Lüləli artillerıya silahları üçün idarə olunan döyüş sursatları

Lüləli artillerıya silahları üçün idarə olunan döyüş sursatları

Bir qədər yerüstü artilleriya sistemləri üçün idarə olunan döyüş sursatları mövzusuna toxunaraq bir daha qeyd etmək olar ki, ənənəvi olaraq, artilleriya ümumqoşun əməliyyatlarında atəş dəstəyinin ən vacib komponenti hesab olunur.

Lüləli artilleriyanın qarşıya qoyulan tapşırıqları yerinə yetirmək bacarığı daima təmin edilməli, ənənəvi iri çaplı sursatların istehsalı ilə yanaşı hədəflərə təsirini yüksəltmək üçün yüksək dəqiqlikli sursat nümunələri  inkişaf etdirilməlidir. ABŞ-ın “Martin Orlando” (mərmi), “Naval Weapons Laboratory Dahlgren” (özütuşlanan başlıq) və “Hughes” (xüsusi işıqlandırıcı hədəfgöstərici) şirkətləri tərəfindən hazırlanmış 155 mm “COPPERHEAD” (qoşun indeksi M712) atəş yığımı lazerlə idarə olunan döyüş sursatlarının ilk nümunəsi olsa da, bu tip sursat özünün geniş təşəkkülünü tapmamışdır.

Özütuşlama üsulu ilə idarə olunan mərmilərin perspektivi və yüksək döyüş qabiliyyətləri alay və briqada səviyyəsindəki, eləcə də diviziya-korpus-ordu səviyyəsindəki  122, 130, 152 və 155 mm çaplı artilleriya sistemləri üçün belə mərmilər yaratmaq vəzifəsi qoymuşdur. Dəqiqliyi artırmaq üçün həll yollarından olan özütuşlama üsulu iki istiqamətə ayrılır: bir istiqamət lazerlə idarə olunan mərmilərin istifadəsi, digər istiqamət isə peyk naviqasiyasının istifadəsidir.

Hazırda bu tapşırıq uğurla icra olunaraq müxtəlif çaplı artilleriya sistemləri üçün idarə olunan mərmilər yaradılıb. XX əsrin 80-ci illərindən etibarən, keçmiş SSRİ-də, sonradan isə Rusiyada lazerlə idarəetmə texnologiyasından

K122 idarə olunan mərmi (solda) və “Malaxit” atəşi avtomatik idarəetmə kompleksi (sağda)

istifadə edilərək müxtəlif çaplı artilleriya sursatları yaradılıb. Bu sıraya əsasən lüləli artilleriya sistemləri üçün 122 mm-lik və 152 mm-lik “Kitolov” və “Santimetr” atəş yığımları daxildir. “Kitolov” idarə olunan artilleriya kompleksi Rusiya Federasiyasının “Tula Cihazqayırma Konstruktor Bürosu” tərəfindən yaradılıb. Özündə lazer məsafəölçəninin işıqlandırmasından əks olunan yarıaktiv lazer özütuşlama başlıqlı korrektə olunan qəlpəli-fuqas mərmini birləşdirir. Zirehli hədəflərin və mühəndis qurğularının məhv edilməsi üçün təyin edilib. Özütuşlama başlığı “Leninqrad Optika-Mexanika Birliyi” tərəfindən yaradılıb.

Mərminin trayektoriyada idarə olunması aerodinamik sükanlar vasitəsilə yerinə yetirilir. Atəş yığımının 122 mm-lik D-30 haubitsasından və 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusundan istifadə üçün KM-3 “Kitolov-2M” ayrı giliz doldurumlu KB122 növü mövcuddur. Mərminin döyüş hissəsi qəlpəli-fuqas tiplidir və hədəfi üstdən, uçma-şığıma trayektoriyası üzrə məhv edir.

Yedəyə alınan artilleriya bölmələri üçün nəzərdə tutulmuş kompleksin tərkibinə 122 mm-lik idarə olunan mərmi, dəyişən tullayıcı atım və “Malaxit” atəşi avtomatik idarəetmə kompleksi daxildir. Özüyeriyən artilleriya qurğularında isə “Malaxit” kompleksi tətbiq edilmədən 1D20, 1D22, 1D22M, 1D26 və 1D26M lazer hədəfləyici-məsafəölçənindən istifadə olunur.

