HavaXəbərlər

MKE istehsalı çoxsayda NEB Türkiyə HHQ-nin inventarına daxil edilib – VİDEO

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən istehsal olunan çoxsayda nüfuz edən bomba (NEB) Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarına daxil edilib.

“Poliqon” MKE-yə istinadən xəbər verir ki, bununla yanaşı, son bir həftə ərzində şirkət Türkiyə Silahlı Qüvvələrinə müxtəlif miqdarda və kalibrdə silah-sursat da tədarük edib.

Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanmış ilk beton dələn bomba olan NEB, hərbçilərin sahədə istifadə etdiyi ən effektiv zərbə vasitələrindən biri kimi Silahlı Qüvvələrin arsenalında yer alır.

Kırıkkale şəhərində yerləşən MKE Döyüş Sursatı Zavodunda istehsal edilən NEB xüsusilə sığınacaqların, mağaraların və yeraltı obyektləri kimi betonla möhkəmləndirilmiş hədəflərin məhv edilməsi üçün hazırlanıb. 2,6 metr uzunluğa və təxminən 900 kiloqram çəkiyə malik olan bu sursat yüksək dağıdıcı gücü ilə seçilir.

Ön hissəsində beton dələn qabaq başlıq, arxa hissəsində isə əsas partlayıcı başlıq yerləşən NEB ardıcıl (iki mərhələli / cüt partlayışlı) dələn döyüş başlığı texnologiyasına malikdir.

F-4E və F-16 döyüş təyyarələrindən atıla bilən NEB yüksək sürətlə dalışa keçərək hədəfə dəqiq şəkildə yönəlir. Ön dələn başlıq beton və zireh kimi möhkəmləndirilmiş maneələri aşaraq sursatın hədəfin daxilinə nüfuz etməsini təmin edir. Hədəfə çatdıqdan sonra isə əsas döyüş başlığı partlayaraq maksimum məhvetmə effekti yaradır.

MK-84 aviasiya bombalarına inteqrasiya edilən dəqiq və lazer tuşlama dəstləri ilə birlikdə istifadə oluna bilən NEB, aşağı zərbə bucaqlarında belə yüksək dəlmə qabiliyyəti ilə diqqət çəkir.

Back to top button