Hindistanda beşinci nəsil qırıcının hazırlanması təsdiqlənib
Hindistan Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi “Qabaqcıl Orta Döyüş Təyyarələri” (Advanced Medium Combat Aircraft – AMCA) proqramı çərçivəsində yerli beşinci nəsil qırıcının inkişafının davam etdirilməsini təsdiqləyib.
“Poliqon” “Defense News”a istinadən xəbər verir ki, təyyarə üzərində işlərə Dövlət Aviasiya İnkişaf Agentliyi (The state-run Aeronautical Development Agency) və “Hindustan Aeronautics Ltd” şirkəti rəhbərlik edir.
Bildirilib ki, martın əvvəlində Hindistan Nazirlər Kabineti ikimühərrikli təyyarənin layihələndirilməsi, inkişafı, uçuş sınaqları və sertifikatlaşdırılmasını maliyyələşdirmək üçün layihəyə 150 trilyon rupi (1,8 milyard ABŞ dolları) ayırıb.
Agentliyin AMCA layihə direktoru Krişna Rajendra qeyd edib ki, təyyarənin beş prototipinin yaradılması planlaşdırılır və qırıcının ilk uçuşu 2028-ci ilin sonuna qədər baş tutacaq.
Hindistan hərbi-dəniz aviasiyasının keçmiş sınaqçı-pilotu və aviasiya şərhçisi Sanjeev Kumar (Sanjeev Kumar) isə təyyarənin 2040-cı ildən tez olmayaraq istismara icazə alacağını ehtimal edir.
Hindistan Hərbi Hava Qüvvələri (HHQ) yeni təyyarələrin yeddi eskadrilyasını almağı planlaşdırır. Hökumət AMCA-nın seriya istehsalına nə vaxt başlayacağını rəsmi şəkildə açıqlamasa da, Hindistan mediası 2035-ci il tarixinə istinad edir.
AMCA-nın ilk iki Mk-1 eskadrilyasının 9,9 min kiloqram-qüvvəyə malik “General Electric F414” mühərrikləri ilə təchiz olunması planlaşdırılır. Sonrakı Mk-2 təyyarələri isə 11,3 min kiloqram-qüvvə qədər dartqı verən idarə olunan vektorlu təkan mühərriki alacaq.
Qırıcının inkişafında mövcud olan əsas maneə onun mühərrikidir. Rusiyanın AL-41F ailəsinin mühərrikləri çox böyükdür və ABŞ-nin F-414 mühərriki isə kifayət qədər güclü deyil. Bu səbəbdən, Hindistan 10 min kiloqram-qüvvəyə qədər dartqıya malik “GTX-35VS” istifadə edilə bilər. Bununla belə, onların etibarlılığı aşağıdır, buna görə də son seçim hələ edilməyib.
Qeyd edək ki, AMCA-nın hazırlanmasına 2006-cı ildə başlanmış və onun layihələndirilməsi 2022-ci ildə yekunlaşdırılmışdır. Keçən ilin dekabrında o, platforma səviyyəsində konstruksiyanın kritik layihə baxışından uğurla keçmişdir.
AMCA orta sinifə aiddir və geniş imkanlara malikdir. Təyyarə layihəyə uyğun təqribən 17 metr uzunluğa və 10,5 m qanad açıqlığına sahib olacaq. Onun uçuş kütləsi 23 tona çatacaq. Qurğunun V formalı quyruğu, həmçinin xüsusi gövdə forması və “stels” örtüyü var. Qırıcı 15 kilometrə qədər yüksəklikdə 2 min km/saat sürətlə uçmaq imkanına malikdir.
Tam dolu vəziyyətdə o, min kilometrə qədər radiusda uça biləcək. Silah qismində, təyyarə daxili bölmədə 5 raket və ya bomba, həmçinin qanad altında 10-a qədər raket daşıya bilər. Bütün bu silahların ümumi çəkisi 5,5 tona qədərdir.
Xatırladaq ki, AMCA Hindistanın ikinci yerli qırıcı proqramıdır. Bununla belə, bundan əvvəlki “Tejas” qırıcısının ilk uçuşu 2001-ci ildə baş tutub və ilk “Tejas” təyyarəsi 15 il sonra əməliyyat eskadrasına daxil olmuşdur ki, bu da AMCA-nın vaxt qrafikinin dəyişə biləcəyini göstərir. Hindistan həmçinin “Tejas” yüngül qırıcısı üçün “Kaveri” mühərrikini inkişaf etdirməyə cəhd edərkən baha başa gələn uğursuzluğa düçar olmuşdur.
AMCA Hindistan HHQ-də silahlanmada olan “Jaguar”, “Mirage 2000” və “MiQ-21bis” qırıcılarını əvəz edəcək.
Əhəd Vahidoğlu