Latviya İsveçdən “Carl-Gustaf M4” qumbaraatanları üçün döyüş sursatları alır

Latviya İsveçdən “Carl-Gustaf M4” qumbaraatanları üçün döyüş sursatları alır

Latviya Müdafiə Nazirliyi İsveçin “Saab” şirkətindən “Carl-Gustaf M4” qumbaraatanları üçün döyüş sursatları alır.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 185 milyon İsveç kronu (17.7 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

“Carl-Gustaf M4” qumbaraatanı, “Saab” tərəfindən işlənib hazırlanmış və istehsal edilmiş “Carl-Gustaf” ailəsinin yeni nəsil çoxməqsədli tank əleyhinə kompleksidir. Geniş çeşidli döyüş sursatları müstəsna taktiki çevikliyi, istənilən döyüş vəziyyətinə hazır olmanı, daha sürətli döyüşün aparılmasını, zərbə ehtimalını artırmağı və daha yüksək effektivliyi təmin edir.

Qeyd edək ki, istehsalçı, yeni M4 versiyasını əvvəlki M3 modelindən daha yüngül, daha yaxşı və daha sürətli olaraq xarakterizə edir. M4 modelinin kütləsi 6.3 kq təşkil edir ki, bu da kütləsi 10 kq olan M3 modelindən 37% və 14.2 kq-lıq kütləyə sahib M2 modelindən 2,2 dəfə yüngüldür.

“Saab” şirkəti, “Carl-Gustaf” çoxməqsədli qumbaraatanlarının universal olduğunu vurğulayan tank əleyhinə, qəlpəli-fuqas, tüstüləyici və işıqlandırıcı qumbaralar daxil olmaqla on müxtəlif növ sursat istehsal edir. “Carl-Gustaf M4” qumbaraatanı tank əleyhinə, piyada əleyhinə və köməkçi qumbaralı atəş yığımları da daxil olmaqla, geniş diapazonda 84 mm çaplı döyüş sursatı atmağa qadirdir.

“Carl-Gustaf M4” qumbaraatanında istifadə edilən döyüş sursatları tanklara qarşı 400 m-ə qədər, binalara və stasionar hədəflərə qarşı isə 700 m-ə qədər məsafədə effektivdir. Bəzi döyüş sursatlarında məsafəni 1000 m-ə qədər artıran raket sürətləndiricisi var.

“Carl-Gustaf” qumbaraatanının M4 versiyası geniş ictimaiyyətə ilk dəfə 2014-cü ilin 13-15 oktyabr tarixlərində ABŞ-ın Vaşinqton şəhərində keçirilən “AUSA Annual Meeting and Exposition-2014” (AUSA-2014) sərgisi zamanı təqdim edilib.

carl2

Poliqon.az

CATEGORIES
TAGS