Nail Kurt: FNSS Azərbaycan ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Nail Kurt: FNSS Azərbaycan ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Öz sahəsində dünya liderləri arasında qəbul edilən Türkiyənin müdafiə sənayesi şirkəti FNSS ehtiyaca görə xüsusi, effektiv, etibarlı və innovativ tırtıllı və təkərli zirehli maşınlar dizayn və istehsal edir. Məhsullarına müxtəlif ölkələrdəki istifadəçilər tərəfindən üstünlük verilən FNSS şirkəti bu günə qədər minlərlə zirehli döyüş maşını istifadəçilərinə çatdırıb. FNSS tərəfindən yaradılmış geniş məhsul ailəsi: 15 tonluq tırtıllı zirehli maşınlardan orta ağır sinifli tanka qədər; 4×4-dən 8×8-ə qədər taktiki təkərli zirehli maşınlar; səyyar üzmə hücum körpüsündən zirehli istehkam maşınına, insanlı və insansız döyüş qüllələrinə qədər uzanır. FNSS şirkətinin baş direktoru Nail Kurt ilə müsahibəmizdə şirkətin prioritet layihələri, ixrac potensialı və inkişaf perspektivlərinə dair suallarımıza cavab almağa çalışdıq.

Poliqon: Nail bəy, müsahibəmizə FNSS haqqında ümumi məlumatlarla başlamaq istərdik. FNSS-i Azərbaycandan olan oxuculara necə tanıda bilərsiniz?

Nail Kurt: Xüsusilə altını cızmaq gərəkirsə, FNSS quru vasitələrində Türkiyə Silahlı Qüvvələrinə (TSK) ən çox çeşiddə və sayda “ön cəbhə xətti” sistem dizayn edən və istehsal edən müdafiə şirkəti olmaq imtiyazına sahibdir, deyə bilərəm. Bu istiqamətdə vətənimizi qoruyacaq və ordumuzu daim çəkindirici və müzəffər edəcək quru sistemlərini inventara vermiş olmanın qürurunu yaşayırıq.

TSK-nin inventarında olan 2000-dən çox tırtıllı zirehli döyüş maşınları, səyyar üzən hücum körpüsü (SAMUR), zirehli amfibiya mühəndis maşını, tırtıllı və 4×4 təkərli zirehli silah daşıyıcı maşınlar FNSS tərəfindən istehsal edilən və təhvil verilən maşınlardır. Bunun son nümunəsini Xüsusi Təyinatlı Qüvvələr Komandanlığımız üçün dizayn edib istehsal etdiyimiz PARS IV 6×6 və Quru Qoşunları ilə Jandarmamız üçün hazırladığımız PARS İZCI 8×8 və 6×6 layihələri ilə həyata keçirdik. Təhlükəsizlik qüvvələrimizin bu sinif maşınlardakı üstünlüyü yenə FNSS oldu.

FNSS eyni zamanda Türkiyənin quru döyüş platformalarında son 10 ildir ixracat lideridir. Bu günə qədər 7 ölkəyə nəqliyyat vasitələri, texnologiya transferi, daha çox ölkəyə də alt sistem, hissə və xidmətlər ixrac etmiş və məhsullarını dünyanın müxtəlif ölkələrinin inventarına verən bir dünya şirkəti olmağı bacardıq.

Poliqon: Nail bəy, şirkətinizin önəm verdiyi, prioritet layihələr və istiqamətlər hansılardır?

Nail Kurt: FNSS tərəfindən hazırlanmış və hazırlanmaqda olan sistemlər Türkiyə Silahlı Qüvvələrinin döyüş gücünün çox mühüm hissəsini təşkil edir. İnventarda ZMA, STA (təkərli və tırtıllı tank əleyhinə maşınlar), KORKUT/HİSAR (hava hücumundan müdafiə platforması), SYHK (səyyar üzmə körpüsü) və AZMİM (zirehli amfibiya tikinti texnikası) sistemləri ilə yanaşı, ZAHA (zirehli amfibiya hücum maşını), ÖMTTZA (kəşfiyyat məqsədli PARS 6×6 və 8×8) və Xüsusi Təyinatlı Qüvvələr (mina, ballistik və əldəqayırma partlayıcılara qarşı ən yüksək qoruma təmin edən PARS IV 6×6) maşınları üçün də Türkiyə Silahlı Qüvvələri (TSK) və Müdafiə Sənayesi Başqanlığı (SSB), FNSS məhsullarına üstünlük verdi. FNSS bu performansı ilə TSK-nin bir nömrəli seçimi olmağa davam edir.

