Yunanıstan Ordusu “Patroller MALE” PUA-larını almağa başlayıb

Yunanıstan Ordusu “Patroller MALE” PUA-larını almağa başlayıb

Yunanıstan Ordusu Fransanın “Safran” (“Safran Electronics & Defence”) müdafiə şirkətindən yeni tip “Patroller MALE”  (Medium-Altitude Long-Endurance) kəşfiyyat pilotsuz uçuş aparatları (PUA) almağa başlayıb.

Bu barədə “Poliqon” “Safran” şirkətinə istinadən məlumat verib.

Yeni PUA-lar Yunanıstan Quru Qoşunlarının ordu aviasiyasının (Elliniki Aeroporia Stratou) tərkib hissəsi olacaq və 1990-cı illərdə hazırlanmış “Sperwer” kəşfiyyat PUA-larının donanmasını əvəz edəcək.

Ümumilikdə, imzalanmış müqavilə çərçivəsində Yunanıstanın Quru Qoşunları 4 ədəd “Patroller MALE” PUA və 3 idarəetmə stansiyası alacaq. İlk idarəetmə stansiyası və PUA müvəqqəti olaraq Ordu Aviasiya Təlim Mərkəzinin (Kéntro Ekpaídefsis Aeroporías Stratoú – KEAS) yerləşdiyi İsgəndəriyyə Hidas aviabazasında yerləşəcək.

PUA-lar Quru Qoşunlarının bölmələri ilə sıx əməkdaşlıq şəraitində işləyən 472-ci və 473-cü kəşfiyyat və informasiya texnologiyaları taborlarının (Tagma Epitirisis Pliroforikis – TEPP) tərkibinə daxil olacaq.

Xatırladaq ki, “Patroller MALE” kəşfiyyat PUA-larının alınması ilə bağlı müqavilə 2023-cü ilin iyununda imzalanıb və kəşfiyyat potensialının gücləndirilməsi çərçivəsində onlar Heraklion, Krit və Kavala aviabazalarında yerləşdiriləcək. Qeyd edim ki, Yunanıstan 2023-cü ildə Fransa Ordusunun döyüş hissələrinə tədarük edilməyə başlayan Fransanın yeni “Patroller MALE” PUA-larının ilk xarici müştərisidir. “Patroller MALE” PUA-nın dəyəri təqribən 30 milyon avrodur.

“Patroller MALE” 2012-ci ildə Fransanın SAGEM (indiki “Safran”) şirkəti tərəfindən Almaniyanın “Stemme” şirkəti ilə birlikdə hazırlanmış çoxməqsədli hərbi PUA-dır.

Çoxməqsədli PUA-nın “Patroller” modelinin layihələndirilməsinı 2008-ci ildə başlanılıb. Yeni PUA sırf hərbi məqsədlər üçün təyin edilib, xüsusən də qurğu ərazinin kəşfiyyatı, artilleriya zərbələrinin tənzimlənməsi, düşmənin və hava hədəflərinin 250 kilometr radiusda gizli hərəkətini aşkar etmək üçün nəzərdə tutulub.

“Patroller MALE” PUA-nın ilk prototipi 2009-cu ildə Parisdə keçirilən “Paris Air Show” aerokosmik sərgisində təqdim edilib, lakin əslində bu aparat inkişaf etdirilməyə davam etmiş və yalnız 2012-ci ildə o, çox uğurla başa çatan ilk uçuş sınaqlarından keçmişdir. Bu da pilotsuz uçuş aparatlarının seriyalı istehsalını yaratmağa imkan vermişdir.

“Patroller MALE” PUA-nın konstruksiyası mülki “Stemme ASP S-15” planeri əsasında hazırlanıb, lakin daha yığcamdır ki, bu da onun manevr qabiliyyətini artırıb. Kifayət qədər böyük qanad açıqlığı PUA-nın kifayət qədər uzun müddət havada qalmasına imkan verir. Rəsmi məlumatlara görə, PUA ərazidə 20 saata qədər patrulluq edə bilər, lakin eyni səbəbdən “Patroler MALE” PUA hava hücumundan müdafiə sistemlərinə qarşı həssasdır.

