
İsrail “Sea Breaker” raket sistemini təqdim edib
İsrailin “Rafael Advanced Defence Systems” (“Rafael”) müdafiə konserni, beşinci nəsil uzun mənzilli yüksək dəqiqlikli avtonom “Sea Breaker” gəmi əleyhinə raket sistemini təqdim edib.
“Poliqon”un xarici mediaya istinadən verdiyi xəbərə görə, şirkət mütəxəssisləri bildirib ki, “Sea Breaker” sistemi 300 km-ə qədər məsafədə yerləşən dəniz və quru hədəflərinin effektiv məhv edilməsini təmin etməlidir.
Yeni kompleks daşıyıcı olaraq gəmilərdən, korvetlərdən və ya freqatlardan, eləcə də sahil yüksək hərəkətli “SPYDER” buraxma qurğularından istifadə edə bilər.
“Sea Breaker” sistemində GNSS peyk naviqasiya sistemi olmadığı təqdirdə, günün istənilən vaxtında, istənilən hava şəraitində bütün funksiyaların yerinə yetirilməsini təmin etməkdən ötrü “Rafael” şirkətinin elektro-optik, kompüter görmə, süni zəka və qərar qəbuletmə alqoritmləri kimi innovativ texnoloji yeniliklər tətbiq edilmişdir.
“Sea Breaker” raket sistemi qabaqcıl IIR (Imaging Infra-Red) avadanlıqları ilə də təchiz edilmişdir.
Süni zəkadan istifadə edərək “Sea Breaker” sistemi avtomatik hədəf aşkarlamanı (ATA – Automatic Target Acquisition) və avtomatik hədəf tanımanı (ATR – Automatic Target Recognition) təmin edir.
Raket elektromaqnit müdaxiləsinə qarşı dayanıqlıdır, suyun səthindən və ya mürəkkəb relyefli ərazi üzərindən aşağı hündürlüklərdə uça, eləcə də tək vuruşla bir freqat ölçüsündə gəmini zərərsizləşdirə bilir.
Əhəd Əzizov