İspan Ordusu MG4E pulemyotları ilə silahlanmanı başa çatdırır
İspaniya Ordusu 2012-ci ilin son rübündə MG4E pulemyotlarının alınması prosesini başa çatdırır. “AzeriDefence”nin xarici hərbi KİV-lərə istinadən verdiyi məlumata görə, İspaniya Müdafiə Nazirliyinin “Heckler & Koch” firması ilə 2006-cı ildə bağladığı müqavilənin dəyəri 20 mln.avro təşkil edir.
Müqavilə çərçivəsində şirkət ispan ordusuna 1800 pulemyot çatdırmalıdır.
Pulemyotun bəzi hissələri İspaniyanın “Santa Bárbara Sistemas” şirkətində istehsal edilib.
İspan ordusunun silahlanmasına 2008-ci ildən daxil olan MG4E 5,56 mm çaplı patronlardan atəş açır. Silahın çəkisi 7,9 kq, uzunluğu bir metrdən artıq, atışın tempi dəqiqəyə 850-dən 900-ə qədər atəş, güllənin ilk sürəti – 920 m/saniyədir. İspan ordusundakı MG4E pulemyotları Amerikanın “Trijicon” şirkətinin optik nişangahıyla təchiz edilib.