Ölkə daxili davam edən layihələrimizdən danışsaq; Silah Daşıyıcı Maşın Layihəsi çərçivəsində bu günə qədər 240 ədəd avtomobilin tədarükünü uğurla həyata keçirdik. Nəqliyyat vasitələrimiz Türkiyə Silahlı Qüvvələri tərəfindən aktiv olaraq istifadə edilməyə başlandı. Layihənin birinci mərhələsində nümayiş etdirdiyimiz üstün uğur və müştəri məmnuniyyəti sayəsində əlavə avtomobillərin tədarükü ilə bağlı müqaviləmiz imzalandı və bununla da təhvil verəcəyimiz avtomobillərin sayını 344-ə çatdırıldı.

23-ü personal daşıyıcı, 2-si komanda-nəzarət maşını və 2-si xilasetmə maşını olmaqla cəmi 27 ədəd nəqliyyat vasitəsi təhvil verəcəyimiz ZAHA layihəsində Zirehli Amfibiya Hücum Maşını (ZAHA) layihəsində mühəndislik inkişaf etdirmə fəaliyyətlərimizi tamamlayaraq kalifikasiya mərhələsinə keçdik. Mina testimizi SSB və Hərbi Dəniz Qüvvələri Komandanlığının iştirakı ilə avqust ayında uğurla həyata keçirdik. 5 ədəd prototip avtomobilin istehsalını tamamladıq və seriyalı istehsal fəaliyyətlərimizi davam etdiririk. 2021-ci il ərzində kalifikasiya testlərinin tamamlanması və ilk məhsulu təhvil verməyi planlaşdırdığımız layihənin 2022-ci ildə tamamlanacağını gözləyirik.

Yeni nəsil nəqliyyat vasitələrinin ilk nümayəndəsi olaraq Xüsusi Təyinatlı Qüvvələrin sərəncamında olacaq PARS IV 6×6 xüsusi əməliyyat maşınlarımız indiyə qədər istehsal edilmiş ən yüksək qoruma səviyyəsinə malik təkərli nəqliyyat vasitələri kimi səciyyələnir. Maşınlarımız FNSS-in öz dizaynı və istehsalı olan SANCAK UKSS inteqrasiya edilmiş halda atış və qüllə sınaqlarını SSB və istifadəçinin iştirakı ilə uğurla tamamladı. Avqust ayında tamamlanan atış kalifikasiya testləri nəticəsində SANCAK UKSS beynəlxalq istifadəçilərdən sonra ölkə daxilində də özünü doğrultdu və ilk dəfə Silahlı Qüvvələrimizin inventarına daxil olmaq hüququ qazandı.

SSB ilə imzaladığımız Xüsusi Məqsədli Taktiki Təkərli Zirehli Maşın müqaviləsi ilə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcək ilk 6×6 və 8×8 zirehli maşın ailəsi olan PARS İZCİ istehsal fəaliyyətlərimiz də yüksək yerlilik dərəcəsi ilə layihə hədəflərinə uyğun olaraq davam edir. Avtomobilin alt sisteminin lokallaşdırılması üçün xüsusi səy göstərdik. FNSS öz qaynaqları ilə maliyyələşdirilən Ar-Ge layihələri ilə avtomobilin yerlilik nisbətini artıracaq məhsullar hazırladıq və hazırlanan alt sistemlər üçün yoxlama testlərimizi də həyata keçirdik. Alt sistemlərin hazırlanması işlərini KOBİ və subpodratçılarla effektiv əməkdaşlıq içərisində həyata keçiririk, bu kontekstdə PARS İZCİ-nin müdafiə sənayesi ekosistemi çərçivəsində əməkdaşlıqda nümunəvi bir layihə olduğunu söyləyə bilərik.

FNSS Malayziya, Oman, İndoneziya, Filippin və bir çox digər dost və müttəfiq ölkələrə əsas sistem nəqliyyat vasitələrinin ixracı, texnologiya transferi, təsis işlətməsi, logistika və texniki dəstək xidmətləri və modernizasiya kimi sahələrdə uğurlu layihələr hazırlamışdır. Türkiyə müdafiə sənayesində quru nəqliyyatı sahəsində ixracat çempionu olan FNSS Türkiyə müdafiə sənayesini xaricdə böyük uğurla, qürurla təmsil etmiş və bundan sonra da etməyə davam edəcək.

