İtaliyanın M-346 təlim-döyüş təyyarəsi proqramı

İtaliyanın M-346 təlim-döyüş təyyarəsi proqramı

İtaliyanın “Leonardo” Korporasiyası tərəfindən ilk mərhələdə M-346 təyyarəsi LIFT (Advanced / Lead-In Fighter Trainer) müasir və gələcək nəsil döyüş platformalarını idarə edəcək pilotların hazırlanması və tədrisin effektivliyinin maksimal dərəcədə yüksəldilməsi üçün hazırlanıb.

M-346 təlim təyyarəsində ənənəvi iki yerli təyyarələrdə keçirilən daha bahalı təlimlərdən fərqli olaraq, uçuş saatlarının əhəmiyyətli artımına diqqət yönəldilib ki, bu da, donanmaların döyüş təyyarələrinin resurslarının istismarını optimallaşdırmalarına və xərclərə qənaət etmələrinə imkanlar yaradır. Öz növbəsində, bu, döyüş əməliyyatları üçün mümkün olduğu qədər çox sayda təyyarənin hazır saxlanması deməkdir. Bu yanaşma tələbə pilotlara ən mürəkkəb əməliyyat ssenarilərini idarə etmək bacarıqları qazandırmaqla yanaşı təlimin keyfiyyətini də yüksəltməyə hesablanıb.

M-346 təlim təyyarəsinin ilk uçuşu 2004-cü il iyul ayının 15-də həyata keçirilib. Təyyarənin uzunluğu 11,5 metr, qanadları arasındakı məsafə 9,7 metr, çəkisi 4,6 tondur. Təyyarə sürəti 1060 km/saatda uçuş həyata keçirə bilir. Uçuş hündürlüyü 13,7 km-dir. M-346-nın ekopajı iki nəfərdən ibarətdir. M-346 bu gün bazardakı ən modern LIFT təyyarə sayılır. İki ədəd “Honeywell” F124-GA-20 turboreaktiv mühərrik sayəsində 590 KTAS-a çatan sürətlə yüksək manevrlilik təmin edən təyyarənin pilotu kiçik şığımada 1,2 Mach uçuş sürəti yığa bilir. Təyyarənin praktiki uçuş tavanı 45000 fut, yüklənmənin maksimal həddi isə +8 /-3g bərabərdir. Bütün bu göstəricilər M-346 təyyarəsini həm də döyüş təyyarələrinə yaxınlaşdırır və effektiv “hücumçu” kimi təqdim etməyə imkan yaradır.

Əlavə olaraq, Quraşdırılmış Taktiki Təlim Simulyasiyası (Embedded Tactical Training Simulation-ETTS) M-346 təyyarələrinin gövdəsinə yerləşdirilmiş sensorları və çox sayda silahı, son nəsil insan-maşın interfeysi, uçuş zamanı yanacaq doldurma zondunu, beş nöqtədə “hava-yer” və “hava-hava” sinifli xarici yüklənmə üçün asqıların imitasiyasını yaradır. Bu da pilotların tam olaraq bir döyüş təyyarəsinə bənzəyən təlim təyyarəsində uçuşlar həyata keçirməsinə imkan yaradır.

M-346 simulyator, nəzəriyyə, missiyaların planlaşdırılması və kömpüterləşdirilmiş təhsil idarəetmə sistemindən ibarət Yer Bazalı Təhsil Sistemini özündə birləşdirən İnteqrə Təhsil Sisteminə sahibdir. Uçuş zamanı təyyarənin Yerüstü Missiya Simulyatoru, Kompüterdə Yaradılan Güclərlə (Computer Generated Forces -CGF) inteqrasiyası pilotun real vaxt rejimində virtual taktiki ssenari ilə işləməsini təmin edir. “Canlı virtual konstruktiv imkanlar” tədrisin effektivliyini artıraraq, ən çətin iş ssenariləri canlandırır.

