Litva “Carl-Gustaf” qumbaraatanları üçün döyüş sursatı alır
Litva Silahlı Qüvvələri “Carl-Gustaf” əl qumbaraatanları üçün döyüş sursatı sifariş edib.
“Poliqon” “Saaba”a istinadən xəbər verir ki, sifarişin dəyəri 12 milyon ABŞ dollarından (145 milyon İsveç kronu) çoxdur.
Şirkət “Carl-Gustaf M4” əl qumbaraatanları üçün sifariş edilmiş döyüş sursatlarının tədarükünə 2024-cü ildə başlayacaq.
Bildirilib ki, bu sifarişin icrası əvvəlcə istehsalçı-şirkət ilə İsveç Müdafiə Materialları İdarəsi (FMV) arasında imzalanmış çərçivə müqaviləsi çərçivəsində baş tutacaq.
Çərçivə müqaviləsi Litvaya Latviya və Estoniya ilə birlikdə on il müddətinə “Carl-Gustaf M4” qumbaraatanları və onların döyüş sursatları üçün sifariş vermək imkanı verir.
Xatırladaq ki, 2022-ci ilin yanvarında Litva İsveçin ən son M4 versiyasında “Carl-Gustaf” əl qumbaraatanları sifariş edib.
Qeyd edək ki, istehsalçı, yeni M4 versiyasını əvvəlki M3 modelindən daha yüngül, daha yaxşı və daha sürətli olaraq xarakterizə edir. M4 modelinin kütləsi 6.3 kq təşkil edir ki, bu da kütləsi 10 kq olan M3 modelindən 37% və 14.2 kq-lıq kütləyə sahib M2 modelindən 2,2 dəfə yüngüldür.
“Saab” şirkəti, “Carl-Gustaf” çoxməqsədli qumbaraatanlarının universal olduğunu vurğulayan tank əleyhinə, qəlpəli-fuqas, tüstüləyici və işıqlandırıcı qumbaralar daxil olmaqla on müxtəlif növ sursat istehsal edir. “Carl-Gustaf M4” qumbaraatanı tank əleyhinə, piyada əleyhinə və köməkçi qumbaralı atəş yığımları da daxil olmaqla, geniş diapazonda 84 mm çaplı döyüş sursatı atmağa qadirdir.
“Carl-Gustaf M4” qumbaraatanında istifadə edilən döyüş sursatları tanklara qarşı 400 m-ə qədər, binalara və stasionar hədəflərə qarşı isə 700 m-ə qədər məsafədə effektivdir. Bəzi döyüş sursatlarında məsafəni 1000 m-ə qədər artıran raket sürətləndiricisi var.
“Carl-Gustaf” qumbaraatanının M4 versiyası geniş ictimaiyyətə ilk dəfə 2014-cü ilin 13-15 oktyabr tarixlərində ABŞ-ın Vaşinqton şəhərində keçirilən “AUSA Annual Meeting and Exposition-2014” (AUSA-2014) sərgisi zamanı təqdim edilib.
2021-ci ilin noyabrında xarici KİV-də, M4 versiyasında olan “Carl-Gustaf” qumbaraatanlarının atəşin effektivliyini artırmaq üçün yeni nişangah alacağını barədə xəbər verilib. Yeni nişangah kompleksi işıqlandırma şəraitindən asılı olmayaraq günün istənilən vaxtında hədəfi vurmağın dəqiqliyini artırır. Kompleks həm adi döyüş sursatları, həm də tezliklə istehsal ediləcək proqramlaşdırıla bilən döyüş sursatları ilə işləmək üçün təyin edilib.
Əhəd Əzizov