152 mm-lik “Santimetr” idarə olunan artilleriya atəş yığımı Rusiyanın “Ametex” Elmi-Texniki Kompleksi QSC

152 mm-lik “Santimetr” idarə olunan artilleriya atəş yığımı

tərəfindən yaradılıb. 2K24 idarə olunan artilleriya silahı kompleksinin tərkibinə daxildir. Mərminin trayektoriyada idarə olunması (korrektə) reaktiv impuls mühərriklərinin vasitəsilə yerinə yetirilir. “Santimetr-M” və “Santimetr-M1” kimi modifikasiyaları mövcuddur. Atəş yığımı 152 mm-lik D-20 “Xitin”, ML-20, 2A65 “Msta-B” yedəyə alınan toplardan, eləcə də 2S3M “Akatsiya”, 2S19 “Msta-S” və NATO standartlı 2С19М1-155 özüyeriyən artilleriya qurğularından atəş aparmaq üçün istifadə edilir.

Bunlardan başqa Rusiyanın “Tula Cihazqayırma Konstruktor Bürosu” tərəfindən korrektə olunan 152 və ya 155 mm çaplı “Krasnopol” atəş yığımı yaradılmışdır. Mərminin özütuşlama başlığı “Leninqrad Optika-Mexanika Birliyi” tərəfindən, atəş yığımının özü ümumilikdə isə “İjmaş” ASC tərəfindən istehsal edilir. Zirehli hədəfləri və hərbi hədəfləri ilk atışdan məhv etmək üçün nəzərdə tutulub. Düzəlişlər son uçuş sahəsində, hədəfdəki lazer işarəsinə görə aerodinamik sükanlarla həyata keçirilir. Atış məsafəsini artırmaq üçün mərminin reaktiv mühərriki və ya dib qaz generatoru var. İnkişaf etmiş aerodinamik səthlər hədəfə süzməni təmin edir, məsafəni artırır və bulud hündürlüyü məhdudiyyətlərini azaldır.

9E421 yarıaktiv lazer özü tuşlanan başlıqlı 152 mm-lik 3OF39 “Krasnopol” korrektə olunan qəlpəli-fuqas mərmi (3VOF64 və 3VOF93 atəş yığımlarının tərkibində istifadə olunur) 1D15 (1D20, 1D22) tipli lazer məsafəölçəni ilə işıqlandırılan hədəfdən əks olunmuş siqnalı qəbul edərək idarə olunur. İdarə olunan kompleksin tərkibinə atışı sinxronlaşdırma dəsti 1A35 və R-159M radiostansiyası daxildir. İdarə olunan atəş yığımı ilə 152 mm-lik D20 “Xitin”, 2S3M “Akatsiya”, 2S19 “Msta-S”, 2A65 “Msta-B” aartilleriya sistemlərindən atış aparmaq mümkündür.

“Krasnopol” idarə olunan artilleriya sursatının bir neçə modifikasiyası mövcuddur:

– 155 mm-lik K155 və ya KM-1 “Krasnopol” (bəzi mənbələrdə “Krasnopol-155” kimi göstərilir) atəş yığımları М109А2/А6 (ABŞ), G5 və G6 “Rhino” (CAR), FH77B (İsveç), TRF1 (Fransa) və digər silah sistemlərindən atış aparmaq üçün təyin edilib. Atəş yığımının tərkibinə K155 mərmisi və VK155 atımı daxildir.

– 152 mm-lik 3OF39M “Krasnopol-M” – 3OF39 “Krasnopol” atəş yığımının monoblok modifikasiyasıdır. Sursat adi

KM155M2 idarə olunan mərmi (solda) və “Malaxit” atəşi avtomatik idarəetmə kompleksi (sağda).

idarə olunmayan qəlpəli-fuqas atəş yığımının çəki-qabarit xassələrinə uyğun hazırlandığı üçün özüyeriyən artilleriya qurğularının ştat döyüş yığımında rahat yerləşir. Stabilizatorların sayı 4-dən 6-ya qaldırılıb. 3OF39 “Krasnopol” mərmisinə nisbətən daha düz trayektoriya ilə atış aparma imkanı səbəbindən “Krasnopol-M” mərmisi üçün bulud sərhəddinin minimum hündürlüyünə olan tələblər az olduğu üçün hərbi əməliyyat teatrından asılı olaraq əlverişli tətbiqetmə vaxt 10-30% artıb. Hədəfi vurma ehtimalı daha yüksəkdir – 0,8-0,9 (3OF39 “Krasnopol” üçün 0,7-0,8).