Davam edən ixrac layihələrimiz haqqında qısa məlumat vermək gərəkirsə; 2011-ci ildə imzaladığımız və hələ də quru sistemlərində inkişafı əhatə edən tək bir maddədə həyata keçirilən ən böyük ixrac layihəsi olan və 8×8 təkərli zirehli maşınların hazırlanması və istehsalını əhatə edən AV-8 Gempita layihəsi çərçivəsində tədarük ediləcək 12 fərqli konfiqurasiyada 257 avtomobildən 234 ədədini təhvil verdik.

İndoneziya orta ağır sinifli tankın seriyalı istehsalı layihəmiz çərçivəsində təhvil veriləcək ilk KAPLAN MT avtomobilimizin ilkin qəbulunu son istifadəçi və “PT Pindad”ın iştirakı ilə etdik. Proqram çərçivəsində təhvil veriləcək digər vasitələrin istehsalını davam etdiririk.

2020-ci ilin sonunda Filippinin Müdafiə Nazirliyi ilə iki fərqli layihə üçün müqavilə imzaladıq və hər iki layihə qüvvəyə mindi. Layihələrdən birincisi Filippin Ordusunun inventarında yer alan ZMA sinifli tırtıllı personal daşıyıcıları üçün 12,7 mm / 7,62 mm və 40 mm / 7,62 mm konfiqurasiyalarında SABER tək adamlı silah qülləsi istehsalı və maşınlara inteqrasiyasını əhatə edir. İkinci layihə isə zirehli istehkam maşını (AZMİM) istehsalı və çatdırılmasını əhatə edir. Bu layihə ilə daha əvvəl TSK-ya təhvil verdiyimiz AZMİM avtomobilimizin ilk ixracını həyata keçirmiş olacağıq. Hər iki layihədə fəaliyyətimizi davam etdiririk.

Poliqon: FNSS-in ənənəvi məhsulları ilə yanaşı xüsusi məhsulları da var. Məsələn, SAMUR səyyar üzmə hücum körpüsü (SYHK) onlardan biridir. SAMUR-un ixrac potensialı haqqında nə deyə bilərsiniz?

Nail Kurt: SAMUR maşını Türkiyə Silahlı Qüvvələrimizin mühüm layihələrindən biridir. Türkiyədə müqaviləli ilk orijinal dizayn maşınıdır. TSK-ya 52 ədəd maşın təhvil verdik. İstehkam qoşunlarımız tərəfindən geniş istifadə olunur. Niş məhsul olduğu üçün dünyada oxşar sistemlər istehsal edən şirkətlər çox azdır. Əslində, çox önəmli bir qabiliyyəti tək bir sistemdə həll edə bilərsiniz. Bu da istifadəçiyə böyük logistik avantaj təmin edir. SAMUR-un ixrac fəaliyyəti üzərində işləməyə davam edirik. Hazırda bir Afrika və Avropa ölkəsi ilə onların tələbləri ilə bağlı danışıqlar aparırıq. Digər ölkələrin də ehtiyaclarını izləyirik. Qarşıdakı dövrdə yaxşı xəbərlər ala bilərik.

Təkcə SAMUR deyil, digər bir istehkam maşını olan və SAMUR ilə birlikdə işləyən KUNDUZ amfibiya istehkam maşınıda bizim üçün başqa bir niş məhsuldur. Bu məhsul da Türkiyənin istehkam qoşunları tərəfindən istifadə edilir. KUNDUZ amfibiya istehkam maşının Filippinə ixracı həyata keçirilib və hazırda onun kütləvi istehsalı davam edir. Həm SAMUR, həm də KUNDUZ ixrac potensialı olan məhsullardır.

Poliqon: FNSS-in ixrac coğrafiyası və hədəfləri haqqında nələr söyləyə bilərsiniz?

