Hindistanda SAMAR-1 ZRK-nin atışları nümayiş olunub

Hindistanda SAMAR-1 ZRK-nin atışları nümayiş olunub

Hindistanda ilk dəfə olaraq qısa mənzilli SAMAR-1 (Surface to Air Missile for Assured Retaliation) zenit-raket kompleksinin (ZRK) atışları ictimaiyyətə nümayiş etdirilib.

“Poliqon” Hindistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayiş fevralın 17-də illik “Vayu Şakti-24” hərbi təlimi çərçivəsində baş tutub.

Sistem normativ xidmət müddətini başa vuracaq infraqırmızı özütuşlama başlıqlı “hava-hava” sinif R-73E “Vimpel” raketlərinin istifadəsi üçün nəzərdə tutulub.

2023-cü ilin dekabrında Hindistan Hərbi Hava Qüvvələri (HHQ) ilk SAMAR-1 ZRK-ni döyüş növbətçiliyinə daxil edib. Təqdim olunan sistemlərin rəsmi sayı açıqlanmır, lakin “Janes” portalının hesabatında deyilir ki, söhbət keçən ilin əvvəlində sifariş edilmiş beş sistemdən gedir. Silahlanmaya qəbul edilməzdən əvvəl, 2022-2023-cü illərdə atışlar yerinə yetirilib.

SAMAR-1 qısa mənzilli ZRK 10-12 km-ə qədər məsafədə aşağıdan uçan hava hədəfləri ilə mübarizə aparmaq üçün təyin edilib. Hədəfin məhv edilmə hündürlüyü açıqlanmır.

SAMAR-1 ZRK-nin yaradıcıları Hindistan HHQ-nin 7-ci və 11-ci Təmir Bazaları və Hindistanın özəl “Simran Flowtech Industries” və “Yamazuki Denki” müdafiə şirkətləridir.

Sistemin elementləri 4×4 təkər formullu “Ashok Leyland Stallion” yük maşınının şassisinə quraşdırılıb. Avtomobilin arxa hissəsində, arxa təkər cütünün üstündə, ayrı-ayrılıqda yerləşən, hər biri təyyarələrdən götürülmüş öz buraxma avadanlığında olan iki raket üçün tirvari dönən buraxma qurğusu quraşdırılıb. Sistemin və avadanlıqların köməkçi elementləri özüyeriyən buraxma qurğusunun heyət kabinasının arxasında yerləşir.

Yolsuzluq şəraitində hərəkət zamanı SAMAR-1 ZRK-nin dönən buraxms qurğusu və digər elementləri avtomobil təyinat yerinə çatdıqdan və döyüş mövqeyində açılmağa başladıqdan sonra çıxarılan tentenin altında gizlənir. Maşın dörd hidravlik dayağa malikdir.

Kompleks hərbi qulluqçuların yerüstü buraxma qurğularından istismar müddətini başa vurmuş “hava-hava” sinif R-73 aviasiya raketlərindən istifadə edə bilməsi üçün yaradılıb. Bu Sovet/Rusiya raketləri Hindistan HHQ-nin silahlanmasında çoxlu saydadır.

Sovet/Rusiya istehsalı olan, ABŞ və NATO təsnifatı üzrə AA-11 “Archer” adlandırılan R-73, infraqırmızı özütuşlama başlıqlı “hava-hava” sinif qısa mənzilli idarə olunan raketdir. O, hava hədəfləri – avtomatik süzən aerostatlar (şarlar), manevr edən təyyarələr, helikopterlər və qanadlı raketlər ilə mübarizə üçün təyin edilib. Raket həmçinin daşıyıcının raketdən müdafiəsini təşkil etməyə də xidmət edə bilər. Raketin əsas istismarçıları sırasına Rusiya, Ukrayna, Çin və Hindistan daxildir. Bunlardan başqa Azərbaycan da daxil olmaqla daha 17 ölkənin HHQ bu raketlərdən istifadə edir.

Qeyd edək ki, ilk dəfə olaraq “SAMAR-1” buraxma qurğusu və ya maketi Hindistanda 2021-ci ilin martında ZIL-131 ordu yük maşınının bazasında olduğu zaman təqdim edilib.

Əhəd Vahidoğlu

CATEGORIES