Müdafiə naziri: Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verilir

Müdafiə naziri: Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verilir

Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir.

“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun IDEF-2023 sərgisinin iştirakçıları üçün POLİQON jurnalına açıqladığı mesajda bildirilib.

Müdafiə nazirinin sözlərinə görə, Azərbaycan Ordusunun dünyanın qabaqcıl orduları ilə təcrübə mübadiləsi, hərbçilərimizin beynəlxalq təlimlərdə iştirakı, hərbi əməkdaşlıq, ən müasir silah, texnika və avadanlıqların arsenalımıza daxil edilməsi, Ordumuzun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması prosesi inamla davam edir: “Danılmaz bir faktdır ki, son illərdə əldə etdiyimiz ən mühüm qələbə və uğurların əsas səbəbi, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksələn templə davam etdirilməsidir.

Ölkəmizdə ordu quruculuğu prioritet məsələdir. Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası, Şanlı Qələbəmizin təmin edilməsi, uğurlu ordu quruculuğu prosesinin ən bariz təzahürüdür”.

Ordu quruculuğu prosesinin ölkə üçün əhəmiyyətindən danışan general-polkovnik Zakir Həsənov, Azərbaycan Ordusunun peşəkarlığını xüsusi qeyd edib: “Məhz Ulu Öndərin başladığı və Müzəffər Ali Baş Komandanımızın uğurla davam etdirdiyi islahatlar nəticəsində qüdrətlənən Ordumuz Aprel döyüşlərində, Günnüt əməliyyatında, Tovuz döyüşlərində, Vətən müharibəsində düşməni məğlub edərək ona layiqli cavab vermişdir. Qazanılan bu təcrübə və peşəkarlıq Vətən müharibəsindən sonra həyata keçirilən “Fərrux”, “Qisas” və digər uğurlu əməliyyatlarda özünü bir daha təsdiqlədi”.

Poliqon.az

CATEGORIES