
İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti müasir donanmaların əməliyyat imkanlarını artırmaq üçün nəzərdə tutulmuş DIAMOND adlı qabaqcıl hibrid dəniz döyüşü həllini təqdim edib.
“Poliqon” IAI-yə istinadən xəbər verir ki, DIAMOND sistemi əsas döyüş gəmisinin (freqatın) hücum və müdafiə qabiliyyətlərini modul sistemlər vasitəsilə genişləndirir.
Sözügedən modul sistemlər əsas gəmi ilə birlikdə fəaliyyət göstərən kiçik “qanad gəmiləri” üzərində yerləşdirilir. Bu sayədə onlar uzaqdan əsas gəmi tərəfindən idarə olunur və sanki birbaşa onun üzərində quraşdırılmış kimi işləyir. Eyni zamanda, əsas gəminin radar və atəşi idarəetmə sistemləri ilə tam inteqrasiya edilir və beləliklə, freqatın əməliyyat imkanlarını effektiv şəkildə genişləndirir.
Kiçik “qanad gəmiləri” missiya tələblərinə uyğun olaraq tez konfiqurasiya edilə bilər ki, bu da əməliyyat çevikliyi, sürətli yerləşdirmə və dəyişən dəniz təhdidlərinə real vaxtda cavab imkanı yaradır. Modul sistemlər standart konteyner ölçüsündə hazırlanır və əməliyyat ehtiyaclarına görə saatlar içində yerləşdirilə, dəyişdirilə və ya yenidən konfiqurasiya olunması mümkündür.
DIAMOND “plug-and-play” rejimində geniş imkanları özündə cəmləşdirir: Bunlara HAROP, HARPY və “Mini-HARPY” kimi kamikadze PUA-lar, “Blue Spear” qanadlı raketləri, LORA ballistik raketləri, BARAK MX hava hücumundan müdafiə raketləri, pilotsuz uçuş aparatlarına qarşı sistemləri və s. Bu “qanad gəmiləri” çox sayda tutucu raket və dəqiq zərbə sistemlərininin sayını artıraraq, freqatın əməliyyat əhatəsini genişləndirir.
Uzunmənzilli hava hücumundan müdafiə və dəniz/quru hədəflərinə qarşı dəqiq zərbə imkanları ilə təchiz edilmiş bu sistemlər eyni vaxtda həm hücum, həm də müdafiə əməliyyatlarını aparmağa, missiya konfiqurasiyasını sürətlə dəyişməyə və dəyişən əməliyyat tələblərinə uyğunlaşmağa imkan verir.
DIAMOND həlli inteqrasiya olunmuş hazır (off-the-shelf) sistem kimi təqdim olunur və yeni döyüş gəmilərinin inşasına və ya uzun inteqrasiya proseslərinə ehtiyacı aradan qaldırır. Bu sistem sürətli yerləşdirmə, qısa əməliyyat müddətləri, xərclərin azaldılması və yeni yaranan təhdidlərə uyğun davamlı modernizasiya imkanı təmin edir.
IAI İdarə Heyətinin sədri Boaz Levi bildirib ki, şirkət yeni DIAMOND həllini təqdim etməkdən qürur duyur: “Modul arxitektura və artırılmış atəş gücünü birləşdirən bu yeni sistem dəniz müharibəsində əsaslı bir dəyişiklikdir və donanmalara inkişaf edən təhdidlərə real vaxtda misilsiz çeviklik və effektivliklə cavab verməyə imkan verəcək”.
Öz növbəsində IAI-nin Kosmik Raketlər və Kosmik Qrupunun Baş vitse-prezidenti və baş direktoru Qay Barlev, müasir dəniz döyüşlərinin platforma mərkəzli əməliyyatlardan adaptiv, şəbəkə əsaslı qüvvə strukturlarına doğru dəyişdiyini vurğulayıb. O, DIAMOND-ın donanmalara bahalı yeni gəmilər inşa etmədən döyüş gücünü, dayanıqlığını və missiya davamlılığını artırmaq imkanı verdiyini qeyd edib.




