Küveyt Ordusu “Bayraktar TB2” PUA-ları arsenalına qəbul edir

Küveyt Ordusu “Bayraktar TB2” PUA-ları arsenalına qəbul edir

Türkiyənin “Baykar” şirkətinin istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) Küveyt Müdafiə Nazirliyi tərəfindən yeni PUA-ların alınmasına dair keçirilən tenderin qalibi olub.

Bu barədə “Poliqon”a “Baykar ” şirkətindən məlumat verilib.

Artıq, “Bayraktar TB2” PUA-ların tədarükünə dair “Baykar” ilə Küveyt Müdafiə Nazirliyi arasında 370 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Bununla da “Baykar” şirkətinin istehsalı olan “Bayraktar TB2” PUA-dan istifadə edəcək ölkə sayısı 28-ə yüksəlib.

Qeyd edək ki, Küveyt Müdafiə Nazirliyi tərəfindən Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün yeni PUA-ların alınması ilə bağlı tender 2019-cu ilin iyul ayında başladılıb. Bu tenderdə “Baykar” ilə yanaşı, həm də ABŞ, Çin və Avropa şirkətləri də iştirak edib. Ancaq qalib özünü döyüş meydanında kifayət qədər sübut etmiş “Bayraktar TB2” PUA olub.

Tender üzrə “Baykar” şirkəti 2019-cu ilin yayında sınaqlarının keçirilməsi və isti səhra şəraitində əmaliyyat qabiliyyətinin yoxlanılması üçün Küveyt Müdafiə Nazirliyinə “Bayraktar TB2” PUA təqdim edib. Yüksək isti və qum fırtınası kimi çətin hava şərtlərində keçirilən sınaq zamanı “Bayraktar TB2” 27 saat 3 dəqiqə fasiləsiz uçaraq Türkiyənin aviasiya sənayesi sahəsində yeni bir uğura da imza atıb.

2003-cü ildən indiyə kimi “Baykar” şirkəti qazandığı gəlirlərin 75 faizlik hissəsini ixracatdan əldə edib. 2021-ci ildə Türkiyə İxracatçılar Məclisinin həmin ilin yekunlarına dair paylaşdıqları hesabatda “Baykar” Türkiyə müdafiə və aviasiya sənayesi sektorunun ixracat lideri olub.

2022-ci ildə imzalanan müqavilələr ilə ixrac nisbəti 99,3% olan “Baykar” şirkəti 1,18 milyard dollarlıq ixracat həyata keçirib. Beləliklə“Baykar”ın 2022-ci ildə ticarət dövriyyəsi 1.4 milyard ABŞ dolları təşkil edib.

Poliqon.az

CATEGORIES
TAGS