TexnologiyaXəbərlər

HAVELSAN-ın proqram təminatları NATO sınağından uğurla keçib

HAVELSAN şirkətinin komanda-idarəetmə, məlumat mübadiləsi, təhlükəsiz informasiya ötürülməsi və sistem inteqrasiyası sahələrində hazırladığı 4 proqram təminatı Polşada keçirilən CWIX təlimində sınaqları uğurla başa vuraraq NATO sertifikatlaşdırma prosesinə daxil edilib.

“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, şirkət müxtəlif ölkələrin Silahlı Qüvvələrinin birgə əməliyyatlarda effektiv fəaliyyət göstərməsini təmin edən həllərinə yenilərini əlavə edib.

Bildirilib ki, HAVELSAN tərəfindən hazırlanmış DOOB-HQ, KAPI, “Embedded NONC2 ATA DLP” və LYNX imkanları NATO-nun hər il Polşada təşkil etdiyi “Coalition Warrior Interoperability Exploration”, “Experimentation”, “Examination Exercise” (CWIX) təlimi çərçivəsində NATO sertifikatlaşdırma prosesinə daxil olub.

Sözügedən imkanlar NATO sertifikatlaşdırılması çərçivəsində keçirilən “Assurance Verification and Validation” (AV&V) testlərini uğurla tamamlayıb.

Bu imkanlar NATO-nun “Federated Mission Networking” (FMN) arxitekturasına uyğunluğun rəsmi təsdiqini təmin edən xüsusi sınaqlardan keçib.

Ölkələrin komanda-idarəetmə informasiya sistemlərinin həm NATO, həm də digər ölkələrin sistemləri ilə qarşılıqlı işləmə qabiliyyətinin yoxlanıldığı CWIX təlimində “FMN Spiral 4” sertifikatlarının əldə edilməsi 2025-2027-ci illərdə keçiriləcək NATO əməliyyatlarında iştirak üçün mühüm ilkin şərtlərdən biri hesab olunur.

HAVELSAN-ın yeni imkanlarının sertifikatlaşdırma prosesinə daxil edilməsi şirkətin məhsullarının NATO standartlarına uyğunluq və qarşılıqlı işləmə qabiliyyəti sahəsində çatdığı yüksək səviyyəni nümayiş etdirib.

Bununla da HAVELSAN daha əvvəl NATO standartlarına uyğunluğu təsdiqlənmiş məhsul portfelini komanda-idarəetmə, sistem inteqrasiyası, təhlükəsiz məlumat mübadiləsi və taktiki rabitə sahələrində 4 kritik proqram təminatı ilə genişləndirib.

HAVELSAN hazırladığı imkanlarla 2012-ci ildən etibarən CWIX təlimində fəal iştirak edir. Şirkət 2019-cu ildə DOOB və KAŞİF, 2023-cü ildə ADVENT CMS və ADVENT MARTI, 2024-cü ildə KARTAL və NONC2 ATA DLP, 2025-ci ildə isə DOOB-HQ, DOOB-TACTICAL, KAŞİF, OCTOPUS, NONC2 ATA DLP və TDLYM məhsulları ilə AV&V sertifikatını almağa layiq görülüb.

2026-cı il 6-26 iyun tarixlərində keçirilən CWIX təlimində NATO və Avropa İttifaqı da daxil olmaqla 46 ölkədən 20 müxtəlif fəaliyyət istiqaməti üzrə 780 sistem və 3 mindən çox şəxsi heyət iştirak edib.

HAVELSAN təlimdə MIP, TDL, MDC2, DM, COMMS, GEOMETOC, CBRN, FMNCS, AIR, MARITIME, M&S və CYBER istiqamətlərində ADVENT KALYON, ADVENT UFUK, TALAY/REI, DOOB-HEADQUARTER, DOOB-MOBILE, KAŞİF, KBRN, OCTOPUS, KAPI, NONC2 ATA DLP, “Embedded NONC2 ATA DLP”, LYNX, I-SMART, FIVE, “RtaaS” və ICS SENTINEL sistemləri ilə iştirak edib.

Bundan əlavə, HAVELSAN bu il ilk dəfə olaraq hava istiqamətində LYNX və “Embedded NONC2 ATA DLP”, GEOMETOC istiqamətində ADVENT TALAY/REI, FMN əsas imkanları istiqamətində KAPI, kiber istiqamətində ICS SENTINEL, modelləşdirmə və simulyasiya istiqamətində isə FIVE imkanları ilə təmsil olunub.

HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar bildirib ki, CWIX təlimində 4 yeni imkanın NATO sertifikatlaşdırma prosesinə daxil edilməsi milli proqram təminatlarının beynəlxalq səviyyədə qəbul olunduğunu və ən yüksək qarşılıqlı işləmə standartlarına cavab verdiyini göstərən konkret sübutdur.

“Uzun illərdir malik olduğumuz NATO standartlarına uyğun sistemlərin hazırlanması və inteqrasiyası sahəsindəki təcrübəmizi əldə etdiyimiz sertifikatlarla daha da möhkəmləndirdik. Birgə əməliyyatlar, kiber və modelləşdirmə-simulyasiya istiqamətlərində genişləndirdiyimiz iştirakımızı qarşıdakı dövrdə süni intellekt dəstəkli komanda-idarəetmə imkanları ilə davam etdirəcəyik. Proaktiv yanaşma ilə Türkiyə Silahlı Qüvvələrinin müasir döyüş şəraitinin tələblərinə cavab verən imkanlar hazırlamağa və beynəlxalq bazarda rəqabətqabiliyyətli həllər təqdim etməyə davam edəcəyik”, – deyə baş direktor vurğulayıb.

Back to top button