Macarıstan istehsalı ilk KF41 PDM-i yerli müştəriyə təhvil verilib
Macarıstanın Zalaeqerseq şəhərindəki müəssisədə istehsal edilən ilk KF41 “Lynx” piyada döyüş maşını (PDM) bu ölkənin Silahlı Qüvvələrinə təhvil verilib.
“Poliqon” “Rheinmetall” şirkətinə istinadən xəbər verir ki, Macarıstanda ilk “Lynx” PDM-inin istehsalı 2023-cü ilin dekabrında tamamlanıb.
Ancaq KF41 bir sıra yoxlama və sınaqlardan keçdikdən sonra rəsmi olaraq Macarıstan Silahlı Qüvvələrinə təhvil verilib.
Qeyd edək ki, həm NATO, həm də Avropa Birliyi ölkəsi olan Macarıstan KF41 “Lynx” PDM-lərinin ilk xarici sifarişçisi və istifadəçisidir. Bununla bağlı 2020-ci ilin avqustunda KF41 “Lynx” PDM-lərinin istehsalıçısı olan Almaniyanın “Rheinmetall” şirkəti və Macarıstanın Müdafiə Nazirliyi arasında dəyəri 2 milyard avrodan çox olan müqavilə imzalanıb. Bu müqavilə ilə “Rheinmetall” şirkəti tərəfindən Macarıstan Silahlı Qüvvələrinə 209 ədəd “Lynx” PDM-inin tədarük edilməsi nəzərdə tutulub.
Müqaviləyə əsasən, “Lynx” PDM-lərinin istehsalı və çatdırılması ilə bağlı işlər iki mərhələyə bölünür ki, burada da 46 ədəd KF41-in Almaniyada, 172-sinin isə Macarıstanda istehsal edilməsi planlaşdırılıb.
Birinci istehsal mərhələsində Macarıstan Silahlı Qüvvələri 2025-ci ilin sonuna qədər Almaniya istehsalı olan 46 ədəd “Lynx” piyada döyüş maşını alacaq. Almaniya istehsalı olan ilk PDM 2022-ci ilin oktyabrında Macarıstana təhvil verilib və geridə qalan PDM-lərin istehsalına 2023-cü ilin sonunda başlanılıb.
İkinci mərhələdə 172 ədəd PDM Zalaeqerseq şəhərindəki birgə müəssisədə istehsal ediləcək. 33 hektar ərazini əhatə edən bu müəssisə 2023-cü ilin avqustunda açılıb və həmin vaxtdan Macarıstan Silahlı Qüvvələri üçün KF41-lərin seriyalı istehsalına başlayıb.