Xəbərlər

Dövlət Xidmətinin rəisi hərbi tibbi komissiyaların iş prinsiplərini açıqlayıb

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi şəhadətləndirmə həyata keçirilir, qərar isə Xidmət tərəfindən verilir.

“Poliqon” xəbər verir ki, bu sözləri APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov söyləyib.

Xidmət rəisi bildirib ki, bu sahədə nəzarət mexanizmi mövcuddur: “İlk olaraq, proses haqqında danışaq ki, vətəndaşlara bu daha da aydın olsun. İstər çağırışçı, istər hərbi vəzifəlilər ilk olaraq, mütləq tibbi müayinələrdən keçirlər. Mütləq tibbi müayinələr qanunvericilikdə nəzərdə tutulub. Bundan sonra bu müayinələrin cavabları elektron qaydada Xidmətə daxil olur. Xidmətdə daimi əsaslarla yerli hərbi həkim komissiyası fəaliyyət göstərir. Həmin hərbi həkim komissiyasında olan həkimlər bizə TƏBİB-dən və Səhiyyə Nazirliyindən ezam olunurlar. Mütləq müayinələrin nəticələrinə həmin komissiyada baxılır, həmin şəxslərə əyani şəkildə də baxış keçirilir. Əyani baxışda komissiyadakı həkimlər həm mütləq müayinələrin nəticələrinə əsasən, həm də vətəndaşların sağlamlıq durumu ilə bağlı səsləndirdikləri fikirləri uyğunlaşdırıb qərara gəlinir. Bəzi hallarda mütləq müayinələrin cavabında hər hansı normadan kənara çıxma hallarına rast gəlinmir, amma vətəndaş bununla razılaşmırsa, həkimlər əlavə müayinəyə göndərişə ehtiyac görmür. Amma normadan kənara çıxma halı olarsa, həkimlər vətəndaş üçün əlavə müayinə təşkil edirlər. Burada müxtəlif xəstəliklər ola bilər: skaliozlar, yastıpəncəlilik və sair. Bu zaman əlavə müayinə artıq ixtisaslaşmış klinikalarda həyata keçirilir”.

Onun sözlərinə görə, həmin şəxslər o klinikalara göstərilən vaxtda getməyə məcburdur və bəhs edilən bütün müayinələr tamamilə pulsuzdur: “Bu proseslərə dövlət kifayət qədər vəsait xərcləyir. Qanunda nəzərdə tutulub ki, çağırışçılar, hərbi vəzifəlilər növbədənkənar şəkildə bu müayinədən keçsinlər. Oradan gələn cavablar elektron qaydada bizim yerli struktur bölmələrə daxil olur. Orada yerli çağırış komissiyaları fəaliyyət göstərir, qərarı artıq onlar verir. Bu zaman həkimlər tərəfindən daxil olan məlumatlar bir daha təhlil olunur və nəticəyə gəlinir.

Məsələn, yerli komissiya vətəndaşın “müvəqqəti yararsız” olması ilə bağlı qərar qəbul etdikdə, bu qərarın təsdiqlənməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Mərkəzi Hərbi-Həkim Komissiyasına aiddir. Bu, komissiya Xidmətin nəzdində fəaliyyət göstərir və ştatda olan işçilərimizdən ibarətdir. Həmin komissiya ixtisaslı həkimlərdən ibarətdir və Xidmətin işçiləridir. Onlar qərara yenidən baxış keçirir və ehtiyac olduqda vətəndaşları yenidən komissiyaya dəvət edirlər. Komissiya yerli komissiyanın qərarı ilə razılaşa da bilər, razılaşmaya da bilər. Bu prosesdə istər yerli qurumlarda ezam olunmuş həkimlər, istər Xidmətin nəzdində fəaliyyət göstərən Mərkəzi Hərbi-Həkim Komissiyasında, istərsə də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərən həkimlərin məsuliyyətləri çox böyükdür”.

M.İbrahimov vurğulayıb ki, burada vacib məsələ hərbçilərin və zabitlərin deyil, həkimlərin yekun qərara gəlməsidir.

“Tibbi şəhadətləndirmə həkimlərin funksional vəzifələridir, onlar məsuliyyəti dərk etməlidirlər. Digər məqama da diqqət çəkmək istəyirəm. Bəzi hallarda valideynlər, onların övladları xəstəliklər haqqında ümumiyyətlə, məlumatsız olurlar. Bəzən ilk dəfə bizim komissiyalarda onların hər hansısa xəstəliyinin olması üzə çıxır. Dolayısı ilə vətəndaşlar üçün “check-up” həyata keçirilir. Görün, dövlət nə qədər vəsait xərcləyir. Ona görə də vətəndaşlardan xahişimiz odur ki, vaxtında komissiyalardan keçsinlər”, – deyə Xidmət rəisi qeyd edib.

Back to top button