Fərqli variantlar, genişləndirilən imkanlar

Alenia Aermacchi T 346AMüxtəlif ölkələrin seçim etdiyi M-346AJT (Advanced Jet Trainer) qabaqcıl jet təlim təyyarə konsepsiyasının əsasında müxtəlif versiyaları hazırlanıb. M-346A variantı 2012-ci ildən İtaliya Hərbi Hava Qüvvələrində istifadə edilir. M-346LCA (Light Combat Aircraft) yüngül hücum təyyarəsi Polşa Hərbi Hava Qüvvələrinə “Suhoy Su-22” təyyarələrini əvəz etmək üçün təklif edilən silahlı variantdır. M-346FT (Fighter Trainer) təlim-döyüş versiyası həm döyüş, həm də təlim üçün istifadə edilə bilir. Döyüş variantı hava-hava döyüşləri üçün nəzərdə tutulub. Əsas variantdan fərqlənən xüsusiyyətlər arasında yeni taktiki məlumat keçid sistemi və müxtəlif döyüş sursatlarından istifadə etmək qabiliyyəti var.

M-346FA (Fighter Attack) döyüş-hücum versiyası sırf döyüş məqsədləri üçün nəzərdə tutulub və həm hava-hava, həm də hava-yer döyüş missiyaları üçün istifadə oluna bilər. M-346FA eyni zamanda bir platformada həm də təlim imkanlarını təqdim edir. M-346FA təyyarəsi ilk dəfə 2017-ci il iyun ayının 18-də “Paris Air Show” sərgisində statik nümayiş etdirilib və təqdimatı keçirilib. “Leonardo” şirkəti həmçinin Cənubi Amerika və bəzi Asiya ölkələrinə ixrac üçün təyyarəni bazara çıxarır. M-346 yüngül təlim-məşq təyyarəsinin ən son variantı olan M-346FA 2020-ci il iyul ayının 13-də ilk uçuş sınaqlarını uğurla tamamlayıb. “Leonardo Aircraft” şirkətinin icraçı direktoru Lucio Valerio Cioffi bildirib ki, M-346FA təyyarəsi M-346-nın bütün müasir təlim imkanlarını təklif edir. Eyni zamanda effektiv bir yüngül hücum təyyarəsi kimi fəaliyyət göstərməyə imkan verən ən yeni nəsil sensorlar və avadanlıqları özündə cəmləşdirir. İlk təyyarənin 2021-ci ildə beynəlxalq müştəriyə çatdırılması planlaşdırılırdı.

M-346FA təyyarəsinin əsas sensoru “Leonardo” şirkəti tərəfindən hazırlanmış, M-346 təyyarləri üçün xüsusi optimallaşdırılmış, mexaniki skanetməli, çox rejimli, yüksək dəqiqlik təmin edən “Grifo-M-346” radarıdır. M-346FA həm də Təhlükəsiz Rabitə Sistemi və Taktik Məlumat Bağlantısını özündə cəmləşdirən yüksək səviyyəli, şəbəkə mərkəzli rabitə dəsti ilə qarşılıqlı əlaqə təmin edir. Platforma həmçinin NATO qüvvələri ilə qarşılıqlı əlaqə yaratmaq üçün LINK-16-dan istifadə edə bilər. M-346FA təyyarəsi 7 sabit nöqtəyə inteqrasiya edilən maksimum 3 ton sursat daşıma qabiliyyətinə malikdir. Təyyarə geniş çeşiddə “hava-hava” və “hava-yer” silahlarından (IR, radar, lazer və ya GPS başlıqlı) istifadə edə, kəşfiyyat sensorları və hədəf təyini qınları ilə təchiz oluna bilər. Bütün sensorlar hər iki pilotun dəbilqəsinə bağlanmış ekran (HMD) sistemi ilə inteqrasiya olunur. Habelə, M-346FA yüksək yanacaq tutumu və havadan havaya yanacaq doldurma qabiliyyətinə malikdir. Aşağı hündürlükdə tam silahlanmış və ya bir mühərrik işlək vəziyyətdə olduqda belə yüksək sürət və manevr edə bilir. Təyyarə FAC-A havadan nəzarət sistemi, APU avtonom əməliyyatlar üçün köməkçi enerji bloku, DASS taktiki məlumat bağlantısı və müdafiə yardımları alt sistemi və s. sistemlərlə də təchiz edilib.

