
Litvanın Müdafiə Resursları Agentliyi ölkənin Silahlı Qüvvələri üçün müxtəlif təyinatlı hərbi yolsuzluq avtomobillərinin (“MB G-Class”) və yük maşınlarının (“MB Unimog”, “MB Zetros”, “MB Arocs”) satın alınmasına dair “Mercedes-Benz Group AG” və “Daimler AG” şirkətlərini təmsil edən “Veho Lietuva” şirkəti ilə müqavilə imzalayıb.
“Poliqon” Litva Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yeni texnikalar ordunun logistika imkanlarını gücləndirəcək və Birinci Diviziyanın əməliyyat qabiliyyətlərinin inkişafını təmin edəcək.
Müqavilənin dəyəri təxminən 1 milyard avro təşkil edir və layihə qismən Avropa İttifaqının SAFE proqramı çərçivəsində maliyyələşdirilir. Sifariş çərçivəsində nəqliyyat vasitələrinin tədarükü 2026-2032-ci illərdə həyata keçiriləcək.
Bildirilib ki, bu satınalma Litva Ordusunun logistika imkanlarına yönəlmiş ən böyük investisiyalardan biridir. Yeni texnika hərbçilərin, silahların və ehtiyatların səmərəli daşınmasını təmin edəcək, həmçinin milli diviziyanın sülh, böhran və müharibə dövrlərində tapşırıqları yerinə yetirməyə hazırlığını artıracaq.
Qeyd edilib ki, istehsalçının seçilməsi orduda artıq istifadə olunan nəqliyyat vasitələri parkı ilə uyğunluğun qorunması, istismar, təlim və texniki xidmət xərclərinin azaldılması, həmçinin texnikadan daha səmərəli istifadənin təmin edilməsi məqsədi daşıyır.




