Kəmaləddin Heydərov Türkiyə Jandarma Hava Qüvvələrinin komandanı ilə görüşüb

Kəmaləddin Heydərov Türkiyə Jandarma Hava Qüvvələrinin komandanı ilə görüşüb

2024-cü il 25 iyun tarixində Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyənin Jandarma Hava Qüvvələrinin komandanı general-leytenant Əli Doğanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-in Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov Azərbaycan və Türkiyə liderlərinin müdrik uzaqgörənliyi, qarşılıqlı etimadı və siyasi iradəsi sayəsində iki qardaş ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini məmnunluqla xatırladaraq, bu çərçivədə fövqəladə halların idarə edilməsi istiqamətində uyğun qurumlar arasında əlaqələrin daim genişləndiyini qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərindən ətraflı bəhs edən nazir K.Heydərov istər ölkə daxilində, istərsə də xarici ölkələrdə baş vermiş irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Nazirliyin Aviasiya dəstəsinin həyata keçirdiyi tədbirlərdən danışıb, hazırkı səfərin qurumlar arasında mövcud sıx əlaqələrin daha da dərinləşməsinə əlavə təkan verəcəyinə əminlik ifadə edib.

Türkiyə Jandarma Hava Qüvvələrinin komandanı general-leytenant Əli Doğan fövqəladə hallarla effektli mübarizə məqsədilə iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Əli Doğanın başçılıq etdiyi nümayəndə heyəti FHN-in Aviasiya dəstəsinə səfər edərək qurumun fəaliyyəti ilə yerində tanış olacaq.

CATEGORIES