M-346FA-da “Litening-5” və “RecceLite” sistemləri

M346Fa foto testo e15956708191272020-ci ildə İsrailin “Rafael” şirkəti ilə İtaliyanın “Leonardo” Korporasiyası arasında M-346FA yüngül döyüş-hücum təyyarələrinin beşinci nəsil “Litening-5” və “RecceLite” elektro-optik sistemləri ilə təchiz edilməsinə dair müqavilə imzalanıb. “Rafael” şirkətinin mütəxəssislərinin sözlərinə görə bu, beşinci nəsil elektro-optik qınların M-346FA platformasına ilk inteqrasiyasıdır. M-346FA təyyarələri “Litening 5” multispektral hədəfləmə sistemlərindən istifadə edərək döyüş qabiliyyətini yüksəldəcək. Hazırda “Litening 5” sistemi 27 ölkənin hava qüvvələri tərəfindən istifadə olunur və qlobal miqyasda 25-dən çox platformaya inteqrasiya edilib. “Litening 5” sistemi real vaxt rejimində infraqırmızı (FLIR + SWIR) və gündüz HD rəngli kamera görüntülərini təqdim edir. Sistem lazerlə idarə olunan, GPS ilə idarə olunan və EO / IR arayıcı başlıqlı idarə edilən sursatların tətbiqinə imkan verir. “RecceLite” ISR sistemi vasitəsi isə yüngül hücum təyyarələrinə AI, ATR (avtomatik hədəf tanıma), aşkarlama, izləmə və hədəf axtarışını həyata keçirmək imkanı qazandırır. Hazırda 13 istifadəçinin silahlanmasında yer alan “RecceLite” F-16, F-18, “Jaguar”, AMX, “Tornado”, “Typhoon”, “Gripen”, “Heron TP”, “Reaper” və digər uçuş platformaalarında istifadə olunur.

İxracat

jet m346 qirici999M-346 təyyarələri və onun tədris sistemi hazırda İtaliya, Sinqapur, İsrail və Polşa Hərbi Hava Qüvvələrinin istifadəsində yer alır. Daha 4 ədəd M-346 İtaliyanın cənubunda yerləşən Leççe-Qalatina aviasiya bazasında, IFTS, İtaliya Hərbi Hava Qüvvələri və “Leonardo” Korporasiyasının əməkdaşlığı çərçivəsində yaradılan Beynəlxalq Uçuş Məktəbində İtaliya və müttəfiq ölkələrin döyüş pilotlarının hazırlığı üçün istifadə olunur. Bundan başqa, Türkmənistan, Azərbaycan, Nigeriya və Qətər Hərbi Hava Qüvvələri də aviasiya parklarını M-346 təyyarələri ilə genişləndirməyi planlaşdırıblar.

İtaliya Xarici İşlər Nazirliyinin İtaliya Senatına 2019-cu ildə silah və hərbi texnikaların ixracı ilə bağlı illik hesabatında bildirilib ki, Türkmənistan İtaliyanın “Leonardo” Korporasiyasına M-346 təlim-döyüş təyyarəsi sifariş edib. Türkmənistan və İtaliya arasında imzalanmış müqavilə çərçivəsində “Leonardo” şirkəti Türkmənistan Hərbi Hava Qüvvələrinə 6 ədəd M-346 “Master” təlim-məşq təyyarəsi tədarük edəcək. Qeyd edək ki, M-346 təyyarəsi istehsalçı tərəfindən sınaq və qiymətləndirmə üçün 2018-ci ildə Türkmənistana çatdırılıb. 2018-ci il mayın 3-də Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov tərəfindən silahlı qüvvələrin “qəfil döyüş hazırlığı yoxlanışı” zamanı M-346 təyyarəsi “Məryəm-2” aerodromunda nümayiş etdirilib.

