“Kongsberg” şirkəti ABŞ Ordusuna əlavə “Protector” döyüş modulu ixrac edəcək

“Kongsberg” şirkəti ABŞ Ordusuna əlavə “Protector” döyüş modulu ixrac edəcək

Pentaqon və Norveçin “Kongsberg” şirkəti arasında əlavə uzaqdan idarə olunan “Protector” döyüş modullarının tədarük edilməsi ilə bağlı müqavilə imzalanıb.

“Poliqon” “Kongsberg”ə istinadən xəbər verir ki, tərəflər arasında imzalanan və növbəti beş il ərazində əlavə “Protector” döyüş modullarının tədarükünü nəzərdə tutan müqavilənin dəyəri 1.498 milyard ABŞ dolları təşkil edir.

Bildirilib ki, şirkət tərəfindən “Protector” döyüş modulları ABŞ Ordusuna “Common Remotely Operated Weapon Station” (CROWS) proqramı çərçivəsində ixrac olunur. Proqrama əsasən ABŞ Silahlı Qüvvələrinin bölmələrinə indiyə kimi fərqli variantlarda 18000-dən çox döyüş modulu təhvil verilib.

Qeyd edək ki, 1999-cu ildən etibarən Norveç Silahlı Qüvvələri tərəfindən istifadə olunan “Protector” döyüş moduluna 5.56 mm-lik tüfənglərdən 30 mm-lik toplara qədər müxtəlif silah sistemləri, tank əleyhinə və hava hücumundan müdafiə raketləri, habelə fərqli sensorlar quraşdırıla bilər.

Şirkət bugünə qədər dünyanın 20-dən artıq ölkəsinə müxtəlif variantlarda ümumilikdə 23000-dən çox “Protector” döyüş modulu ixrac edib.

Poliqon.az

CATEGORIES
TAGS