“Kalaşnikov” 100 km mənzilli KUB-10ME idarəolunan sursatını təqdim edib

Rusiyanın “Kalaşnikov” konserni 100 km-dən artıq uçuş məsafəsinə malik KUB-10ME taktiki sinif idarəolunan sursat kompleksini təqdim edib.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, KUB-10ME idarəolunan sursatların xüsusi hərbi əməliyyat zonasında aktiv tətbiqi təcrübəsi nəzərə alınaraq rekord qısa müddətdə hazırlanıb.
KUB-10ME yüksək dəqiqliklə yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Bu hədəflər sırasında zirehsiz və yüngül zirehli hərbi texnikalar, zirehli transportyorlar, artilleriya sistemləri, tabor və zenit-raket bölmələrinin komanda məntəqələrinin elementləri, HHM, raket əleyhinə müdafiə, radiotexniki kəşfiyyat və radioelektron mübarizə vasitələri, arxa təminat obyektləri, pilotsuz uçuş aparatlarının start mövqeləri, eləcə də baza meydançalarında sığınacaqdan kənarda yerləşən təyyarə və helikopterlər yer alır.
Hərəkətdə olan hədəfləri məhv etməyə imkan verən elektro-optik tuşlama sistemi, radioelektron mübarizə və hava hücumundan müdafiə vasitələrinə qarşı yüksək qorunma səviyyəsi, həmçinin bortdan əldə olunan məlumatların qeydə alınmasını təmin edən aerofoto və videoçəkiliş sistemi yeni kompleksin əsas fərqləndirici xüsusiyyətləridir.
Yeni sursat 80-1800 metr hündürlükdə fəaliyyət göstərə bilir və onun kreyser sürəti 120 km/saat təşkil edir. Gecə və gündüz, həm sadə, həm də mürəkkəb hava şəraitində istifadə oluna bilən KUB-10ME küləyin sürəti saniyədə 10 metrə qədər olduqda belə fəaliyyətini davam etdirir. Kompleks -30°C-dən +40°C-dək temperatur şəraitində işləmək imkanına malikdir.



