Mürsəl İbrahimov: Ödənişli hərbi xidmətin tətbiqi bu gün gündəlikdə yoxdur

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Azərbaycanda hərbi xidmətə çağırışla bağlı yaş həddinin 35-dən 30-a endirilməsinə münasibət bildirib.
“Poliqon” xəbər verir ki, Xidmət rəisi bu barədə APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində danışıb.
M.İbrahimov bildirib ki, bu layihə hazırlanarkən Xidmət çoxlu aspektləri təhlil edib və nəticədə yaşı 30-dan yuxarı olanların sağlamlıq durumlarının gənclərlə eyni olmadığını, digər tərəfdən isə bu kateqoriyaya məxsus vətəndaşlarımızın əksəriyyəti ailəli olmaqla yanaşı, haradasa işləmələri haqda qənaətə gəldiyindən layihənin son versiyası işlənilib və aidiyyəti üzrə təqdim olunub: “Cənab Prezident humanist addım ataraq bu dəyişikliyə razılıq verib və nəticədə qanunvericilik dəyişib. O ki qaldı xərclərin azalmasına, təbii ki, yaş həddinin aşağı salınması bu meyara da müsbət təsir göstərib”.
SHXÇDX rəisi elektron xidmətlərin genişləndirilməsi istiqamətində atılan addımlarla bağlı da məlumat verib.
“Xidmətin bütün funksionallığı üzrə rəqəmsallaşmaya dair qərar verilib və artıq bir çox proseslər elektron formada həyata keçirilir. Rəqəmsal layihələrin tətbiqinin əsas məqsədi müasir tələblərə uyğunlaşmaqla yanaşı, həmçinin vətəndaşla təmasın minimuma endirilməsinə yönəlib. Əslində, bu kimi layihələr şəffaf fəaliyyətə də müsbət təsir göstərir. Bu məqamda xüsusən Xidmətin daxilində MyGov-un tətbiqinə start verilməsi və həmin proses çərçivəsində tətbiqdən istifadə olunması prioritetlərdən biridir. Hazırda MyGov-dan 6 növ arayışın onlayn əldə olunmasına və çağırış vərəqələrinin, məlumatlandırmanın və göndərişlərin elektron qaydada göndərilməsinə nail olmuşuq. Bir daha da vətəndaşlara müraciət edərək bildirmək istərdim ki, mütləq qaydada MyGov tətbiqini yükləyib orada qeydiyyatdan keçsinlər. Bu bizim vətəndaşla olan rabitə kanalımızdır. Bu gün müvafiq hüquq normalarına uyğun olaraq, vətəndaşlar üçün bəzi tələblər var. Məsələn, hərbi vəzifəlilər ölkəni 3 aydan artıq tərk etdikdə, onlar bununla bağlı yerli struktur bölmələrə məlumat verməlidirlər. Əgər bunu etmirlərsə, inzibati qaydada cərimələnə bilərlər. MyGov vasitəsilə evdən çıxmadan bu məlumatların bizə ötürülməsinə şərait yaradılır”, – deyə Mürsəl İbrahimov vurğulayıb.
Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmətin tətbiqi ilə bağlı danışan Xidmət rəisi bildirib ki, hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir. Daha qısa zamanda hərbi biliklərə yiyələnməsi mümkün olduğu halda bu məsələ müzakirə oluna bilər. Hazırda bu məsələ müzakirə mövzusu deyil. Ödənişli hərbi xidmətin də tətbiqi bu gün gündəlikdə yoxdur.




