MKE Polşada 155 mm-lik özüyeriyən haubitsa sursatı layihəsində son mərhələyə çatıb

MKE Polşada 155 mm-lik özüyeriyən haubitsa sursatı layihəsində son mərhələyə çatıb

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Polşanın “155 mm-lik Özüyeriyən Haubitsa Sursatı İstehsal Xətti” layihəsi üçün təqdim etdiyi təklifin son mərhələlərə çatdığını açıqlayıb.

MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkət Polşanın Kielce şəhərində keçirilmiş MSPO-2025 beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edərək beynəlxalq əlaqələrini gücləndirib.

MSPO-2025 sərgisində açıqlama verən MKE baş direktorunun müavini Tolga Çelik bildirib ki, MKE Polşanın ehtiyac duyduğu hər cür istehsal qabiliyyətinin yaradılmasında əməkdaşlığa hazırdır. O, xüsusilə özüyeriyən haubitsalar üçün 155 mm-lik sursatların istehsalı məqsədilə Polşada bir zavodun qurulmasını təklif etdiklərini və layihənin qərar prosesinin son mərhələlərində olduğunu vurğulayıb. T.Çelik MKE-nin qısa siyahıya düşdüyünü də qeyd edib.

Onun sözlərinə görə, MKE bu addımlarla silah və sursat istehsalındakı təcrübəsini nümayiş etdirir, sahib olduğu sənaye istehsal qabiliyyətlərini qlobal arenada təqdim edir və texnologiya transferi sahəsində mühüm mövqeyə yüksəlir.

CATEGORIES
TAGS