Hidayət Əzimov Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyətini qəbul edib
Avqustun 14-də Azərbaycan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ölkəmizdə işguzar səfərdə olan Özbəkistan investisiyalar, sənaye və ticarət nazirinin müavini Akram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, H.Əzimov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.
Səmimi qəbula görə təşəkkür edən A.Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib.
Görüş zamanı türk xalqlarının həmrəyliyinin əhəmiyyəti vurğulanıb, Azərbaycan və Özbəkistan arasında münasibətlərin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd edilib, müdafiə sənayesi sahəsində əlaqələrin mövcud vəziyyəti, gələcək əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.