
Artıq MKE xarici ölkələrə texnologiya ixrac edən şirkətə çevrilib. Hazırda 8 ölkədə 11 zavod inşa edirik.
Bu barədə “Poliqon” jurnalına müsahibəsində MKE-nin maliyyə və marketinq üzrə baş direktor müavini Tolqa Çelik bildirib.
Onun sözlərinə görə, sözügedən zavodlardan bəziləri artıq fəaliyyətə başlayıb, digərlərinin tikintisi isə davam edir.
“Texnologiya transferi bizim üçün dost və müttəfiq ölkələrə dəstək vermək deməkdir. Əslində bu, Türkiyə Respublikasının həmin ölkələrə göstərdiyi dəstəyin bir hissəsidir. Çünki biz onları tək qoymuruq. Onlar üçün həm zavodlar tikir, həm personalı hazırlayır, həm də xammal təminatını təşkil edirik. Əgər onlar xammalı özləri əldə edə bilmirlərsə, bu məsələdə də dəstək göstəririk. Bundan əlavə, istehsal etdikləri məhsullar daxili tələbatdan artıq olarsa, onların üçüncü ölkələrə ixracına da dəstək veririk”, – deyə Tolqa Çelik qeyd edib.
Texnologiya transferini strateji istiqamət hesab etdiklərini vurğulayan baş direktorun müavini, bu sahədə fəaliyyətlərini davam etdirəcəklərini deyib: “Hazırda Avropa, Amerika, Asiya və Afrikada yeni əməkdaşlıq imkanlarını araşdırırıq. Hansı sahələrdə birgə fəaliyyət qura biləcəyimizi qiymətləndiririk. MKE-ni daha geniş beynəlxalq fəaliyyətə malik şirkətə çevirmək istiqamətində işlərimizi davam etdiririk”.