– 155 mm-lik K155M və ya KM-2 “Krasnopol-M2” – “Krasnopol-M” idarə olunan artilleriya mərmisinin NATO standartlarına uyğun hazırlanmış 155 mm-lik daha bir versiyasıdır. Atəş yığımının tərkibinə lazerlə işıqlandırılan hədəfə yarıaktiv özütuşlamalı 155 mm çaplı K155M korrektə olunan yüksək qəlpəli-fuqas mərmisi daxildir. İlk atışdan 25 km-ə qədər məsafədə dayanan və hərəkətli zirehli və zirehsiz hədəfləri və mühəndis qurğularını məhv etmək üçün təyin edilib. Qalxma-dalma trayektoriyası boyunca yuxarıdan məhvetmə üsuluna əsaslanır. Bu atəş yığımının tərkibinə daxil olan mərminin idarə edilməsi üçün Qərb istehsalı olan, məsələn, Fransanın CILAS şirkəti tərəfindən istehsal edilən DHY307 lazer hədəfgöstəricisi də istifadə edilə bilər.

– 152 mm-lik “Krasnopol-D” atəş yığımı “Krasnopol” atəş yığımının artırılmış atış məsafəli və peyk naviqasiya idarəetmə sistemli modifikasiyasıdır. Hazırda üzərində konstruktor-tamamlama işləri yerinə yetirlir.

Müstəqillik əldə etdikdən sonra, Ukraynanın“Proqress” Elmi-İstehsalat Kompleksi və “Toçnost” Mərkəzi Konstruktor Bürosu tərəfindən 152 mm “Kvitnik” atəş yığımı yaradılıb. Atəş yığımının tərkibinə 9E431 yarıaktiv lazerlə özütuşlama başlıqlı 152 mm çaplı korrektə olunan qəlpəli-fuqas mərmisi və atım daxildir.

152 mm-lik “Msta-S”, 2S3M “Akatsiya” kimi özüyeriyən artilleriya qurğularından istifadə və zirehli hədəflərin,

152 mm-lik “Kvitnik” mərmisi

komanda məntəqələrinin və mühəndis qurğularının ilk atışdan məhv edilməsi üçün təyin edilib. Saniyədə 10 metrə qədər sürətlə hərəkət edən hədəfləri 0.9 ehtimalı ilə vurmağa qadirdir. 152 mm “Kvitnik” atəş yığımının artilleriya silahlarından tətbiq olunması üçün 3 modifikasiyası mövcuddur: 122 mm-lik “Karasuk”, 152 mm-lik “Kvitnik” və 155 mm-lik “Kvitnik-155”.

Peyk naviqasiyasının dəqiqliyi mövcud peyklərin sayından və siqnal keyfiyyətindən asılıdır. Müasir qlobal mövqeləmə sistemləri GPS yalnız Amerika peyklərinə güvənir. Bu tip sursatların gələcək əhəmiyyətinin açıq əlaməti bir neçə Avropa ölkəsinin Amerika NAVSTAR GPS-dən uzaqlaşmaq və ABŞ-dan müstəqillik zəmanəti yaratmaq məqsədi ilə öz peyk sistemlərini “Galileo” GNSS yaratmaq qərarıdır. Rusiya QLONASS və Çin “Beidou” GNSS də daim avtonom peyk naviqasiya sistemlərinin tətbiqi üzərində işləyirlər. Ümumi terminologiyanı sadələşdirmək üçün bu məqalədə bütün qlobal mövqeləmə sistemləri GPS termini ilə adlandırılmışdır.

GPS üzrə idarə olunan döyüş sursatının ilk funksional hissəsi hədəfin aşkarlanmasıdır. Bunun üçün, ön müşahidəçilər, hədəf aşkaretmə radarları və ya hava və peyk kəşfiyyat vasitələri də daxil olmaqla artilleriyanın bütün adi və yoxlanılmış kəşfiyyat vasitələrindənistifadə edilə bilər. Hədəfin koordinatları təyin olunan kimi məlumat müasir döyüş idarəetmə sistemlərinə ötürülür. Bu sistemlər tapşırığın planlaşdırılmasını təmin edir və aşkar edilmiş hədəfin hansı şəkildə atəşə tutulacağına qərar verir. Bir hədəfə atəş əmri verilərkən, atəş qruplarının atış üçün uyğun bir vəziyyətdə olub-olmadığı, yoxsa hələ də bu mövqeləri almaları lazım olduğu yoxlanılır. Bu vaxt, seçilmiş atəş heyətlərinin idarəetmə komponentləri istənilən uçuş trayektoriysaını hesablayır və silahı atəş üçün məlumatlarla təmin edir. Müasir artilleriya topu avtomatik olaraq əvvəlcədən təyin olunmuş parametrlərə uyğun olaraq tuşlanır: üfüqi və şaquli nişanalma bucaqları, uyğun nəticəyə nail olmaq üçün tələb olunan mərmi və atımın növü seçilir.

