Latviya NSM gəmi əleyhinə raket kompleksləri alır
Latviya və ABŞ arasında NSM (Naval Strike Missile) gəmi əleyhinə raket kompleksinin alqı-satqısına dair müqavilə imzalanıb.
“Poliqon” Latviya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən satınalma ABŞ-ın maliyyə dəstəyi ilə həyata keçirilir.
Bu çərçivədə ümumi dəyəri 105 milyon dollar olan müqavilə məbləğinin 70 faizini (73.5 milyon dollar) ABŞ, 30 faizini (31.5 milyon dollar) isə Latviya ödəyəcək. “Naval Strike Missile” gəmi əleyhinə raket kompleksinin Latviyaya çatdırılmasına 2027-ci ildən başlanacaq.
NSM, “Raytheon Missiles and Defense” ilə “Kongsberg” tərəfindən birgə yaradılan gəmi əleyhinə və yerüstü 5-ci nəsil ən yüksək dəqiqlikli uzun mənzilli zərbə raketidir. Raket Microturbo TRI-40 turboreaktiv mühərriki ilə təchiz edilib.
Ən müasir quruluş və kompozit materialların istifadəsi, raketlərə mürəkkəb gizlilik imkanları vermək üçün tətbiq olunub. Kütləsi 400 kq-dan biraz artıq olan raketin nüfuzedici/fuqas döyüş hissəsinin kütləsi 120 kq, minimal uçuş mənzili 3 km və maksimal uçuş mənzili 185 km-dən (100 dəniz milindən) çoxdur. Onun uzunluğu 3.96 m, qanad açıqlığı 1.4 metr və uçuş sürəti 0.975 Machdır.
NSM raketi sahil sularında və açıq dəniz ssenarilərində aparılacaq döyüş fəaliyyətləri üçün nəzərdə tutulub.