
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti son bir ay ərzində Türkiyə Silahlı Qüvvələrinə və müdafiə sənayesi tərəfdaşlarına müxtəlif növ silah, sursat və hərbi texnikaların geniş həcmdə tədarükünü həyata keçirib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, “Makine ve Kimya Endüstrisi” Türkiyənin müdafiə sənayesində tam müstəqillik hədəfi istiqamətində strateji istehsal infrastrukturunu genişləndirməyə və milli müdafiə potensialını davamlı şəkildə gücləndirməyə davam edir.
Şirkətin həyata keçirdiyi 1,5 milyard ABŞ dolları dəyərində investisiya proqramı çərçivəsində istifadəyə verilən yeni istehsal xətləri və modernizasiya layihələri sayəsində istehsal gücündə əhəmiyyətli artım əldə olunub.
Energetik materiallardan döyüş sursatlarına, silah sistemlərindən raket texnologiyalarına, aviasiya bombalarından KBRN (kimyəvi, bioloji, radioaktiv və nüvə) təhlükələrinə qarşı qoruyucu vasitələrə qədər geniş məhsul çeşidində istehsal imkanlarını artıran MKE son bir ay ərzində müştərilərə böyük həcmdə məhsul təhvil verib.
Bu çərçivədə Türkiyə Quru Qoşunları Komandanlığına MKE ALPAY minalanmış ərazilərdə keçid açma sistemi, 107 mm-lik raketlər, 60 mm-lik minaatan mərmiləri, 105 mm-lik artilleriya sursatları üçün atıcı barıt, 25 mm-lik sursatlar, 7,62 mm və 20 mm çaplı patronlar, həmçinin tüstü qumbaraları təhvil verilib.
Eyni zamanda, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına MK-84 və MK-82 aviasiya bombaları, Hərbi Dəniz Qüvvələri Komandanlığına isə 76 mm-lik “Denizhan” milli dəniz topu, MKE MOD48 əl qumbaraları və tüstü qumbaraları çatdırılıb.
Bununla yanaşı, MKE tərəfindən müdafiə sənayesi tərəfdaşlarına ALTAY əsas döyüş tankının silah sistemi, “Fırtına” özüyeriyən artilleriya qurğuları üçün avadanlıqlar, 155 mm-lik PANTER haubitsası üçün komponentlər, MK-82 aviasiya bombaları, orta mənzilli raketlər üçün yanacaq çubuqları, “Nefes” KBRN qaz maskaları, artilleriya alışdırıcıları və müxtəlif ehtiyat hissələri təhvil verilib.