Doldurmadan əvvəl və ya doldurma zamanı və ya atəş açılan zaman, elektronikaya elektrik gərginliyi verilir və hədəf haqqında məlumatlar ötürülür. Atəş açılır, mərmi lülədən çıxır və özünün ballistik trayektoriyası boyunca hədəfə doğru uçur. Müəyyən bir anda mərminin avionikası idarəetməni öz üzərinə götürür. Peyk məlumatlarına əsasən elektronika daim mərminin mövqeyini təyin edir və əldə edilmiş hədəf xüsusiyyətləri ilə müqayisə edir. Sapmalara idarəetmə mexanizmlərinə göndərilən idarəetmə siqnalları vasitəsi ilə düzəliş edilir. Hədəfə yaxınlaşmanın son mərhələsində getdikcə daha qısa aralıqlarla düzəlişedici tədbirlər həyata keçirilir və gələn sükana nəzarət siqnallarının sayı artır. Bu alqoritm hazırda ən yüksək dəqiqliyi təmin edir.

Bu növ sursatın ən tanınmış nümayəndəsi ABŞ-ın “Raytheon Missile Systems” və İsveçin “BAE Systems Bofors” şirkətlərinin birgə yaratdığı 155 mm “Excalibur” (qoşun indeksi M982) mərmisidir. Mərmi həm GPS peyk, həm də İNS inersial idarəetmə sisteminə sahibdir. Atəş yığımı ilə atış məsafəsi lüləsinin uzunluğu 39 çap olan toplardan 40 km, 52 çap olan toplardan isə 50 km təşkil edir. Mərminin uzaq atış məsafəsi quyruq qanadlarının və dib qaz generatorunun sayəsində əldə edilir. Bu atəş yığımları ABŞ qoşunları tərəfindən ilk dəfə 2007-ci ildə İraqda uğurla istifadə edilmişdir: 70 ədəd atılmış mərmidən 64 ədədi hədəfdən 4 metrdən az sapma vermişdir. Onun dəqiqliyi, bir tərəfdən, qoşunlara sıx məskunlaşmış rayonlarda tək hədəfləri vurmağa imkan verir, digər tərəfdən isə öz bölmələrinə yaxın ola biləcək atəş dəstəyini verir. “Excalibur Ib” (qoşun indeksi M982E1) konstruksiyası özünü təsdiq etmiş “Excalibur Ia” konstruksiyasına əsaslanır, lakin daha az detallara sahibdir və istehsalı daha asandır. Bu dəyişikliklər isə döyüş sursatlarının qiymətini aşağı salmış və etibarlılığını artırmışdır.

“Excalibur Block II” atəş yığımının iki növ döyüş başlığı olan variantı da hazırlanıb: 64 ədəd M85 DPICM ikili məqsədli təkmilləşdirilmiş adi sursat qəlpəli-kumulyativ döyüş elementli döyüş başlığı və ya partladıqda “zərbə nüvəsi” yaradan SADARM tipli iki özütuşlanan döyüş başlığı.

155 mm-lik M982 EXCALIBUR mərmisi

“Excalibur” mərmisi sınaq atışı aparmadan hədəfləri vura və eyni zamanda silahı tuşlama bucaqlarını dəyişdirmədən belə atəşi yeni hədəfə sürətlə keçirə bilir. Uçuş tapşırığının mərmiyə daxil edilməsi mərminin uc hissəsinə bir neçə saniyəlik keçirilən partladıcını induksiya qurucusu vasitəsilə həyata keçirilir.