Nail Kurt: FNSS Yaxın Şərq və Cənub-Şərqi Asiyanın bir çox ölkəsində illərdir biznes inkişaf etdirmə fəaliyyətlərini davam etdirir. Bu regiondakı ölkələr həmişə bizim prioritet bazarlarımız olub və bundan sonra da olacaq. Hazırda daxil olduğumuz bazarlarda əlavə proqramlar üçün intensiv işləməyə davam edirik. Bunlarla yanaşı, digər bölgələrdə də varlığımızı artırmaq üçün fəaliyyətlər həyata keçiririk. Artıq Cənubi Amerika, Afrika və digər Asiya ölkələrində bir çox layihələri izləyirik. Avropada isə az sayda da olsa, izlədiyimiz layihələr var. Bundan əlavə, Malayziya və İndoneziyada olduğu kimi, birgə dizayn edilmiş və istehsal olunan məhsullar çıxardaraq ortaqlarımız ilə birlikdə bəzi bazarlarda bərabər hərəkət etməyimiz vacib strategiya hesab olunur.

Sovet İttifaqının dağılması və türkdilli dövlətlər arasında strateji əməkdaşlığın qurulmasının ardından bu ölkələrin müdafiə sənayesində də Türkiyə ilə əməkdaşlıq inkişaf etməyə başladı. Azərbaycan ordusunun da istifadə etdiyi Türkiyə məhsulları artır. Xüsusilə 2-ci Qarabağ müharibəsində istifadə edilən pilotsuz uçuş aparatları və döyüş sursatları və istifadə edilən digər raket sistemləri bu əməkdaşlığın gözəl nümunələridir.

Poliqon: Yaxın Şərq və Uzaq Asiyada nüfuzlu bir yer qazanmış olan FNSS-in ümumilikdə region ölkələri və xüsusi ilə Azərbaycanla bağlı əməkdaşlıq yanaşmaları və hədəfləri nədən ibarətdir?

Nail Kurt: FNSS olaraq Azərbaycan və digər türkdilli dövlətlər ilə əməkdaşlıq imkanlarının inkişafına böyük əhəmiyyət veririk. Bu çərçivədə şirkətimizin və məhsullarımızın tanıtım fəaliyyətlərini davam etdiririk. Bu ölkələrin inventarlarındakı mövcud nəqliyyat vasitələrini yeniləmə proqramlarını izləyərək, tırtıllı və təkərli zirehli maşınlarımızı, silah sistemlərimizi və istehkam maşınlarımızı qardaş ölkələrə təqdim etmək istəyirik. Bu kontekstdə son istifadəçilər və müdafiə nazirlikləri ilə birbaşa danışıqlarımız davam edir. Region ölkələrindəki brend bilinirliyimizin daha yüksək səviyyəyə qaldırmaq üçün təşəbbüslərimiz də var.

Müdafiə sənayesi əməkdaşlığında öz ölkənizin məhsulunu istifadə etmək çox əhəmiyyətli bir referansdır. FNSS məhsullarının (ZMA, KAPLAN STA, PARS 4×4 STA, KORKUT, HİSAR, SAMUR, KUNDUZ, PARS 8×8 ÖMTTZA, PARS 6×6 Xüsusi Təyinatlı Qüvvələr) Türkiyə Ordusu tərəfindən seçilməsi və əməliyyatlarda yüksək müvəffəqiyyət nümayiş etdirməsi, qardaş türk dövlətlərinə də yaxşı mesaj yaradır.

Türkiyə Ordusunun seçdiyi məhsullar hər zaman dost və müttəfiq ölkələrin diqqətini çəkir. Bu nəqliyyat vasitələrinin təhlükəsizlik qüvvələrimiz tərəfindən sərhəd daxili və sərhəd xarici əməliyyatlarda aktiv istifadəsi, sahədən alınan rəylərlə avtomobillərimizin dizayn yetkinliyinə və etibarlılığına əhəmiyyətli dərəcədə töhfə verir. Bu çərçivədə yeni ixrac hədəflərimizi müəyyənləşdiririk və FNSS-in məhsul və xidmətlərini dost və müttəfiq orduların diqqətinə təqdim edirik.

Poliqon: Nail bəy, sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı?

Bizə özümüzü tanıtmaq fürsəti verdiyiniz üçün sizə dərin təşəkkürümüzü bildirir, qardaş Azərbaycan xalqına könül dolusu sevgi və sayğılarımızı göndəririk!

Vaxt ayırıb Poliqon jurnalının suallarını cavablandırdığına görə, cənab Nail Kurta təşəkkürümüzü bildiririk!

Mehmet Demirkol
Poliqon jurnalının Türkiyə bürosu

Poliqon jurnalı

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş