ikinci variantda isə BMP-1 PDM-dən ştat silahlanmalı qüllə çıxarılır və onun yerinə hidrogen dəstəkli çoxfunksiyalı ağıllı müdafıə sistemi və iki ədəd 23 mm-lik 2A13 avtomatik toplu yeni döyüş modulu quraşdırılır. Ağıllı Müdafiə Sistemi radar optik sistem inteqrasiyası ilə asimmetrik və ya sabit düşmən hədəflərini aşkarlaya və izləyə bilən sistemidir, özündə çoxlu sabit qanad, dron və oxşar faydalı yüklər üçün hidrogen mühərrik sistemini ehtiva edir. Sistem həm 23 mm-lik avtomatik toplarla uzaqlıq üzrə 2,5 km və hündürlük üzrə 2,0 km-ə qədər, həm də antidron sistemindən buraxılan kiçik dronlarla (ümumilikdə 16 dron) 10 km-ə qədər məsafədəki düşmənin alçaqdan uçan helikopter, pilotsuz uçuş aparatı və s. kimi hava hədəflərini effektiv məhv edə bilir.
Direktor müavini bildirib ki, hər iki variantda yerinə yetiriləcək modernləşdirmə nəticəsində BMP-1 PDM həm yerüstü hədəflərə, həm də alçaqdan uçan hava hədəflərinə qarşı daha uzun mənzillərdə effektiv mübarizə aparmaq qabiliyyəti əldə edəcəkdir.
“Ümumilikdə köhnəlmiş döyüş texnikalarının yeni vəziyyətə gətirilərək sıraya qaytarılması bütün dünyada olduqca yayılmış bir tətbiqdir. Bu yeni nümunə ilə nisbətdə ucuz başa gəlir və üzərində işlər sürətlə yerinə yetirilir, həmçinin çox zəhmət tələb etmir. Bütün hallarda, müasir silahlanma kompleksi əldə edən BMP-1, bu və ya digər şəkildə döyüş qabiliyyətlərinə görə BMP-2 piyadanın döyüş maşınına yaxınlaşır və hətta bəzi cəhətlərinə görə isə onu üstələyir”, – GTS direktorunun birinci müavini Əhəd Əzizov vurğulayıb.