Bu zaman, atəş mövqeyi və hədəfin GPS koordinatları, döyüş başlığının partladılması rejimi və s. təyin olunur. Traektoriyanın əsas hissəsi süzmə rejimində keçir. Hədəfə yaxınlaşdıqda, mərmi demək olar ki, şaquli bir trayektoriyaya keçir və bu da sıx şəhər yerlərində, çətin şəhər mühitində yerləşən hədəfləri vurmağa imkan verir. Atəş yığımının ən sonuncu modifikasiyalarından biri, GPS/INS tuşlamalı ən yüksək dəqiqlikli “Excalibur Block 1b” modifikasiyasıdır. Mərminin dairəvi sapma ehtimalı (DSE) 2 metrdir.

2013-cü ilin ortalarından etibarən ABŞ-ın “Raytheon Missile Systems” şirkəti yarıaktiv lazer özütuşlama başlığı ilə “Excalibur 1b” atəş yığımına əsaslanan “Excalibur S” mərmi üzərində işləyir. Lazer özütuşlama başlığının olması, hədəfin koordinatlarını təyin edərkən yol səhvləri aradan qaldırır və hərəkət edən obyektlərə hücum etməyə imkan verir. Hədəfin işıqlandırması ön kəşfiyyat qrupundan və ya pilotsuz uçuş aparatından (PUA) istifadə edərək həyata keçirilir.

XM1156 PGK dəqiq tuşlama dəsti

İdarə olunan artilleriya sursatlarının böyük əksəriyyətində lazımi elektronika və mexanika, “Excalibur” sursatında olduğu kimi mərminin gövdəsinə yerləşdirilir. Lakin bu, nisbətən bahalı bir həlldir. Ənənəvi sursatların istifadəsinə imkan verən mövcud tendensiya bizə daha üstün həll yolu göstərir. Bunu əldə etməkdən ötrü mərminin yerini və sapmasını hesablamaq üçün partladıcının içərisinə yerləşdirilmiş elektronikaya ehtiyac var. Bu yanaşmanın bir nümunəsi olaraq, ABŞ-ın “Alliant Techsystems (ATK)” tərəfindən istehsal olunan 155 mm-lik artilleriya sursatı üçün XM1156 PGK dəqiq tuşlama dəstini göstərmək olar.

Qeyd olunan tendensiyaya əsaslanaraq, İsrailin “İsrail Aerospace Industries” (IAI) şirkəti “TopGun” partladıcısını (artilleriya mərmisini idarəetmə modulunu) yaradıb. Bu, bütün 155 mm-lik adi mərmilərə quraşdırılan naviqasiyalı və idarə olunan bir partladıcıdır. “TopGun” partladıcısı ilə təchiz edilmiş mərminin 40 km məsafədə maksimal dairəvi sapma ehtimalı (DSE) cəmi 20 metr təşkil edir.

Özütuşlama başlıqlı 155 mm “Vulcano” mərmisi.

İtaliyanın “OTO Melara” şirkəti yerüstü artilleriya sistemləri üçün 155 mm “Vulcano” çapaltı idarəolunan atəş yığımlarını yaradıb. 155 mm-lik “Vulcano” sursatı, raket mühərriki olmayan, təxminən 1000 mm uzunluğunda və 90 mm diametrində çapaltı pərli mərmini özündə ehtiva edən, 1554 mm uzunluğunda unitar atəş yığımıdır. Mərmilər “Vulcano” GLR GPS/INS tuşlama ilə və “Vulcano” GLR/SAL yarıaktiv lazer özütuşlanan başlıqlı idarəetmə sistemləri ilə təchiz edilə bilir. Komanda qurğusu daşınan və ya artilleriya sisteminə quraşdırılan ola bilir.

Atəş yığımının inersial/GPS tuşlamalı GLR variantı ilə uzunluğu 52 çap olan artilleriya silahından 80 km məsafəyədək, uzunluğu 39 çap olan artilleriya silahından isə 55 km məsafəyədək atəş aparmaq mümkündür. Zərbə təsirli partladıcılı özütuşlama başlığının aerodinamik formasından asılı olaraq, yarıaktiv lazer/GPS/inersial tuşlamalı variantla daha az məsafəyə atəş aparılır. Atəş yığımı 155mm/52 çap lüləli və 155mm/39 çap lüləli artilleriya sistemlərindən atəş aparmaq üçün nəzərdə tutulub.

155 mm-lik MRM mərmisi

Hazırda Fransanın “Nexter Munitions” şirkəti tərəfindən 155 mm-lik MRM idarə olunan atəş yığımları yaradılır. MRM atəş yığımının dairəvi sapma ehtimalının 1 metrdən az olması planlaşdırılır.

Atəş yığımı platformasız yarıaktiv lazer özütuşlama başlığı ilə, öz hissədə yerləşən sükanlarla və trayektoriyanın orta hissəsində naviqasiya üçün opsional sistemlə təchiz ediləcək. Opsional naviqasiya sistemi olmadan uçuş məsafəsi 28 km, onunla birlikdə 40 km təşkil edəcəkdir. Atəş yığımı 155 mm/52 çap lüləli və 155 mm/39 çap lüləli artilleriya sistemlərindən atəş aparmaq üçün nəzərdə tutulub.

Cənubi Koreyanın “Poongsan” şirkəti tərəfindən yeni 155 mm-lik K9 “Thunder” özüyeriyən haubitsası üçün GPS/INS idarəetmə sistemli K310 tank əleyhinə atəş yığımı yaradılıb. Atəş yığımının mərmisinin dib hissəsində qaz generatoru nəzərdə tutulub. Kombinələşdirilmiş döyüş hissəsi SMArt 155 özütuşlanan alt sursatdan və 49 ədəd K221 DPICM (Dual-Purpose Improved Conventional Munition – ikili məqsədli təkmilləşdirilmiş konvensiya sursatı) qəlpəli-kumulyativ döyüş elementindən ibarətdir. Atış məsafəsi 36 km təşkil edir. K221 qəlpəli-kumulyativ döyüş elementinin konstruksiyasında, ADD şirkəti tərəfindən hazırlanmış mis-volfram ərintisindən (ənənəvi olaraq xarici sursatlarda istifadə olunan mis qıf əvəzinə) hazırlanmış kumulyativ qıfdan istifadə olunur.

“Poongsan” şirkətinin digər məhsulu isə 100 km atəş məsafəli 155 mm-lik GGAM 100-K idarə olunan süzən artilleriya atəş yığımı və 127 mm-lik GGRM-5 raket mühərrikli atəş yığımıdır. Mərmilər təyyarə sxemi üzrə layihələndirilib və yığılan böyük qanadlara sahibdir. İdarəetmə, mərminin quyruq hissəsində yerləşən dörd sükan vasitəsilə yerinə yetirilir. Hədəfi üstdən məhv etməkdən ötrü mərminin döyüş hissəsində SMArt 155 özütuşlanan alt sursat yerləşdirilmişdir.

155 mm-lik GP155 mərmisi

Sonradan Çində 155 mm-lik GP155 markalı və onun modifikasiyası olan GP155A markalı idarə olunan atəş yığımlarının istehsalına başlanılıb. Hər iki variant lazer özütuşlama başlığı ilə təchiz edilib. GP155 atəş yığımının atış məsafəsi 3 – 20 km, GP155A atəş yığımının atış məsafəsi isə 6 – 25 km təşkil edir.Çin Xalq Respublikasının Xalq Azadlıq Ordusu uzun illər ərzində keçmiş SSRİ/Rusiya istehsalı olan silah və hərbi texnikalardan istifadə etdiyi üçün idarə olunan artilleriya sursatlarının ilk nümunələri də həmin standartlar əsasında hazırlanıb. NORİNCO şirkəti Rusiyanın “Tula Cihazqayırma Konstruktor Bürosu”ndan aldığı texnoloji sənədlər, həmçinin Rusiyadan alınan özütuşlama başlıqları və digər dəstləşdirici elementlərin bir hissəsi əsasında 152 mm-lik “Krasnopol” idarə olunan atəş yığımlarının istehsalını həyata keçirib. Müəyyən müddətdən sonra, optoelektron avadanlığın istehsalı ilə məşğul olan “SİCONG” Sənaye Qrupu özütuşlama başlıqlarının istehsalını mənimsəyib və sonradan “Krasnopol” atəş yığımının Çin analoqunun istehsalı davam etdirilib.

Atəş yığımının digər modifikasiyası olan GP155B isə peyk tuşlama sistemli özütuşlama başlığı ilə dəstləşdirilir. Bu sursat həm ABŞ-ın NAVSTAR GPS, həm də Çinin Beidou GNSS naviqasiya sistemləri ilə işləyə bilir.

155 mm-lik WS-35B mərmisi

Çində yaradılmış digər idarə olunan artilleriya sursatı isə iki variantda hazırlanmış 155 mm-lik WS-35B vəWS-35R atəş yığımlarıdır. Hər iki variant atəş yığımı Çin istehsalı olan, lüləsinin uzunluğu 52 çap PLZ-05 və onun modifikasiyası, lüləsinin uzunluğu 54 çap PLZ-04 özüyeriyən artilleriya qurğularından atəş aparmaq üçün nəzərdə tutulub. Mərmilərin idarə olunması inersial/GPS sistemi ilə yerinə yetirilir. WS-35B atəş yığımı öz görünüşünə görə ABŞ-ın “Excalibur” atəş yığımına bənzəyir. WS-35R atəş yığımı isə bir az uzundur (1620 mm), mərminin kütləsi 18 kq-dır, quyruq bloku başqa konstruksiyaya sahibdir və açıq mənbələrdə olan məlumatlara əsasən raket mühərriki ilə dəstləşdirilib. Elan olunmuş atış məsafəsi 100 km, maksimal məsafədə dairəvi sapma ehtimalı 40 metrdir.

Almaniyada “Diehl Defense GmbH& Co. KG Diehl Defense” və “Rheinmetall AG” şirkətlərinin daxil olduğu “GIWS” konsorsiumu tərəfindən 155 mm-lik “SMArt-155” 155 mm-lik kasset mərmili və eyni adlı özütuşlanan döyüş elementli atəş yığımı hazırlanmışdır.

SMArt-155 mərmisi üç hədəf göstərici sensora malikdir (həm passiv, həm də aktiv yer prinsipləri ilə işləyən miniatür radar, həmçinin infraqırmızı detektor). Sensorlar eyni vaxtda işləyir və ölçmə sisteminin çıxışında ümumiləşdirilmiş hədəf görüntüsü əmələ gətirir. Etibarlığı təmin etmək üçün sensorlardan alınan siqnallar, özütuşlanan döyüş elementinin yalan hədəflərə reaksiya verməməsindən ötrü iki xüsusi tarama alqoritmindən istifadə edən prosessor tərəfindən işlənir. Hədəfin əsas (termal) görüntüsü infraqırmızı sensor siqnalları əsasında sintez olunur.

Aktiv və passiv millimetr dalğalı radar sensorları, hədəfin metal üzlüklərinə, habelə mühəndis konstruksiyalarının dəmir-beton örtüklərinə həssas olan alternativ özü tuşlanan kanal yaradır.

Yeni atəş yığımı 155 mm çaplı “Panzerhaubitze 2000” (Almaniya) və “Paladin” variantı daxil olmaqla M109 (ABŞ) özüyeriyən artilleriya qurğularından istifadə üçün nəzərədə tutulub. Lüləsinin uzunluğu 52 çap olan sistemdən atış məsafəsi 27,5 km təşkil edir. Atəş yığımının mərmisinin kütləsi 47 kq-dır. Hər mərminin daxilində sensor partladıcılı və “atdın-unutdun” funksiyasına sahib iki avtonom altsursat var. Hər bir altsursat, əsas döyüş tankları kimi ağır zirehli döyüş maşınlarına qarşı da istifadə üçün yüksək dərəcədə nüfuz edən bir partlayıcı zərbəli-nüfuzedici sensor (explosively formed penetrator – EFP) döyüş başlığı yerləşir.

155 mm-lik SMArt-155 mərmisi

Altsursat mərmidən buraxıldıqdan sonra paraşüt açılır. Yavaş enişdə, altsursat infraqırmızı sensor və millimetr dalğa radarından istifadə edərək aşağıdakı ərazini tarayır. SMArt-155 mərmisinin bir neçə növ sensorlara əsaslanan sensor sistemi, onu hava şəraitindən asılı olmayaraq istənilən ərazidə istifadə etməyə imkan verir. 

Yekun olaraq qeyd etmək lazımdır ki, artilleriyanın dəqiqlik ehtiyacları artdığından ənənəvi döyüş sursatları bu ehtiyacları tam yerinə yetirə bilmir və ya yalnız məhdud bir şəkildə təmin edir. Bununla əlaqədar olaraq yeni növ yüksək dəqiqlikli artilleriya sursatları yaradılıb, artilleriya silahlarının uzaq məsafə və hədəfə təsiri kimi effektivlik göstəriciləri artan dəqiqliklə tamamlanıb. Və bu gün yaradılan yeni sursat növləri artıq gələcəyin tələblərinə cavab verməyə başlayıb.

Əhəd Əzizov

POLİQON JURNALI

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş