K239 “Chunmoo” YARS Parisdə nümayiş etdirilir

K239 “Chunmoo” YARS Parisdə nümayiş etdirilir

Cənubi Koreyanın “Hanwha Aerospace” korporasiyası K239 “Chunmoo” yaylım atəşli reaktiv sistemini (YARS) Fransanın paytaxtı Parisdə keçirilən “Eurosatory-2024” sərgisində nümayiş etdirir.

Bu barədə “Poliqon”a “Hanwha Aerospace” korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, K239 “Chunmoo” müxtəlif növ raketləri atmağa qadir olan, o cümlədən taktiki çeviklik və müxtəlif əməliyyat tələblərinə uyğunlaşma təklif edən təkmil yaylım atəşli reaktiv sistemdir. “Chunmoo” YARS eyni vaxtda iki müxtəlif çaplı raket atmağa qadirdir. O, 80 və 160 km mənzilli 239 və 280 mm-lik raketlər də daxil olmaqla bir neçə növ raket buraxa bilir. Bundan başqa, YARS maksimum 290 km mənzilə malik 290 mm-lik ballistik raket də buraxa bilir.

K239 yaylım atəşli reaktiv sistemi artıq bir neçə beynəlxalq müştəri tərəfindən istifadə olunur. Polşa Silahlı Qüvvələri K239 “Chunmoo”nun bu ölkə üçün fərdiləşdirilmiş versiyası olan 288 ədəd HOMAR-K-nın alınmasına dair müqavilələr imzalayıb.

Qeyd olunub ki, K239-a artan maraqları diqqət mərkəzində saxlayan “Hanwha Aerospace” korporasiyası yaxın gələcəkdə “Chunmoo İstifadəçi Klubu”nun açılışını nəzərdən keçirir. Bu təşəbbüs xüsusilə Avropada uzunmənzilli reaktiv artilleriya sisteminin artan istifadəçi bazasına cavab vermək məqsədi daşıyır. “Chunmoo İstifadəçi Klubu”nda istifadəçi ölkələrin nümayəndələri öz təcrübələrini və reaktiv artilleriya sisteminin istismarı və saxlanması ilə bağlı ən yaxşı təcrübələri bölüşmək üçün görüşəcəklər.

Sərgiyə dair fikirlərini bölüşən “Hanwha Aerospace” korporasiyasının baş direktoru Jaeil Sonun sözlərinə görə, onların məqsədi NATO ölkələrinin etibarlı tərəfdaşı olmaq, müvafiq hökumətlər və şirkətlərlə güclü tərəfdaşlıqlar yaradaraq fərdiləşdirilmiş müdafiə həlləri və xidmətləri təqdim etməkdir: “Biz milli təhlükəsizliyə və iqtisadi artıma töhfə verəcək iş yerlərinin yaradılması, texnologiyanın ötürülməsi, yerli istehsal və avadanlıqların saxlanması ilə bağlı lokallaşdırma səylərinə tam sadiqik”.

Sərgidə nümayiş etdirilən digər məhsullar:

  • Döyüş təyyarələrinə və PUA-lara inteqrasiya edilə bilən “TAipers” tank əleyhinə idarə olunan raket sistemi;
  • 155 mm-lik artilleriya sistemləri üçün modulyar doldurma sistemi;
  • “Arion-SMET” çoxməqsədli yerüstü robotu;
  • “Redback” piyadaların döyüş maşını.
CATEGORIES