Yeni DANA-M2 haubitsasının sınaqları keçirilib

Yeni DANA-M2 haubitsasının sınaqları keçirilib

Çexiyanın EXCALIBUR ARMY şirkətinin istehsal etdiyi yeni 152 mm-lik DANA-M2 özüyeriyən artilleriya qurğusunun (ÖAQ) sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, EXCALIBUR ARMY şirkəti sınaq mərhələləri barədə hazırladığı videoçarxı özünün “YouTube” kanalında paylaşıb.

DANA-M2 ÖAQ əvvəlki 152 mm “DANA vz 77” ÖAQ-ın əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş versiyasıdır. İki əsas yenilənmədən sonra bu artilleriya sistemi yeni kabina, atəşə nəzarət sistemi və imkanlarını yaxşılaşdıran bir sıra digər inkişaflara sahibdir.

DANA-M2 ÖAQ idarəetməni və kəşfiyyatı vahid atəşlə məhvetmə sistemində birləşdirməyə imkan verən yeni müasir avtomatlaşdırılmış (rəqəmsal) atəşi idarəetmə sistemi ilə təchiz olunub.

“DANA vz.77” ÖAQ 1970-ci illərin sonlarında keçmiş Çexoslovakiyada inkişaf etdirilib, 1977-ci ildə silahlanmaya “Samohybná kanónová houfnice vz. 77 Dana” (ShKH vz. 77) adı ilə qəbul olunub və seriyalı istehsalı indiki Slovakiyanın Trençín şəhərindəki “ZTS Dubnica” zavodunda həyata keçirilib.

Məlumat üçün qeyd edək ki, DANA abbreviaturası “Dělo Automobilní Nabíjené Automaticky”- “Avtomatik doldurumlu avtomobil topu” mənasını verir.

1977-ci il nümunəli “DANA vz.77” özüyeriyən artilleriya qurğusunda şassi olaraq 8×8 təkər formullu təkmilləşdirilmiş “Tatra 813” avtomobilindən istifadə edilib. Güc qurğusu “Tatra T2-930” dizel mühərrikidir. Döyüş sursatları daşınan döyüş dəsti 60 dəstə qədər atəş yığımı təşkil edir. Magistral yolda maksimal hərəkət sürəti saatda 80 km-ə qədərdir. Çexoslovakiya ilə yanaşı, digər sosialist düşərgəsi ölkələri tərəfindən istismar olunub və hazırda edilməkdədir. ÖAQ-ın DANA-M1 versiyası Çexiya, Polşa, Gürcüstan və Azərbaycan Ordusunun silahlanmasındadır.

Xatırladaq ki, 2018-ci ildə Ukrayna Müdafiə Nazirliyi silahlı qüvvələrdə istismar edilən 152 mm-lik D-20 top-haubitsalarının və 152 mm-lik 2S3 “Akatsiya” ÖAQ əvəz edilməsi üçün 2018-ci ildə “EXCALIBUR ARMY” şirkəti ilə 66 ədəd 152 mm-lik DANA-M2 ÖAQ alınması barədə müqavilə imzalayıb. Sonradan qurğuların sayı qiymət dəyişdirilmədən 26 ədədə endirilib. Cari ilin aprel ayında isə Ukraynanın Silahlı Qüvvələrinin Riven vilayətində yerləşən poliqonunda sözügedən qurğunun hərtərəfli sınaqları keçirilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS