IDEX-2023: “Kalaşnikov” PPK-20 tapança-pulemyotunu və SVÇ “Çukavin” snayper tüfəngini təqdim edib
Rusiyanın “Kalaşnikov” konserni IDEX-2023 sərgisində PPK-20 tapança-pulemyotunu və SVÇ “Çukavin” snayper tüfəngini təqdim edib.
“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda hər iki məhsulun qlobal bazarda yaxşı ixrac perspektivlərinin olduğu və konsernin artıq PPK-20-nin tədarükü üzrə ixrac müqavilələrini yerinə yetirdiyini bildirilib.
Qeyd edilib ki, sərgi zamanı “Kalaşnikov” konserni həm PPK-20-nin, həm də SVÇ “Çukavin”in əlavə satışlarının həyata keçirilməsi üçün xarici nümayəndə heyətləri ilə bir sıra danışıqlar aparır.
PPK-20 tapança-pulemyotu “Vityaz-MO” proqramı çərçivəsində “Vityaz-SN” avtomatınının bazasında hazırlanıb. Silah istənilən 9×19 mm çaplı döyüş sursatları ilə istismar imkanları təmin edir və müasir erqonomik tələbləri ödəyir. Bundan başqa PPK-20-nin dizaynı onun üzərinə müxtəlif nişangahların və avadanlıqların taxılmasına da imkan verir.
7.62×54 mm-lik SVÇ “Çukavin” Rusiya istehsalı olan snayper tüfənglərinin yeni nəslidir. Silah müştəriyə Rusiya və xarici istehsalçıların hazırladığı nişagahlardan istifadə etməyə imkan verir. “Çukavin” snayper tüfənginin maqazinsiz kütləsi 4.8 kiloqramdır. Onun ümumi uzunluğu 1170 mm, lüləsinin uzunluğu isə 620 millimetrdir.
Qeyd edək ki, “Çukavin” snayper tüfəngi Rusiya Ordusunun sınaqlarından uğurla keçib. Silahın artıq dövlət müdafiə sifarişi çərçivəsində istehsal olunmasına və təhvil verilməsinə başlanılıb.