
Artıq Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) Pakistandan satın alınan JF-17C (Blok-III) qırıcılarının aktiv istismarına başlayıb. Bu, Azərbaycan Müdafiə Nazirliyinin 2026-cı il 6 iyul tarixində paylaşdığı təlim-məşq uçuşlarına dair görüntülərdə öz təsdiqini tapıb. İyulun 17-də Müdafiə Nazirliyi Azərbaycan HHQ-nin aviasiya bölmələrində keçirilən təlim-məşq uçuşları ilə bağlı daha bir məlumat yayıb.
Sonuncu görüntülərlə birlikdə ortaya çıxan kadrlar bir sıra maraqlı detalları üzə çıxarıb. Bu yazıda “Poliqon” həmin detalları təqdim edir.
Azərbaycanın JF-17 seçiminə aparan yol
Əvvəlcə Azərbaycanın JF-17 qırıcılarını alması ilə bağlı tarixə qısa nəzər salmaq istərdik. Köhnəlməkdə olan aviasiya parkını, xüsusilə MiQ-29 qırıcılarını yeniləmək istəyən Azərbaycan uzun illər onların yerini ala biləcək döyüş təyyarəsi axtarışında olub. Ötən onillikdən etibarən yeni qırıcı axtarışını davam etdirən Azərbaycan bir sıra platformalarla (MiQ-35, Su-35, JF-17 Blok-I və Blok-II) maraqlanmış, nəticədə isə seçimini JF-17C (Blok III) qırıcısından yana etmişdir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan qırıcı ehtiyacı olmasına baxmayaraq, JF-17-nin Blok-I və Blok-II variantlarını tələblərə tam cavab vermədiyindən satın almayıb, ən son Blok-III versiyasını gözləyib. Nəticədə, Azərbaycan seçimini daha müasir avionika, sensor, sistem və təkmilləşdirilmiş uçuş imkanlarına malik Blok-III variantından yana edib.
Müqavilədən çatdırılmaya: JF-17-lərin Azərbaycana gəlişi
2024-cü ilin fevral ayında Azərbaycan və Pakistan arasında JF-17C Blok-III çoxməqsədli qırıcı təyyarələrinin, döyüş sursatlarının alınmasını və şəxsi heyətin hazırlanmasını nəzərdə tutan təxminən 1,6 milyard ABŞ dolları dəyərində müqavilənin imzalanması ilə bağlı yerli və beynəlxalq mediada məlumatlar yayılmışdı.
Daha sonra 2024-cü il sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu Aircraft Industry Corporation” (CAIC) şirkətlərinin birgə layihəsi əsasında hazırlanmış JF-17C Blok-III qırıcıları Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunmuşdu.
2025-ci ilin may ayında isə Azərbaycanın Pakistandan 16 ədəd JF-17C təyyarəsi almaqla bağlı sifarişini 40 ədədə qədər artırdığı iddia edilmişdi. Cəmi bir ay sonra – 2025-ci ilin iyununda Pakistan hökuməti bu məlumatı təsdiqləyərək satışın dəyərinin 4,6 milyard ABŞ dolları təşkil etdiyini və müvafiq müdafiə sazişinin imzalandığını bildirmişdi.
Bütün bunlardan sonra növbəti məsələ sözügedən qırıcıların nə vaxt istehsal ediləcəyi və Azərbaycanın onları nə vaxt təhvil alacağı idi. Çünki müqavilənin imzalanması yalnız prosesin başlanğıcı hesab olunur. Bundan sonra qırıcıların istehsalı, zavod sınaqları, pilot və texniki heyətin hazırlığı, qəbul prosedurları və çatdırılması kimi mərhələlər həyata keçirilir. Bu məsələ ilə bağlı ilk açıqlama da elə Pakistan tərəfindən gəlmişdi. Belə ki, 2025-ci ilin fevralında Pakistanın informasiya naziri Atta Tarar “Samaa TV”yə müsahibəsində Azərbaycanın JF-17 “Thunder” qırıcılarının ilk partiyasını tezliklə təhvil alacağını açıqlamış və gələcəkdə bu təyyarələrin birgə istehsalı imkanlarının olduğunu bildirmişdi.
2025-ci ilin oktyabr ayında JF-17-lər Azərbaycanda görülmüş, nəticədə yerli və Türkiyə mətbuatı rəsmi Bakının bu qırıcıların ilk partiyasını təhvil aldığını iddia etmişdi. Ancaq oktyabrın 19-da Pakistan Hərbi Hava Qüvvələri məlumat yayaraq JF-17 “Thunder” Blok-III təyyarələrindən ibarət kontingentin təcrübəli pilot və yer heyəti ilə birlikdə ikitərəfli “Indus Shield Alpha” hava döyüşü təlimində iştirak etmək üçün Azərbaycana gəldiyini bildirmişdi.
Daha sonra 2025-ci il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda silahlanmaya yeni daxil olmuş beş JF-17 qırıcısı klin düzülüşündə uçuş həyata keçirmişdi.
Təlim görüntüləri hansı detalları üzə çıxardı?
