Hindistan HDQ “INS Vagir” sulatı qayığını silahlanmaya qəbul edib
P75 “Kalvari” (“Scorpene”) sinifinə aid olan “INS Vagir” sulatı qayığı Hindistan Hərbi Dəniz Qüvvələri tərəfindən silahlanmaya qəbul edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Fransanın “Naval Group” şirkəti məlumat yayıb.
Bildirilib ki, “INS Vagir”in Donanmya qəbul olunması mərasimində Hindistan Hərbi Dəniz Qüvvvələrinin komandanı admiral Hari Kumar, yüksək rütbəli hərbçilər, dövlət və şirkət nümayəndələri iştirak edib.
“INS Vagir” Hindistan HDQ üçün inşa edilən P75 “Kalvari” sinifindəki beşinci sualtı qayıqdır. O, Hindistanın “Mazagon Dock Shipbuilders Limited” (MDL) tərsanəsi tərəfindən “Naval Group” şirkətinin “Scorpene” sualtı qayığının dizaynı əsasında inşa olunub və 2020-ci ilin noyabr ayında dəniz sınaqlarının keçirilməsi üçün suya endirilib.
Bu sinifə daxil olan digər “INS Kalvari”, “INS Khanderi”, “INS Karanj” və “INS Vela” sulatı qayıqları sıra ilə 2017-ci ilin dekabrında, 2019-ci ilin sentyabrında, 2021-ci ilin martında və 2021-ci ilin noyabrında Hindistan HDQ-nin istismarına verilib.
Qeyd edək ki, sinifin altıncı və sonuncu “INS Vagsheer” sualtı qayığı isə 2024-cü ildə Hindistan HDQ-ə təhvil veriləcək.