HAVELSAN “AsisGuard” səhmlərinin 49 faizini satın alıb
Türkiyənin HAVELSAN şirkəti “AsisGuard” səhmlərinin 49 faizlik hissəsini satın alıb.
“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, bununla bağlı şirkətlər arasında müqavilə imzalanıb.
Bildirilib ki, sözügedən müqavilənin imzalanmasında məqsəd HAVELSAN-ın məhsul və layihə çeşidini genişləndirmək, eləcə də HAVELSAN brendinin gücü ilə “AsisGuard” şirkətinin yeni bazarlarda daha çox söz sahibi olmasını və biznes potensialının artırılmasını təmin etməkdir.
Satınalma ilə bağlı fikirlərini bölüşən HAVELSAN-ın baş direktoru Akif Nacar, hər iki şirkətin bir müddətdir bəzi layihələrdə mühəndislik imkanlarını yaxşı şəkildə birləşdirdiyini və bu amilin müqavilənin imzalanmasında vacib rol oynadığını vurğulayıb.
Qeyd edək ki, “AsisGuard” şirkəti hazırda elektro-optik görüş sistemləri, sərhəd mühafizə sistemləri, hərbi avtomobillər üçün elektron sistemlər, silahlı/silahsız dron sistemləri və s. məhsulların istehsalı ilə məşğul olur.