Digər rəqəmsal müharibə aparma vasitələri ilə inteqrasiya oluna bilən PUA əsaslı “Patroller MALE” real vaxt rejimində müşahidə və kəşfiyyat sistemidir. Onun yerüstü əməliyyatları dəstəkləmək, ön döyüş bölmələrinin mühafizəsinə kömək etmək və kəşfiyyat məlumatlarını toplamaq üçün komanda bölmələri tərəfindən istifadə ediləcəyi gözlənilir.

Aparatın modul konstruksiyası ona ümumi çəkisi 250 kq-dan çox olan faydalı yükü planerdə və ya asma konteynerlərdə quraşdırılmış çoxsensorlu kəşfiyyat avadanlığı (optik-elektron, radar və elektron kəşfiyyat) şəklində daşımağa imkan verir.

Faydalı yük avadanlığına Qlobal mövqeləmə sistemi (Global Positioning System – GPS), İnersial naviqasiya sistemi (Inertial Navigation System – INS), yığılan şassi, yüksək ayırdetməli Matis IR 3-5µ rəngli elektro-optik kamera, tripleks avionika, lazer telemetriya sistemi, Euroflir 410 SP, Euroflir 350 EOS daxildir.

“Patroller MALE” PUA yüksək ayırdetmə qabiliyyətinə malik “Sagem Euroflir 350” hiro-stabilləşdirilmiş optik-elektron modulunun versiyası ilə və ərazinin şəklinin aydın görüntülərini ötürməyə imkan verən yüksək ayırdetməli elektro-optik kamera, eləcə də əlverişsiz və ya qeyri-kafi görmə şəraitdə vəziyyəti izləməyə imkanı verən infraqırmızı kamera olmaqla iki növ kamera (Euroflir 410 EO və IR sensors) ilə təchiz olunub.

Bundan başqa, “Patroller MALE” PUA ona yaxınlaşan hava hədəflərini aşkar etməyə imkan verən radiolokasiya sistemi ilə təchiz edilib.

Qeyd edildiyi kimi, “Patroller MALE” PUA yüksək ayırdetmə qabiliyyətinə malik Euroflir™ 410 EO/IR pod, COMINT (COMmunication INTelligence) sensoru və ya hərəkət edən hədəfləri (moving targets – MTI) aşkar edən sintetik apertura radarı (Synthetic Aperture Radar – SAR) ilə birlikdə təchiz edilib. Bu konfiqurasiyaya əsaslanaraq, “Patroller MALE” sahədəki qoşunların qorunmasına töhfə verir. O, həm də radioelektron mübarizə (Electronic Warfare – EW) əməliyyatları apararkən, taktiki vəziyyətlər haqqında məlumat verir.

Müşahidə tapşırıqları üçün təyin olunmuş əsas “Patroller R” platformasına əlavə olaraq, “Safran” şirkəti dəniz patrulu üçün versiya və ölkənin hava məkanının müdafiəsi üçün versiya təklif edir. Birinci versiya “Patroller M”, ikincisi isə “Patroller S” olaraq adlanır.

Dənizdə müşahidə tapşırıqları üçün “Patroller MALE” PUA çoxrejimli müşahidə radiolokasiya stansiyası ilə təchiz olunub və bu, böyük zonada dəniz fəaliyyətinin uzun məsafədən aşkarlanmasına imkan verir. Bu versiyaya həmçinin gəmilərin təsnifatını həyata keçirmək üçün Avtomatik İdentifikasiya Sistemi (Automatic Identification System – AIS) daxildir. Yekun identifikasiya Euroflir™ 410 vasitəsilə həyata keçirilir.

“Safran” şirkəti “Patroller MALE” PUA-nın aşağıdakı xüsusiyyətlərə sahib olduğunu iddia edir:
– mühərrik: 86 kVt (115 a.g.) gücə malik Rotax 914F;
– uzunluğu: 8,5 metr;
– qanadlar üzrə eni (qanad çıqlığı): 18 metr;
– hündürlüyü: 2,45 metr;
– kütləsi: 660 kq;
– faydalı yükün kütləsi: 210 kq;
– maksimal uçuş sürəti: 314 km/saat;
– kreyser sürəti: 100-200 km/saat;
– maksimal uçuş hündürlüyü: 7620 metr;
– uçuş məsafəsi: 180 km (düzünə görmə ilə);
– maksimal uçuş məsafəsi: 1000 km (SATCOM peyk rabitəsi ilə);
– avtonomluğu: 20 saat.

Əhəd Vahidoğlu

CATEGORIES