QuruSərgilərXəbərlər

“Leopard 2A8” tankı yeni müdafiə sistemi ilə təchiz edilib

Almaniyanın “KNDS Deutschland” və “Hensoldt” şirkətləri Parisdə keçirilən “Eurosatory 2026” sərgisində yeni müdafiə sistemi ilə təchiz edilmiş “Leopard 2A8” tankını ilk dəfə nümayiş etdiriblər.

“Poliqon” “Hartpunkt”a istinadən xəbər verir ki, tankın komandir periskopunun üzərində yerləşdirilən və əvvəllər “Puma” piyada döyüş maşınında istifadə olunan üçayaqlı qurğu sensor daşıyıcısı funksiyasını yerinə yetirir.

Bununla belə, nümayiş etdirilən “Leopard 2A8”də quraşdırılan sistem “Puma” platformasında istifadə edilən MUSS (Multifunctional Self-Protection System) aktiv müdafiə sistemindən fərqlənir. Xarici görünüşünə görə MUSS 2.0-a bənzəsə də, bu, başqa bir müdafiə sistemidir.

KNDS-in məlumatına görə, söhbət hazırda inkişaf etdirilən MUSS sisteminin yeni variantından gedir. Bu versiyanın əsas yeniliyi optik aşkarlama funksiyasıdır. Sistem “pişik gözü effekti” adlanan fiziki prinsip əsasında fəaliyyət göstərərək düşmənin optik müşahidə və nişangah sistemlərini müəyyən edə bilir. Layihə çərçivəsində təkmilləşdirilmiş sistem “Leopard 2A7” platformasına inteqrasiya olunaraq optik aşkarlama imkanlarının yaradılması nəzərdə tutulub.

“Hensoldt” sonradan bildirib ki, sözügedən sistem ODAEON adlanır. BAAINBw ilə birgə hazırlanan ODAEON döyüş meydanında düşmənə məxsus optik sistemlərin avtomatik aşkarlanmasını təmin etmək üçün nəzərdə tutulub. Sistem real vaxt rejimində düşmən pilotsuz uçuş aparatlarının optik avadanlıqlarını, müşahidə vasitələrini və hədəf aşkarlama sistemlərini müəyyən edərək ekipaja məlumat verir və onları ekranda göstərir.

ODAEON sistemi “Hensoldt”un sınaqdan keçmiş “MUSS Jammer Head 2” (MJ2) texnologiyasına əsaslanır. İlk mərhələdə sistem düşmənin optik vasitələrinin aşkarlanması və təhlili imkanlarını təmin edəcək. Sonrakı mərhələlərdə isə ona əlavə müdafiə funksiyalarının inteqrasiyası planlaşdırılır.

Əlavə olunacaq funksiyalardan biri “Jamming”dir ki, bu da elektro-optik sistemlərin xüsusi maneə siqnalları vasitəsilə fəaliyyətinin pozulmasına imkan verir. Digər funksiya isə “Dazzling” adlanır və güclü işıq impulsları vasitəsilə kameralar, optik müşahidə sistemləri və nişangahların görüntü qəbuletmə qabiliyyətini müvəqqəti olaraq sıradan çıxarır.

“Hensoldt”un qiymətləndirməsinə görə, hər iki texnologiya düşmənin müşahidə və hədəfləmə imkanlarını zəiflədərək zirehli texnikaların sağqalma səviyyəsini artırır.

Şirkət həmçinin bildirib ki, ODAEON, müxtəlif sensor və mövcud döyüş idarəetmə sistemləri ilə inteqrasiya ediləcək. Bu yanaşma yanlış siqnalların sayını azaltmağa imkan verəcək. Gələcəkdə isə ODAEON və MUSS texnologiyalarının vahid sistemdə birləşdirilməsi planlaşdırılır ki, bu da “Leopard” tankları üçün daha kompleks və çoxqatlı müdafiə həllinin yaradılmasına şərait yaradacaq.

Back to top button