Ukraynanın “İskra” Elmi-İstehsalat Müəssisəsi 80K6 üçölçülü radiolokasiya stansiyasının uzun mənzilli yeni versiyasını hazırlayıb. Bu barədə “Silah və Təhlükəsizlik -2017” sərgisində iştirak edən “Azeri Defence”nin əməkdaşına “İskra” müəssisəsindən məlumat verilib. 80K6T indeksi verilmiş yeni radiolokasiya stansiyası aşağı, orta və böyük hündürlüklərdə, uzaq məsafədə hava hədəflərini aşkarlamaq, onların uçuş kursunu və koordinatlarını təyin etmək üçün nəzərdə tutulub. Radar avtonom, yaxud da hava hücumundan müdafiə şəbəkəsinin tərkibində əlaqəli şəkildə istifadə oluna bilər. S dalğa diapazonunda çalışan radar azimut üzrə 0...35, 55, 70 dərəcə bucaq altında, 360 dərəcə ətrafda, 40 km hündürlükdə və 500 km məsafədə hədəfləri aşkarlamaq qabiliyyətinə sahibdir. “İskra” mühəndislərinin sözlərinə görə, radarın dövrə vurma müddəti 5-10 saniyədir. Stansiyanın sıfırdan 70 dərəcə bucağadək azimut üzrə müşahidə qabiliyyəti isə ona aşağı hündürlükdə uçan kiçik ölçülü hava hədəflərini və qanadlı raketləri aşkarlamaq imkanı yaradıb. Bu məqsədlə radarda xüsusi siqnal emal sistemi tətbiq edilib. Radar 10-30 km yüksəklikdə uçan 3-5 kvadratmetr ölçülü hədəfləri 350 km məsafədən aşkarlamaq qabiliyyətinə sahibdir. Stansiya eyni anda 500-ə qədər hədəfi izləməyə imkan verir. Radarın ölçülərinin daha yığcam olması onun “Antonov” və C-130 “Hercules” təyyarələri ilə nəqlinə imkan verir. Stansiyanı işə salmaq üçünsə maksimum 15 dəqiqə vaxt lazımdır.