2021-ci ildə Nigeriya Hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) ehtiyaclarını qarşılmaq məqsədi ilə İtaliyanın “Leonardo” şirkəti ilə M-346 çox məqsədli təyyarələrin alınmasına dair müqavilə imzalayıb. Müqavilə çərçivəsində Nigeriya HHQ “Leonardo” şirkətinin istehsalı olan 24 ədəd M-346 təyyarəsi alacaq. Müqavilənin dəyəri 1,2 milyard avro (1,416 milyard ABŞ dolları) təşkil edir. M-346 təyyarələri Nigeriya HHQ-nin hazırda aviasiya parkında yer alan Fransanın “Dassault Aviation” şirkətinin istehsalı olan “Alpha Jet A/E” təyyarələrini əvəz edəcək. Nigeriyanın sifariş etdiyi M-346 təyyarəsinin dəqiq variantı hələ məlum deyil. Hərbi ekspertlər bu təyyarələrin M-346FT (Fighter Trainer) təlim-döyüş və ya M-346FA (Fighter Attack) hücum-döyüş variantı ola biləcəyini iddia edirlər.

Bindan başqa, Qətər Silahlı Qüvvələri təxminən üç ildən artıqdır ki, İtalyanın M-346 “Master” təlim-məşq təyyarələri ilə yaxından maraqlanır.

8fe02ae9 ad4b 48b5 9e20 c677e0e3a176M-346 təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin hazırlığı üçün də qabaqcıl aviasiya vasitəsi hesab olunur. Təyyarə quruda və havada ilkin qiymətləndirmədən keçdikdən sonra, Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfərində iki ölkə arasında müzakirə olunan saziş mövzuların biri kimi gündəliyə daxil edilib və ikitərəfli danışıqların mövzusuna çevrilib. Saziş M-346 təyyarələrinin tədarükü məqsədi ilə sənaye əməkdaşlığı ilə bağlı rəsmi müzakirələrin başladılmasını özündə əks etdirir.

İtaliyadan M-346 tipli təlim-məşq təyyarələrinin alınmasını şərh edən Hərbi Hava Qüvvələrinin (HHQ) general-mayoru Namiq İslamzadə bildirib ki, artıq bir neçə ildir ki, Azərbaycan HHQ-də genişmiqyaslı islahatlar aparılır: “Hazırda Azərbaycan HHQ-nin sərəncamında olan aviasiya vasitələrinin böyük bir hissəsi müasir standartlara cavab verir. Son illərdə Azərbaycan HHQ üçün əldə edilən təlim təyyarələri barədə aparılan müzakirələrdə üstünlük əsasən İtaliya və Pakistan istehsalı olan aviasiya vasitələrinə verilib. Bu baxımdan 2017-ci ilin iyul ayında Azərbaycan HHQ ilə Pakistanın PAC KAMRA şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 ədəd MFİ-395 “Super Muşşak” təyyarəsinin əldə edilməsini və həmin ilin mayın 10-da Azərbaycan HHQ-nin aviabazalarından birində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə İtaliyanın “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 təyyarəsinin təqdimatının keçirilməsini xüsusilə vurğulamaq olar”.

General-mayoru Namiq İslamzadə bildirib ki, M-346 təyyarələrin əldə edilməsi Azərbaycanın gənc hərbi pilotlarının peşakarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq: “Eyni zamanda M-346 təyyarəsi 4++ və 5-ci nəsil müasir çoxməqsədli təyyarələr üçün keçid təyyarəsi kimi istifadə olunur. Azərbaycan HHQ-nin silahlanmasına bu tip aviasiya vasitələrinin daxil edilməsi onun döyüş imkanlarını genişləndirməklə yanaşı Ermənistan üzərində hava məkanındakı üstünlüyünü daha da artıracaq”.

Zaur Babaşov

POLİQON JURNALI

CATEGORIES
TAGS