Nəhayət, cari ilin iyul ayında keçirilən təlimlərin görüntüləri ilə JF-17C-lərin Azərbaycanda aktiv istismarına başlanıldığı bir daha təsdiqini tapdı. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, bu görüntülər bir sıra maraqlı detalları da üzə çıxardı. İlk növbədə təyyarələrin quyruq nömrələri diqqət çəkdi. Görüntülərdə 24-501, 24-502, 24-503, 24-504, 24-506, 20-513 və 20-515 quyruq nömrəli JF-17-lərin istismarda olduğu müşahidə edildi.
Quyruq nömrələrinin sirri: “20” və “24” nəyi ifadə edir?
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, 24-501, 24-502, 24-503, 24-504 və 24-506 bort nömrəli təyyarələrin hamısı tək oturacaqlı variant olduğu halda, 20-513 və 20-515 nömrəli təyyarələr iki oturacaqlı (tandem oturacaqlı) Blok-III variantına aiddir. Bu isə Azərbaycan Hərbi Hava Qüvvələrinin JF-17 parkında quyruq nömrələrinin variantlara görə fərqli seriyalar üzrə ayrıldığını göstərir. Müşahidə olunan nömrələnməyə əsasən, öndəki “24” rəqəmi tək oturacaqlı, “20” rəqəmi isə iki oturacaqlı təyyarələr üçün istifadə olunmuş kimi görünür.
Bununla yanaşı, dünya praktikasında hərbi təyyarələrin bort nömrələrinin ilk iki rəqəminin istehsal, sifariş və ya maliyyə ilini ifadə etdiyi nümunələr də mövcuddur. Məsələn, ABŞ Hərbi Hava Qüvvələrində bort nömrələrinin ilk iki rəqəmi adətən təyyarənin sifariş olunduğu maliyyə ilini göstərir. Buna görə də “24” və “20” rəqəmlərinin müəyyən bir ili və ya istehsal partiyasını ifadə etməsi ehtimalı da tamamilə istisna edilə bilməz.
Lakin hazırda Azərbaycanın JF-17-lərinin nömrələnmə sistemi barədə rəsmi izah verilmədiyindən, bu prefikslərin variantı, istehsal və ya sifariş ilini, yaxud hər iki amili əks etdirdiyini qəti şəkildə söyləmək mümkün deyil. Buna görə də bu qiymətləndirmə yalnız mövcud görüntülərin təhlilinə əsaslanan ehtimal kimi qəbul edilməlidir.
JAGUAR nişanı və JF-17 parkının say tərkibi
Digər diqqətçəkən məqamlardan biri isə şaquli arxa qanad üzərində yerləşdirilmiş JAGUAR yazısı və yaquar başı təsviridir. Bu cür nişanlar dünya hərbi aviasiyasında geniş tətbiq olunur və adətən eskadrilyanın adı, emblemi və ya təyyarələrin aid olduğu aviasiya bölməsinin fərqləndirici nişanı kimi istifadə edilir. Bununla belə, bəzi ölkələrdə eyni tip təyyarələrin hamısında da vahid nişanlanma tətbiq olunur.
Diqqət çəkən digər məqamlardan biri isə görüntülərdə müşahidə olunan JF-17-lərin say tərkibidir. Hazırda açıq mənbələrdə 24-501, 24-502, 24-503, 24-504, 24-506, 20-513 və 20-515 quyruq nömrəli ümumilikdə yeddi təyyarə qeydə alınıb. Bununla yanaşı, 2025-ci il noyabrın 8-də Bakıda keçirilən Hərbi paradda beş JF-17 qırıcısının uçuş həyata keçirməsi, 2026-cı ilin iyul ayında yayımlanan görüntülərdə isə eyni vaxtda daha çox təyyarənin görünməsi Azərbaycan HHQ-nin istismarında olan JF-17-lərin sayının açıq mənbələrdə görünəndən daha çox ola biləcəyini ehtimal etməyə əsas verir.
Bundan əlavə, nömrələnmədə 24-505, eləcə də 20-515-ə qədər digər aralıq nömrələrin hələlik müşahidə olunmaması diqqət çəkir. Bu isə həmin təyyarələrin hələ ictimaiyyətə təqdim edilməməsi, görüntülərə düşməməsi və ya ümumiyyətlə başqa səbəblərlə bu nömrələrin istifadə olunmaması ilə izah oluna bilər. Hazırda bununla bağlı hər hansı rəsmi məlumat mövcud deyil.
Nəticə
Nəticə etibarı ilə Pakistanla imzalanmış 40 ədəd JF-17 qırıcısının tədarükü başa çatdıqdan sonra Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş aviasiyası həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mərhələyə yüksələcək. Bu proses eyni zamanda JF-17 parkının tam say tərkibi, nömrələnmə sistemi və digər texniki detalları barədə daha dolğun məlumatların ortaya çıxmasına da imkan verəcək.
Sonda qeyd edək ki, Azərbaycan HHQ-nin JF-17 qırıcıları ilə bağlı daha ətraflı təhlil, texniki xüsusiyyətlər və digər maraqlı detallar “Poliqon” jurnalının növbəti sayında (4 (84) 2026) oxuculara təqdim ediləcək.

Elşən Abdulkərimov




